***
Beyrut valisi Marvah Abud AFP-yə verdiyi açıqlamada partlayışdan Beyrutun yarısının ziyan çəkdiyini və təxminən 300 min insanın evsiz qaldığını deyib. Baş nazir Hasan Diyab partlayışın hücum olub-olmadığını və bunun arxasında siyasi bir səbəb dayanıb-dayanmadığını şərh etməyib.
Rhode Island Universitetinin kimyaçısı Cimmi Oksley (Jimmie Oxley) Fransız xəbər agentliyi AFP-yə "Ammonium nitratın meydana gələn kiçik bir partlayışa reaksiya verdiyini təxmin edirəm",- deyərək normal saxlama şəraitində və normal temperaturda partlama təhlükəsinin olmadığını bildirib.
***
4 minə yaxın yaralının olduğu bildirilir
Çərşənbə axşamı gecə saatlarında paytaxt Beyrutu sarsıdan güclü anbar partlayışından sonra Livanda xilasetmə işçiləri sağ qalanları dağıntılar altından çıxarmağa çalışırlar.
“Reuters” xəbər verir ki, hadisə indiyədək 100 nəfərin ölümünə səbəb olub və 4000-ə yaxın yaralanan var. Rəsmilər rəqəmlərin artacağını ehtimal edirlər.
Yüksək partlayıcı maddənin depolandığı anbarda baş vermiş partlayış iqtisadi böhrandan və koronavirus infeksiyalarının artmasından əziyyət çəkən Beyrutda son illərin ən güclü partlayışıdır, – “Reuters” qeyd edib.
Prezident Mişel Aoun deyib ki, gübrə və bomba üçün istifadə edilən 2,750 ton ammonium nitrat altı ildir limanda təhlükəsizlik tədbirləri olmadan saxlanılıb. O, bunun “yolverilməz olduğunu” qeyd edib.
Çərşənbə günü təcili Nazirlər Kabinetinin iclası keçiriləcək.
Rəsmilər partlayışa nəyin səbəb olduğu ilə bağlı məlumat verməyiblər. Yerli media qeyd edir ki, hadisəyə anbarın bir tərəfində aparılan qaynaq işləri səbəb olub.
“Bu, müharibə zonası kimidir. Mən sözsüz qalmışam”,- Beyrutun meri Camal Itani çərşənbə günü “Reuters”ə deyib və əlavə edib ki, dəymiş ziyan milyardlarla dollardır.
“Bu, Beyrut və Livan üçün bir fəlakətdir”.
Livan Qırmızı Xaç Komitəsinin rəhbəri Corc (George) Kettani ən az 100 adamın öldüyünü qeyd edib.
“Hələ ərazini təmizləməkdəyik. Qurbanlar hələ də ola bilər”,- o deyib.
Ölkədə xəstəxanalar dolu olduğundan Qırmızı Xaş Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə meyitxanalar qurmağı planlayır.
“Reuters” qeyd edir ki, partlayış Kiprdə də eşidilib. Bəzi sakinlər zəlzələ baş verdiyini düşünüb.
Hadisə Livanın ağır bombalandığı və İsrailin hava hücumlarına məruz qaldığı 1975-1990-cı illərin vətəndaş müharibəsini və ondan sonrakı xatirələri canlandırır, -“Reuters” əlavə edib.