Beynəlxalq Valyuta Fondu proqnozunu yeniləyib

Natiq Cəfərli: ”Dünya praktikasında ilk dəfədir ki, IMF-in rəqəmləri hökumətin rəqəmlərindən daha yaxşıdır”

Source:
foto APA
foto APA


Natiq Cəfərli: ”Dünya praktikasında ilk dəfədir ki, IMF-in rəqəmləri hökumətin rəqəmlərindən daha yaxşıdır”


Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı üzrə bir sıra proqnozunu yeniləyib. Bu haqda Beynəlxalq Valyuta Fondunun (IMF) “Qafqaz və Mərkəzi Asiya” ilə bağlı açıqladığı növbəti proqnozda deyilir.

APA-nın xəbərinə görə, proqnozda deyilir ki, 2016-cı ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1 faiz artacaq. Halbuki, bundan əvvəlki proqnozda 2.4 faiz azalma proqnozlaşdırılırdı.

BVF-yə görə, 2017-ci ildə ÜDM-də 2.4 faizlik artım müşahidə olunacaq. Bundan əvvəlki proqnozda artım 1.4 faiz idi.

Fondun təxminlərinə görə, 2016-cı ildə inflyasiya 10.8 faiz olacaq. Fondun əvvəlki təxminləri 10.2 faiz idi.

Gələn il üçün inflyasiya proqnozu 8,7 faiz müəyyən edilib. Bundan əvvəlki inflyasiya proqnozu 8,5 faiz idi.

BVF-yə görə, Azərbaycanda tədiyyə balansı 2016-cı ildə 3,5, 2017-ci ildə isə 2 faiz azalacaq.

Bu barədə Meydan TV-yə şərh verən iqtisadçı Natiq Cəfərli IMF-nin Azərbaycanla bağlı son hesabatının ciddi məqamlardan xəbər verdiyi qənaətindədir: “Bəlkə də dünya tarixində ilk dəfədir ki, fondun açıqladığı rəqəmlərlə proqnoz verdiyi ölkələlərin rəsmi rəqəmləri arasında bu qədər uyğunsuzluq var. Hətta Azərbaycan hökuməti bu ilin ilk 9 ayında Ümumi Daxili Məhsulun 4 faizə qədər azaldığını rəsmən elan etdi. İlin sonuna qədər təqribən 3,8 faizlik azalma olacaq. Bu da son günlər neftin qiymətinin 50 dolları keçməsilə bağlıdır”.

Natiq Cəfərli IMF-nin 1 faiz artım proqnozlaşdırmasını tamamilə yersiz, mənasız və qurumun nüfuzuna xələl gətirəcək açıqlama hesab edir: “Çünki rəsmi rəqəmlərlə işləməyə üstünlük verən fondun birdən-birə rəsmi rəqəmlərdən bu qədər fərqlənən hesabat yayması kifayət qədər suallar doğurur. Ya hesabatı hazırlayanlar məsələyə kifayət qədər peşəkar yanaşmayıblar, ya da müəyyən texniki qüsurlara yol veriblər. Ona görə ki, bu qədər fərqin olması mümkün deyil. 2017-ci illə bağlı verilən 2,4 faiz iqtisadi artım proqnozu isə heç hökumətin proqnozu ilə üst-üstə düşmür. Hökumət ən yaxşı halda gələn il 1 faizə yaxın iqtisadi artım gözləyir. İnflyasiyayla bağlı rəqəmlərdə müəyyən dərəcədə problemlər var, amma bu rəqəmlər heç olmasa hökumətin proqnozlarına az da olsa uyğundur. Ancaq orada da kifayət qədər fərqli yanaşma özünü büruzə verir, bu ilin orta inflyasiya rəqəmini hökumət artıq açıqlayıb, 11 faizdir, ilin sonuna bir az artım ola bilər. Çünki son ayda yeni illə bağlı qiymətlərin kifayət qədər artması ehtimalı var. Gələn il üçün inflyasiya səviyyəsini təqribən 8,7 faiz səviyyəsində olacağını demək üçün ciddi əsas görmürəm. IMF bu rəqəmi nəyə əsasən səsləndirib?! Bu məntiqlə yanaşdıqda manat möhkəmlənməlidir ki, qiymətlərdə sabitlik yaransın. Amma manatın möhkəmlənməsi perspektivi yoxdur. Bax, IMF-nin bu barədə proqnozu mənim üçün də qaranlıqdır. Bir daha deyirəm, dünya praktikasında ilk dəfədir ki, IMF-in rəqəmləri hökumətin rəqəmlərindən daha yaxşıdır. Əslində, hökumətin rəqəmləri reallığa daha yaxındır”.

Natiq Cəfərli foto Meydan TV

İqtisadçı bildirib ki, Azərbaycanda alternativ hesabatlar üçün imkanlar yox dərəcəsindədir: “Ciddi sivil toplum qurumları sıradan çıxarılıb. Bu istiqamətdə fəaliyyət göstərən QHT-lər qalmayıb. Türkiyədə və başqa ölkələrdə iş adamları ilə işləyən alternativ qurumlar var. Azərbaycanda bunların heç biri yoxdur. Ona görə də IMF rəqəmləri rəsmi mənbələrdən götürür. Bununla belə, hesabatda bu qədər fərqin yaranması anlaşılmazdır”.

Natiq Cəfərli proqnozlaşdırır ki, ilin sonunda ÜDM təqribən 3,8 faiz azalacaq: “2017-ci ildə neftin qiyməti 50 dollardan yuxarı olsa, artım olmasa belə, ciddi azalma da gözlənilmir. Amma inflyasiyanın səviyyəsinin builki qədər olması çox yüksəkdir. Çünki tədiyyə balansına baxdıqda, xaricdən gətirilən məhsuilların həcminin getdikcə artdığı görünür. Bu, həm də onu göstərir ki, gömrükdə “ağ hesabatlıq”a keçid baş verib. Görünən odur ki, istehlaka yönəlik vəsait artır, deməli, qiymətlərin artımı da gələn il davamlı şəkildə gedəcək”.

Ana səhifəAnalitikaBeynəlxalq Valyuta Fondu proqnozunu yeniləyib