“Azərbaycanda onsuz da sıxışdırılmış müstəqil mediaya təzyiq dayandırılmalıdır”
Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini “AbzasMedia”nın direktoru Ülvi Həsənlini dərhal azad etməyə, mediaya qarşı təzyiqi dayandırmağa çağırıb.
“International Media Institute” (IPI) bu barədə yaydığı bəyanatda bildirir:
“Ülvi Həsənli saxlanıldıqdan az sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Bu zaman jurnalistlərin redaksiyaya daxil olmasına imkan verilməyib. Həsənli polis nəzarətində olarkən, döyülüb. Bütün bunlara cavabdeh dövlət qurumu Daxili İşlər Nazirliyi isə susur. Ülvi Həsənli dərhal azad edilməlidir. Həmçinin “AbzasMedia”nın ofisində aparılan axtarışlar barədə ictimaiyyətə şəffaf açıqlama verilməlidir”, – IPI-nin direktor müavini Skott Qriffen bildirib.
O əlavə edib ki, həbsdə olan Ülvi Həsənliyə fiziki təzyiqlə bağlı yazılanlardan narahatdır. Bu xəbərlər təsdiqini taparsa, cavabdehlər məsuliyyətə cəlb edilməlidir.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Azərbaycan hakimiyyətini Ülvi Həsənlini dərhal azad etməyə, sıxışdırılmış müstəqil medianın sərbəst işləməsinə şərait yaratmağa çağırıb.
“Azərbaycanda rəsmi korrupsiya faktlarını araşdırmağa cəsarət edən azsaylı yerli media var. “AbzasMedia” da onlardan biridir və bu səbəbdən ofisinə basqın edilib, direktoru həbs olunub. Bu, jurnalistikadan qisas almağa bənzəyir”, – CPJ təmsilçisi Cipsi Güllen Kayzerin sözləridir.
O həmçinin, bildirib ki, Azərbaycan hakimiyyəti Həsənlini dərhal azad etməli və “AbzasMedia”-ya qarşı təzyiqlərə son qoymalıdır.
“Amnesty International” təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Nataliya Nozadze isə Ülvi Həsənlinin saxlanılması ilə bağlı bunları deyib:
““AbzasMedia”-nın direktoru Ülvi Həsənli Azərbaycanda yüksək səviyyədə korrupsiya iddialarını ifşa edib və ictimai maraq doğuran vacib məsələləri işıqlandırıb”.
“Amnesty International” təşkilatı isə öz növbəsində Ülvi Həsənlinin saxlanılarkən döyülməsi, digər pis rəftara məruz qalması haqda məlumatlardan narahat olduğunu açıqlayıb.
“Ülvi Həsənlinin həbsi hakimiyyətin narazıları sıxışdırması, tənqidçiləri həbs etməsi çərçivəsində baş verib”.
Noyabrın 21-də “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da Azərbaycana dönərkən hava limanında saxlanılıb, evində axtarış aparılıb. Hazırda dindirilməsi davam edir.
“AbzasMedia” daha çox araşdırma materialları ilə tanınır. Media qurumu Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.
Ülvi Həsənlinin saxlanmasından sonra “AbzasMedia” “Facebook”-da yaydığı bəyanatda da bildirir ki, bu həbs Prezident İlham Əliyev və onun təyin etdiyi məmurların korrupsiya cinayətlərinə dair araşdırmaları ilə bağlıdır.
Ülvi Həsənli ittiham olunduğu 206.3.2 maddəsi ilə təqsirli bilinsə, 8 ilədək azadlıqdan məhrum oluna bilər.