“Sərhəd pozucularının şəxsiyyəti müəyyən edilir”
Dövlət Sərhəd Xidməti Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığında 3 nəfər sərhəd pozucusunun öldürüldüyünü bildirib.
Hadisə
oktyabrın 2-i
gecə saat 00:13-də baş verib.
Məlumata görə, sərhəd pozulması qeydə alındıqdan sonra sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.
“Sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib. 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran İslam Respublikası istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib. Sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat ediblər”.
Məlumatda deyilir ki, zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.
Dövlət Sərhəd Xidməti bildirib ki, hazırda sərhəd pozucularının şəxsiyyətinin müəyyən edilməsi işləri aparılır.