“Beyin inqilabı”: SAM-dan istefalar başlayır

Son 4 ay ərzində Birləşmiş Ştatlardan olan bir neçə beyin mərkəzi, eyni zamanda lobbi təşkilatları rəsmi Bakı ilə əməkdaşlığı dayandırıb

Source:


Son 4 ay ərzində Birləşmiş Ştatlardan olan bir neçə beyin mərkəzi, eyni zamanda lobbi təşkilatları rəsmi Bakı ilə əməkdaşlığı dayandırıb

Azərbaycan hakimiyyətinin daxilində fakitik olaraq “beyin inqilabı” başlayıb. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutuna Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, proses, ilk növbədə, SAM-da hiss olunur. Məlumata görə, son 6 ay ərzində adıçəkilən mərkəzin aparıcı heyətində təmsil olunan xeyli sayda əməkdaş (ən azı 7 aparıcı şəxs) vəzifələrindən bu və digər səbəblərdən istefa verərək, müxtəlif xarici ölkələrdə məskunlaşıblar.

“Onlar müxtəlif səbəbləri, bəziləri təhsili, bəziləri araşdırmaları, bəziləri isə yeni iş yerlərini əsas gətirərək mərkəzdən kənarlaşıblar. Amma sözsüz ki, əsas səbəb bu hakimiyyətlə işləmək arzusunun olmamasıdır. Son bir ildə isə SAM-da iş mühiti demək olar ki, donub, əməkdaşlar işə könülsüz gəlib-gedirlər və son yarım ildə mərkəzin hər hansı ciddi araşdırması, təhlili, “beyin məhsulu”ortada yoxdur. Faktik olaraq, bu, hakimiyyətdaxili beyin inqilabının baş verməsinə bərabər hesab edilir. Çünki Strateji Araşdırmalar Mərkəzi — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur”, – deyə mənbə bildirib.

Xatırladaq ki, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı fərmanla yaradılıb. Qurumun missiyası Azərbaycanda və regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.

Məlumatı ötürən mənbə bildirib ki, bir müddət əvvəl SAM-ın direktoru Fərhad Məmmədov və onun müavini Gülşən Paşayeva Prezident Adminstrasiyasina çağırılıblar və onlara fəaliyyətlərindəki çatışmazlıqlarla bağlı ciddi xəbərdarlıq olunub və onlar rəhbərlik etdikləri qurumdakı proseslərin qaydaya salınması tapşırığını alıblar.

Mənbənin məlumatına görə, problem bununla bitmir. Son illərdə Azərbaycanda bütün dövlət idarələrinin nəzdində yaradılan “strateji beyin” mərkəzlərinin demək olar ki, hamısı fəaliyyətini dayandırıb, səbəb hakimiyyət daxilində ciddi analitik qabiliyyəti, strateji baxışları olan şəxslərin çatışmazlığıdır. Əsas səbəblərdən biri də hakimiyyətin bu istiqamətdə ayrılan maliyyəni kəsmək qərarı verməsidir.


NÖVBƏTİ PROBLEM

Başqa bir problem də ortaya çıxıb. Bu, hakimiyyətin indiyədək şübhəli məqsədlər naminə maliyyələşdirdiyi ABŞ və Avropa ölkələrindən olan lobbi təşkilatlarının, ayrı-ayrı şəxslərin İlham Əliyev hakimiyyəti ilə əməkdaşlığı faktiki olaraq dayandırmasıdır. Son 4 ay ərzində Birləşmiş Ştatlardan olan bir neçə beyin mərkəzi, eyni zamanda lobbi təşkilatları rəsmi Bakı ilə əməkdaşlığı dayandırıb. Hətta dünyaca nüfuzlu “Stratfor” təşkilatının rəsmi Bakı ilə əməkdaşlığında problemlər yarandığı bildirilir. Vaxtilə bu təşkilat Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin “zəruriliyi” barədə xüsusi bəyanatlar açıqlayırdı. İndi necə oldu ki, “Stratfor” əməkdaşlığı dayandırmağa çalışır? Mənbənin məlumatına görə, iki əsas səbəb var: Birincisi, Qərbdən Azərbaycanın mövcud hakimiyyətinə qarşı demoktatiya çağırışlarının artması, ikincisi, rəsmi Bakının maliyyə problemləri ilə üz-üzə qalması.


NECƏ OLACAQ?

Strateji araşdırmalarla məşğul olan strukturların tam olaraq sıradan çıxması və eyni zamanda Qərbdəki lobbi təşkilatları ilə əməkdaşlığın dayanması nəticəsində Azərbaycan hakimiyyətinin Qərbdən özünə qarşı olan “təzyiqləri” qarşılayacaq preventiv siyasəti demək olar ki, iflic olub. Məlumata görə, əgər 1-2 il öncəyə qədər rəsmi Bakı Qərb dairələrində Azərbaycan hakimiyyəti ilə bağlı qəbul ediləcək hər hansı qərar, qətnamə, bəyanat barəsində bir neçə gün öncə xəbərdar olurdusa və nəticədə bunu neytrallaşdırmaq məqsədilə xüsusi plan hazırlayırdısa, hazırda, bu istiqamətdə çox ciddi problemləri ortaya çıxıb.

“Faktiki olaraq rəsmi Bakı Avropa və Amerikada rəsmi səviyyədə Azərbaycan hakimiyyəti ilə bağlı müzakirəyə çıxarılan məsələlərdən və görüşlərin mövzusundan xəbərdar deyil. Misal üçün, Birləşmiş Ştatlarda müzakirəyə çıxarılmış “Azərbaycanda demokratiya Akt”ı ilə bağlı başlanan proseslər barəsində əvvəlcədən hər hansı məlumat əldə edə bilmədiyinə, rəsmi Bakını bir sıra istiqamətlər barədə məlumatlandırmadığına görə, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov Azərbaycan prezidenti İlham Əliyevin qəzəbinə tuş gəlib. Dekabrın 18-də Prezident Adminstrasiyasından ona zəng edilib və onu faktiki olaraq hədələyiblər.

Beləliklə, müşahidə olunan vəziyyət ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti faktiki olaraq ciddi problemlə üz-üzədir. Bu problemin isə çox yaxın zamanlarda onun üçün istər daxili, istərsə də beynəlxalq kommunikasiya sahəsində ciddi böhran yaradacağı şübhəsizdir.

Ana səhifəXəbərlər“Beyin inqilabı”: SAM-dan istefalar başlayır