“Mənim azyaşlı pişiklərim var. Məsələn, himayəmdə 6 pişiyim var. Üçü südəmərdir…”.
Yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı şikayətə baxılıb. Hakim Habil Məmmədovun sədrliyilə qapalı keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev özü də iştirak edib.
Apelyasiya şikayəti Xətai rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından verilib. Bəxtiyar Hacıyevin vəkilləri onun ev dustaqlığına buraxılması üçün bu məhkəməyə vəsatət vermiş, lakin hakim Sülhanə Hacıyeva vəsatəti təmin etməmişdi.
İctimai fəal apelyasiya məhkəməsindəki çıxışında bildirib ki, o, dekabrın 15-dən başladığı aclığı ayın 28-də dayandırmaqla ona qarşı qərəzin dayandırılması üçün qarşı tərəfə imkan yaradıb. Onun sözlərinə görə, o vaxtdan ötən müddət göstərdi ki, qarşı tərəf qərəzindən əl çəkmək niyyətində deyil: “Ona görə bu məhkəmə də şikayətimizi təmin etməsə, yenidən aclığa başlayacağam. Çünki mənə qarşı qərəz davam edir. Bu dəfə aclığı sona qədər davam etdirəcəm”.
Bəxtiyar Hacıyev bildirib ki, ona qarşı irəli sürülmüş məhkəməyə hörmətsizlik, xuliqanlıq ittihamları absurddur. Onun sözlərinə görə, əsl məhkəməyə hörmətsizlik onun barəsində çıxarılan qərarlarıdır.
İctimai fəal barəsindəki yüngülləşdirici hallardan da danışıb:
“Mənim azyaşlı pişiklərim var. Məsələn, himayəmdə 6 pişiyim var. Üçü südəmərdir…”
İctimai fəal deyir ki, bu haqda danışdıqları gülməli görünməməlidir. Çünki onun həbsi üçün məhz pişik məsələsindən istifadə olunub. O vurğulayıb ki, daxili işlər naziri Vilayət Eyvazovun göstərişiylə, onun fəaliyyətini tənqid etdiyinə görə həbs olunub. Səbəb həm də Azərbaycanda polis idarələrində insanlara işgəncə verənlərin beynəlxalq aləmdə sanksiyalara məruz qalmasında onun roludur.
Məhkəmədə iştirak edən müstəntiq Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına etiraz edib və apelyasiya şikayətinin təmin olunmamasını istəyib.
Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.
Bundan sonra Bəxtiyar Hacıyev yenidən aclığa başladığını, bu dəfə sona qədər davam edəcəyini bildirib.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.