”Guya polis maşınının qapısını əzmişəm, polisin qolunu cırmışam”
İctimai fəal Bəxtiyar Hacıyev təxribata məruz qaldığını deyir. Avqustun 7-dən 8-nə gecə yaşadığı evin qarşısında polis təxribatı ilə üzləşdiyini deyən ictimai fəal baş verənləri öz “Facebook” səhifəsində canlı yayımladıqdan sonra Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparılıb və izahatı alındıqdan sonra evə buraxılıb.
Baş verənlər barədə Meydan TV-yə danışan Bəxtiyar Hacıyev deyir ki, hazırda 27-ci bölməsindən zəng gözləyir. Ona gecə saxlanılan zaman bildirilib ki, bir neçə saatlıq istirahət edə bilər, səhər saat 9-da yenidən çağırılacaq:
“Artıq 2 saat ötüb, hələ zəng gəlməyib. Yəqin ki, bir azdan özüm polis bölməsinə gedəcəm. Mən bölmədə olarkən ərizə yazıb bildirdim ki, polisin mənzilimə daxil olmasına imkan verməmişəm. Əgər məni avtomobilin içində, yolda saxlasaydılar, onları başa düşərdim. Mən maşını park edib xeyli uzaqlaşandan sonra, piyada bloka tərəf gedərkən polis əməkdaşları yaxınlaşıb deyiblər ki, olmaz, qayıt sənədləri təqdim et. Hətta spirit içki qəbul etmıkdə şübhələndiklərini dedilər, amma içmədiyimi bildirdim. Yenə də heç bir problem olmadığını söyləsəm də, mübahisə mənzərəsi yaratdılar, əvvəl şərlədilər ki, onların maşınının qapısını sındırımışam, Belə olanda polisin maşını canlı yayım edib göstərdim ki, baxın, heç bir xəsarət yoxdur.
Bölmənin həyətində isə Yol Patrul Xidmərinə məxsus “99-YP-281” nömrə nişanlı maşında olan Adil adlı polis bir kənara çəkildi, bir az sonra qolunu tutaraq “Ay Allah, ağrıdan öldüm, dərman gətirin mənə”, “maşının qapısını əzib”-deyərək, qışqırmağa başladı. Guya mən onun qolunu cırmışam. Məni bir neçə dəfə təxribata çəkmək istədi, “yaşadığın evi tanıyıram, gör sənə nə edəcəm”,- deyib hədələdi. Çalışırdı ki, ona cavab qaytarım. Mən isə tam sakit şəkildə “nə istəyirsiniz deyin, nə istəyirsiniz yazın, mən onsuz da sizin belə şüvənliyinizdən qorxub geri çəkilməyəcəm, əvvəl-axır telefonum mənə qayıdacaq, mən sizin hərəkətlərinizdən şikayət edəcəm, onsuz da sübut kimi video var, yayılıb, qapınıza heç nə olmayıb”,- dedim.
Mən ərizəmdə hər şey əhatəli qeyd etmişəm. Yəqin ki, ekspertiza olacaq. Hazırda güman ki, bölmənin rəhbərliyində hansı addımların atılacağı istiqamətində müzakirələr gedir”.
İyulun ortalarında da
Bəxtiyar Hacıyev
təxribata məruz qaldığını demişdi. Fəalın sözlərinə görə, təxribatla Gəncə hadisələri ilə bağlı paylaşımlarından sonra üzləşib:
“ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən xanımlar, kriminal keçmişi olan insanlar, dindarlar, gəncəlilər, sumqayıtlılar və polislər təhqir dolu mesajlar alırlar. Mesajın sonuna isə mənim nömrəm və adım yazılır. Sanki o mesajları yazan mənəm”. Bundan sonra ictimai fəal hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdi.