Bəxtiyar Hacıyev saxlanılıb (yenilənib)


***


20.54.Məhkəmə Bəxtiyar Hacıyevin işi üzrə müdafiə tərəfinin vəsatətini təmin etdi və kamera görüntülərinin tələb edilməsi barədə qərar qəbul olundu.


Proses avqustun 16-na qədər təxirə salındı.


Bu barədə vəkil Cavad Cavadov “facebook” səhifəsində yazıb.


***


17.58. Bəxtiyar Hacıyev öz “facebook” səhifəsində yazıb: “İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Yasamal Rayon Məhkəməsinə aparılıram. Söyüş söyən, yumruq atan YPX əməkdaşları, məhkəməyə aparılan mən… Ərazidəki və polis bölməsindəki kamera görüntülərinə baxsınlar, üzərində dövlət attributları olan, özünü aparmağı bacarmayan xuliqanların kim olduqlarını görəcəklər. Düşünürəm ki, ölkəyə qayıtdıqdan sonra 4 gündə 4 dəfə YPX ilə insident yaşamağım təsadüfi deyil. Evdən işə gedirəm, işdən evə… Ya DYP ilə yazdığım tənqidi yazılara görədir, ya da başqa səbəb var”.


***


17.40. Bəxtiyar Hacıyev Meydan TV-yə məlumat verib ki, o xırda xuliqanlıqda ittiham olunur və Yasamal rayon Məhkəməsinə aparılması üçün işlər görülür. B.Hacıyev bildirib ki, əksinə ona qarşı xuliqanlıq hərəkətlərinə yol verilib.  “Mən tələb etdim ki, müşahidə kameralarının görüntüləri alınsın, orada hər şey əks olunub”.   Gənc  deyib ki, yol polisinin iki əməkdaşı ondan polisə şikayət edib.


***



16.45. Bəxtiyar Hacıyevin işi 27-ci poli s bölməsindən məhkəməyə göndərilir. Məlumatı Meydan TV-nin hadisə yerində olan əməkdaşına Bəxtiyar Hacıyevin özü verib. O, deyib ki, hazırda sənədlərin hazırlanmasını gözləyir. Sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.

***


O, zorla polis bölməsinə aparıldığını bildirib

Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyevi Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları saxlayıb. Bu barədə B.Hacıyev yaxın dostlarına telefonla məlumat verib.  O, hazırda Yasamal rayonu 27-ci polis bölməsində olduğunu bildirib. Qeyd edib ki, onu zorla polis bölməsinə aparıblar.

“Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”- Bəxtiyar Hacıyev Facebook səhifəsində yazıb.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib.

Yasamal rayonu 27-ci polis bölməsinin növbətçi hissəsindən Meydan TV-yə bildiriblər ki, Bəxtiyar Hacıyev adlı şəxs bu bölməyə gətirilməyib.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib.

B.Hacıyev  4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Ana səhifəVideoBəxtiyar Hacıyev saxlanılıb (yenilənib)