”Trampa səs verənlərin əhəmiyyətli bir çoxluğu verdikləri səsi ”etiraz səsi” adlandırmışdılar”
Amerikada prezident seçkiləri bitdi və bir çoxunun proqnozlarının əksinə olaraq respublikaçı Donalt Tramp prezident seçildi. Yeni prezidentin özü və tərəfdarları haqda ən sərt ifadələri səsləndirən, onun rəqibi demokrat Hillari Klintonu dəstəkləyən Harvard məzunu Bəxtiyar Hacıyev Meydan TV-nin suallarına cavab verir.
– Bəxtiyar bəy, 9 noyabr Amerika prezident seçkilərinin nəticələri sizin üçün gözlənilməz sayıla bilərmi?
– 2008-ci ildə ABŞ-da keçirilən prezident seçkilərini başdan sona qədər ABŞ-da izlədim və o zaman artıq mənə aydın idi ki, ABŞ-da seçkilərdə son ana qədər nə baş verəcəyini proqnozlaşdırmaq çətindir, bəzən gözlənilməz nəticələr olur. 2008-ci ildə bu gözlənilməz nəticə əvvəlcə heç kim tərəfindən tanınmayan, gənc və qaradərili bir senatorun sonradan ABŞ-da və dünyada sevilən, müsbət reputasiya qazandığı və sevincli bir sürpriz idisə, 2016-cı ildəki gözlənilməz nəticə heç bir siyasi təcrübəsi olmayan, irqçi, dini və etnik azlıqları, qadınları təhqir edən, ABŞ-ın yarısının və dünyanın əksəriyyətinin nifrətini qazanmış birinin seçilməsi oldu. Donald Trampın ABŞ prezidenti seçilməsindən bir gün keçmiş artıq ölkədə irqçi qruplar fəallaşıb, immiqrantlar və müsəlmanlara qarşı hücumlara başlayıblar. Eyni zamanda, ABŞ-ın bir çox böyük şəhərində Trampa qarşı “Bizim prezident deyilsən” şüarı ilə böyük etiraz aksiyaları başlayıb. Tramp öz bölücü, parçalayıcı və məsuliyyətsiz çıxışları ilə ABŞ-ı və dünyanı təhlükəli bir istiqamətə aparmağa başlayıb artıq.
– Necə oldu ki, amerika xalqı özünüzün də savadsız, dünyagörüşsüz adlandırdığınız namizədi seçdi?
– Bu seçimdə bir neçə faktor rol oynadı.
– Məsələn, hansı faktorlar?
– Birincisi, ABŞ seçicilərinin bir qismi ənənəvi siyasi elitaya qarşı qəzəbli və narazı idi. Onların böyük bir qismi öz etirazlarını bildirmək üçün Trampa səs veriblər.
İkincisi, ABŞ-da irqçiliyə meyilli, təhsilsiz, işsiz və dünyagörüşü olmayan böyük bir kütlə var. Bu kütləni populist çıxışlarla istənilən məsələyə inandırmaq olar və Tramp onların ürəyində yığılmış nifrət, qəzəb və kini, onların qulaqlarına xoş gələn fikirləri səsləndirdi və dəstəyini qazandı. Düşünürəm ki, demokratların səhvlərindən biri Obamanın prezidentliyi dövründə bu qrupları cəmiyyətə inteqrasiya edə bilməmələri, ABŞ-ın əvvəlki administrasiyalarının səhvi isə bu qədər təhsilsiz nəslin yetişməsinə mane olmaması olub. ABŞ dünyanın ən böyük, ən nüfuzlu ali məktəblərinin, elmi araşdırma mərkəzlərinin, beyin mərkəzlərinin ev sahibi olsa da, təhsil haqlarının kifayət qədər yuxarı olması, işsizlik, dövlətin vətəndaşların bir qrupuna verdiyi müxtəlif sosial müavinətlər və digər səbəblərdən bir çox amerikalı normal təhsil almaqdan məhrum olub. Onların bu durumu demokratiya üçün təhlükədir.
Üçüncüsü, 30 illik ictimai-siyasi karyerası dövründə demokrat namizəd Hillari Klinton öz islahatları, qanunvericilik təşəbbüsləri ilə bir çox maraq qrupunda müqavimət qazanmış, bir çox qrupun maraqlarını tapdaladığına görə onlar tərəfindən hücumlara məruz qalmışdı. Klintonun seçkidənöncəki reputasiyası çox da yaxşı deyildi. Onu sevib, dəstəkləyənlər qədər ona nifrət edənlər də vardı.
Dördüncüsü, ABŞ-da siyasi proseslərə müdaxilə etməli olmayan qurumlar və şəxslərin də bəziləri seçkiyə çox az müddət qalmış Klintona qarşı zərbələr vurmağa başladılar. Bunlar arasında ən yadda qalanı seçkiyə 10 gündən az qalmış Federal Təhqiqatlar Bürosunun rəhbərinin Klintonun elektron yazışmalara görə təhqiqat aparıldığını bildirməsi oldu.
Səbəblərin siyahısını kifayət qədər uzatmaq olar. Ancaq fakt odur ki, ABŞ seçiciləri artıq seçimlərini ediblər və ABŞ kimi dünyanın supergüc dövlətinin idarəçiliyini savadsız, məsuliyyətsiz, irqçi, qadınlara, əlillərə, etnik və dini azlıqlara qarşı ən təhqiramiz ifadələr işlətmiş, bunlara görə üzr istəməmiş bir şəxsə təhvil verdilər. Bu isə, düşünürəm ki, ABŞ tarixində qara bir səhifə kimi qalacaq.
– Xüsusilə Federal Təhqiqatlar Bürosunun rəhbərinin Klintonun elektron yazışmalara görə təhqiqatı barədə nə deyə bilərsiniz, əsaslıydımı deyilənlər?
– Bununla bağlı Federal Təhqiqatlar Bürosunun bir araşdırması olmuşdu, nəticəsi də ictimaiyyətə açıqlanmışdı ki, Klintonun dövlət katibi kimi şəxsi serveri üzərindən yazışmalarda cinayət məsuliyyətinə cəlb ediləcək hər hansı bir addım aşkarlanmayıb. Seçkiyə az müddət qalmış yenidən qeyri-müəyyən bir məlumatı ortaya atmaq FTB rəhbərinin seçkinin nəticələrinə təsir etməsi idi. Bu, Klintonun son debatdan sonra Tramp üzərində qazandığı böyük üstünlüyü azaltdı, Tramp özünün qadınlarla bağlı səsləndirdiyi fikirlərin olduğu videonu yayımlanmasına görə hədəf ikən, hədəf dəyişdi və Klintonun üzərinə yönəldi. Seçkiyə bir neçə gün qalmış isə FTB rəhbəri yeni məlumatların əvvəlki təhqiqatın nəticəni dəyişmədiyini açıqladı. Belə olanda sual yaranır, bəs yeni emaillər əhəmiyyətli deyildisə, seçkiyə bu qədər az qalmış açıqlanmasına nə zərurət vardı?
– Doğrudan da, nə zərurət vardı və məqsəd nə idi?
– Bu sualın ən doğru cavabını FTB rəhbəri Comey bilər. Çünki fakt ondan ibarətdir ki, seçkiyə 11 gün qalmış əvvəllər bitmiş bir təhqiqatın yenidən başlamasını elan edib, seçkiyə bir neçə gün qalmış ortada yeni bir dəyişikliyin olmamasını açıqlaması, seçkiyə birbaşa müdaxilədir. Nəzərə alsaq ki, ABŞ qanunları federal dövlət rəsmilərinin siyasi proseslərə təsir etməsinin qarşısını alır, FTB rəhbərinin bu addımı birbaşa ABŞ qanunlarına zidd idi. Bir zamanlar respublikaçı olmuş FTB rəhbərinin respublikaçı namizəd Trampın Rusiya ilə əlaqələrinin araşdırılması barədə susub, Klintonun elektron yazışmaları haqda seçkiyə 11 gün qalmış danışması onun seçkiyə müdaxilə etdiyi barədə şübələri artırır. FTB bu mövzuda ittihamlara cavab vermədiyinə görə, hələ ki, ağıllı və əsaslı bir cavab tapa bilməmişəm ki, bu məlumatı açıqlamağa nə zərurət vardı?
– Ümumiyyətlə, siz Ərdoğana səs verənlər haqda da oxşar fikirlər işlədirsiniz. Nə üçün demokratik yolla səs verənlərə bu cür yanaşırsınız?
– Türkiyə ilə ABŞ-dakı seçkiləri bir az ayırmaq lazımdır. ABŞ-da seçkilərin şəffaf, ədalətli keçirilməsinə, nəticələrin saxtalaşdırılmadığına heç kim şübhə ilə yanaşmır. Seçki müddətində mətbuat, elektron KİV-lər, sosial şəbəkələr, siyasi qurumlar azad və maneəsiz kampaniya aparıb, nəticə əldə ediblər. Demokratik seçkilərin təhlükəsi barədə isə fikrimdə qalıram. Düşünürəm ki, təhsilsiz cəmiyyətlərdə demokratik seçkilərin nəticələri hər zaman cəmiyyət üçün ən yaxşı olmayan nəticə ola bilər. Savadsız, təhsilsiz kütləni qeyri-real vədlərlə inandırmaq çox asandır və realist, praqmatik seçki platforması ilə seçkidə iştirak edən namizəd bəzən qeyri-real, populist vədlər verən təcrübəsiz, avtoritar, məsuliyyətsiz və cəmiyyət üçün təhlükəli namizədə uduza bilər.
– Dediklərinizdən belə sual yaranır; demokratiya xalqın seçimi, yoxsa Harvard məzununun istədiyinin seçilməsidir?
– Əlbəttə, xalqın seçimidir. Burada söhbət kimin istədiyinin seçilməsindən getmir. Əgər Klinton Berni Sandersə, Jeb Buşa, Marko Rubioya, Ted Kruza, başqa bir şəxsə uduzsa, hamı bunu normal qarşılayardı. Ancaq dediyim kimi, xalqın seçimi məsuliyyətli olmalıdır və bəzən savadsız 50%+1 kütlənin səsinə görə yerdə qalan azlıq əziyyət çəkməməlidir. ABŞ-ın son seçkisi bu kütlənin səslərinin çoxluğu ilə azlıqda qalanların əziyyət çəkməsinə səbəb oldu. Məhz buna görə də biz bütün dünyanın və ABŞ-ın bir çox vətəndaşının şokda, qəzəbli, məyus olmasını görür, hələ andiçmə mərasimi keçirilməmiş prezidentə qarşı aksiyalar keçirilməsinin, “mənim prezidentim deyilsən” şüarlarının səsləndirilməsinin şahidi oluruq. Çoxluğun seçimi hər zaman doğru olmaya bilər. Bu gün Azərbaycanda Üzeyir Mehdizadənin mahnıları Üzeyir Hacıbəyovun bəstələrindən daha çox dinlənilir. Azərbaycanda da biz bənzər prosesi və onun müxtəlif sahələrdə nəticələrini müşahidə edirik. İllər keçdikcə, təhsilsiz, dünyagörüşsüz, zövqsüz insanların sayı artır və sabah demokratik seçkilər keçirilsə, Azərbaycan üçün proqressiv dəyişikliklər edəcək namizədin yox, Əhəd Abıyev, Hafiz Hacıyev, Üzeyir Mehdizadə kimi şəxslərin önə çıxa biləcəyini düşünməliyik. Bunun qarşısının alınmasının və demokratiyanın normal işləməsinin yolu isə təhsilli cəmiyyət qurmaqdan keçir.
– Seçki prosesi bir sıra suallar doğurur; xanım Klintonun seçki büdcəsi 516 milyon dollar, Trampın 205,8 milyon dollar olub. Klintonun seçki kampaniyasına Buffet, Soros kimi maliyyə oliqarxları, Səudiyyə Ərəbistanı, Qatar kimi zəngin ölkələr pul ayırıb. Amma Donald Trampın kampaniyasında əsas maliyyə mənbələri şəxsi vəsaitlər və sıravi vətəndaşların ianələri olub. Bu vəziyyətdə Klinton niyə uduzdu? Kampaniya dövrü hansı səhvlər etdi ki, onun məğlubiyyətinə təsir etdi?
– ABŞ-da seçkilərdə maliyyə çox vacib faktorlardan olsa da, həlledici rol oynamır. Klintonun qərargahına edilən ianələr hesabına seçkidəki faiz fərqləri bir-birinə yaxın oldu. Ancaq Donald Tramp az vəsaitlə, qalmaqallı, ziddiyətli çıxışları ilə pulsuz olaraq ABŞ mediasında uzun müddət ön səhifələrdə, baş xəbərlərdə oldu. Bu isə ona bir neçə yüz milyonluq media dəstəyi, reklamından daha çox kömək etdi.
Klinton qərargahının öz səhvləri üzərində düşünməyə vaxtları çox olacaq. Ancaq düşünürəm ki, Klinton Uoll stritlə əlaqələri, dövlət katibi vəzifəsində çalışdığı müddətdə elektron yazışmalar barədə mənfi məlumatları vaxtında cavablandırıb, ona qarşı hücum ediləcək məsələləri vaxtında ortadan qaldırmalı idi. Eyni zamanda, özünü siyasi elitadan məsafəli saxlamalı, Berni Sanders tərəfdarlarını özünə cəlb etməyi bacarmalı idi. Bundan başqa, Klintonda çatışmayan tərəflərdən biri özünə qarşı yönəlmiş siyasi hücumları qəzəb faktorundan istifadə edərək öz lehinə çevirməyi bacarmamağı oldu. Bir çox siyasətçilər kənarda düşmən obrazı yaradaraq, öz səhvlərinə görə onlara yönəlmiş tənqid və iradları, hücumları həmin o düşmən obrazın üzərinə ataraq, düşmənə qəzəb və kin yaradır, öz tərəfdarlarının sayını artırır və ətrafında daha da sıx birləşdirir. Bunu etmək isə çətin seçimdir. Bəziləri bunu özünə rəva bilir və kütlənin hisslərini idarə edir, bəziləri isə belə davranışı özünə rəva bilmir və ağıla, rasionallığa üstünlük verir.
– Bəxtiyar bəy, bəlkə Amerika cəmiyyəti qadın prezidentə hazır deyil, hər halda bu amili də qeyd edənlər var, bölüşürsünüzmü?
– Bu amili bölüşmürəm. Klintona səs verənlər arasında ona məhz qadın olduğu üçün səs vermək istəyənlər çox kiçik bir azlıq təşkil etdiyi kimi, ona qarşı olanların da çox kiçik, əhəmiyyətsiz bir hissəsi məhz qadın olduğuna görə onu hədəfə alıblar. ABŞ-da tarixi bir hadisənin baş verməsi bu qədər yaxın olsa da, seçki kampaniyası zamanı qadın faktorundan demək olar ki, Klintonun lehinə istifadə edilmədi. Qadın faktoru yalnız Trampın qadınları təhqir etməsi, onlara əyləncə obyekti kimi baxması, iradələrinə zidd olaraq onlara qarşı zorakılıq hərəkətlərinin edilməsi fonunda istifadə edildi.
– Maraqlı başqa bir məqam; “CNN”, “New York Times” Donald Trampın əleyhinə media etikasına zidd təbliğatlar da apardı, sadaladıqlarım Klintonun əleyhinə işləyə bilərmi?
– ABŞ-da seçkilərdə KİV-lərin hansısa namizədi dəstəkləməsi, digər namizədə qarşı açıq mövqe ortaya qoyması normal haldır. Burada media etikasına zidd bir şey görmürəm. KİV olaraq ölkənin növbəti prezidentinin kim olması həm fərd olaraq jurnalistlərə, həm də qurum olaraq KİV-lərə təsir edəcəyinə görə, onlar da bu və ya digər namizədi dəstəkləyə bilərlər. Bunların Trampın qələbəsinə töhfəsi olduğunu düşünmürəm. Ancaq Tramp bayaq dediyim kimi, Klintona dəstək verən şəxslər, qurumlar, KİV-ləri aşağılayaraq, qərəzli adlandıraraq, hətta müəyyən mərhələdə seçkilərin saxtalaşdırılacağını deyərək, özünü kənardakı düşmənlərlə mübarizə aparan qurban, qəhrəman kimi təqdim etdi və öz elektoratının seçkidə aktivliyini təmin etdi.
– Trampa milyonlarla insanın səs verməsi faktı onun haqqında fikirlərinizi heç dəyişmirmi?
– Qətiyyən. Məşhur ifadədə deyildiyi kimi, milyonlarla insan axmaq bir fikri səsləndirsə də, həmin fikir axmaq olaraq qalır.
– Ancaq belə bir fikir də var ki, Amerika cəmiyyəti illərdir aparılan ənənəvi siyasətdən yorulub, yeni, fərqli adam görmək istəyir?
– Bu fikirlə tam razıyam. Bayaq dediyim kimi, ABŞ hələ 2008-i ildə cəmi iki illik gənc senatorun “Dəyişiklik” mesajını dəstəkləyib onu hakimiyyətə gətirdi. Keçirilən rəy sorğuları son illərdə də Amerika əhalisinin siyasi elitadan yorulduğunu, bütün problemlərin kökünü siyasətçilərin öz maraqlarını təmin etməkdə gördüyünü, ənənəvi siyasi elitaya qəzəbin olduğunu göstərir. Tramp məhz bu göstəriciləri nəzərə alaraq, özünü Vaşinqtondakı siyasi isteblişmentə yad şəxs kimi göstərərək, seçicilərin böyük bir hissəsinin dəstəyini qazandı. Trampa səs verənlərin əhəmiyyətli bir çoxluğu verdikləri səsi “etiraz səsi” adlandırmışdılar və bu addımı ənənəvi siyasi elitaya qarşı etiraz kimi atdıqlarını bildiriblər.
– “Facebook” statuslarınızda təhsilli cəmiyyətin varlığının vacibliyini vurğulamısınız. Demək istəyirsiniz ki, Trampın qalib gəlməsi, Amerika təhslinin bərbadlığından qaynaqlanır?
– Xeyr, ABŞ dünyanın ən nüfuzlu, ən uğurlu ali məktəblərinə, beyin mərkəzlərinə ev sahibliyi edən ölkədir. ABŞ bir çox sahədə, elm, təhsil, texnologiya sahəsində dünyada lider dövlətlərdəndir. Ancaq eyni zamanda, ABŞ əhalisinin böyük bir hissəsi müxtəlif səbəblərdən təhsilsiz qalıblar. Onların sayı və seçimi isə bəzən on milyonlarla təhsilli vətəndaşın seçimindən artıq olur. Bu tendensiyanı biz Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referendumda da gördük. Bunu mən yox, statistik göstəricilər, Böyük Britaniyanın AB-dən çıxmasına səs verənlərin, Trampı prezident seçənlərin arasında keçirilən rəy sorğularında bu elektoratın demoqrafik, təhsil, sosial göstəriciləri deyir.
– Məsələ ondadır ki, dünyanın ilk üçlüyünə daxil olan universitetində təhsil almısınız, bəs bunu necə izah edərdiniz?
– Bayaq dedim axı, ABŞ dünyanın ən böyük, nüfuzlu elm və texnologiya mərkəzlərinə ev sahibliyi etsə də, əhalinin təhsili sahəsində qeyri-bərabərlik mövcuddur. ABŞ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA test nəticələrinə görə bir neçə il ilk 20-liyə düşə bilməmişdi, riyaziyyat, texniki elmlər və oxuma sahəsində OECD ölkələrinin ortalamasından aşağı nəticələr göstərib. Polşa, Sloveniya, Latviya, Estoniya kimi ölkələrdə bu göstəricilər ABŞ-ın göstəricilərindən xeyli yüksəkdir. Amerika dünyanın ən böyük elm və təhsil ocaqlarının məskəni olsa da, təəssüf ki, vətəndaşlarının böyük hissəsi savadsız, təhsilsiz olaraq qalır və onların sayı getdikcə artır.
– Bəlkə dünyanın siyasi gedişatı cəmiyyətləri Tramplara səs verməyə vadar edir? Baxın, Ərdoğan 2002-ci ildən hakimiyyətdədir və hər seçkidə səs alır. Solçu-populist Aleksis Tsipras 2015-ci ilin yanvar ayında Yunanıstanda baş nazir seçildi, ondan bir il əvvəl Macarıstanda avtoritar idarəetmə tərzinə görə Avropa İttifaqında “Viktator” adlandırılan baş nazir Viktor Orbanın partiyası yenə birinci oldu, bu ilin iyununda Avstriyada Azadlıq Partiyasının lideri Norbert Hofer 49 faiz səs aldı, yaxud Britaniyada UKİP, Fransada Mari Li Peninin “Milli Cəbhəsi”, Almaniyda “Almaniya üçün alternativ (AfD)” hərəkatının rekord səviyyədə rəğbət qazanmasını hamımız bilirik… Nəhayət, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı keçirilən referendumun nəticələri də sağçı ideoloji dəyərləri önə çəkənlərin zəfəri sayılır.
– Bu arqumentlə tam razıyam. Artıq bir müddət dünyada sərhədlərin açılması, azad ticarət, azad səyahət tərəfdarı olan ölkələrin bir çoxunda bu gün özünə qapanma, sərhədlərin immiqrantlara bağlanması, avtoritarizmə meyillilik, populist siyasətçilərə artan dəstək, sağçı ideoloji qrupların daha geniş kütlələr tərəfindən dəstəklənməsi müşahidə olunur. Eyni zamanda, bu tendensiya bir çox oturuşmuş siyasətçiləri də qələbə qazanmaq naminə öz ritorikalarını dəyişməyə vadar edir. Biz bunu Azərbaycanda da ayrı-ayrı fərdlərin, siyasi qrupların çıxışlarında müşahidə edirik və düşünürəm ki, bu çox təhlükəli tendensiyadır. Siyasətçi, siyasi lider, siyasi qurum və hərəkatlar kütləni doğru istiqamətə aparmaq əvəzinə, qələbə qazanmaq üçün onların, yəni, seçicilərin çoxluğunun eşitmək istədiklərini səsləndirməyə başlayıblar.
– Azərbaycanı misal çəkdiniz, amma ölkəmizdə müstəqil media, seçki və çoxpartiyalılıq institutlarınun tamamilə təsir imkanlarını itirdiyini söyləyənlər də var. Bu mənada Azərbaycan barədə dediklərinizi necə isbatlaya bilərsiniz?
– Təbii ki, indi Azərbaycanda siyasi fəaliyyətlə məşğul olanlar da bunu bilirlər ki, ritorikalarını dəyişmələri sabah hər hansı bir seçki keçirilsə, nəticələri dəyişməyəcək. Ancaq siyasi fəaliyyətlə məşğul olanlar cəmiyyətin onlara olan dəstəyini müəyyən qədər ölçməyə, korrektə etməyə, bu dəstəyi saxlayıb, artırmağa görə sosial şəbəkələrdə fikirlərini, mövqelərini ifadə edirlər. Qeyd etdiyim kimi, bəzən biz siyasi liderlərin, fəalların öz inandıqları dəyərləri kütləyə təqdim etmək əvəzinə, kütlənin eşitmək istədiklərini səsləndirdiklərini müşahidə edirik.
–
Qayıdaq Hillari Klintona dəstəyinizə. Onun hansı siyasi cəhətləri sizdə simpatiya yaratmışdı və bu baxışınızda Azərbaycanla bağlılıq varmı? Məsələn, sabiq dövlət katibinin Dağlıq Qarabağ probleminin həllində cəhdləri olubmu və bu cəhdlər dövlətimizin maraqlarına uyğun idimi?
– Klintonun namizədliyinə dəstəyim 2008-ci ildən başlamışdı. O zaman nə mən siyasi məhbus olmuşdum, nə o, mənim azadlığım üçün çağırışlar etmişdi, nə də biz görüşmüşdük. 2008-ci ildə onun seçki kampaniyasında könüllü olmağıma onun Birinci xanım kimi fəaliyyəti ilə bağlı oxuduğum dərs materialları, məqalələr, kitablar olmuşdu. Kənardan xeyli ziddiyyətli biri kimi görünsə də, ictimai-siyasi fəaliyyətə, başqalarının həyatlarında dəyişiklik etməyə hələ tələbəlik illərindən başlamasını, mübarizəsini və bir çox şəxsi keyfiyyətlərini bəyənmişdim. Ancaq son seçkilərin nəticələri məni bir daha düşünməyə vadar etdi. Seçicilərin yaddaşının zəif olması, bəzən qeyri-rasional seçimlər etməsi, uzun illər öz həyatını cəmiyyətin inkişafına həsr etmiş adamı kiçik səhvlərə görə bir kənara itələyib, uzun illər böyük səhvlər etmiş birini qəhrəmana çevirmək hallarını tez-tez müşahidə edirik. Azərbaycanda da siyasi səhnəyə baxsanız, belə halları çox görərsiniz. Uzun illər min məhrumiyyətdən keçmiş şəxslərdən kimsə hansısa məsələdə bir balaca yumşaq mövqe sərgiləyən kimi linç edilir, ona qarşı kampaniyalar başlanır. Ancaq uzun illər hakimiyyətdə təmsil edilmiş, ondan mandat almış şəxslər, hakimiyyətin maraqlarını qorumuş, demokratik düşərgəni aşağılamış şəxslər müəyyən imtiyazlardan məhrum edildikdə bir neçə sərt çıxış edir və demokratik düşərgənin qəhrəmanına, üsyankarına çevrilə bilir. Bu isə çox təhlükəli yanaşmadır. Cəmiyyətə, gənc siyasi liderlər nəslinə, jurnalistlərə, QHT fəallarına “istədiyinizi edin, sabah 1-2 sərt bəyanatla rəğbət qazana, qəhrəman və üsyankara çevrilə bilərsiniz” fikrini təlqin edir. Eyni zamanda, fədakarlıq edərək cəmiyyətdə proqressiv dəyişikliklərə, demokratik cəmiyyətin qurulmasına çalışanlara “özünüzü çox fəda etməyin, sabah kiçik bir fikriniz bəyənilməsə, sizə qarşı kampaniya başlayaraq, linç edilə bilərsiniz” mesajını verir və onları da görə biləcəkləri bir çox işdən soyudur.
– Dövlət katibi olduğu zaman xanım Hillari PKK-nin qolu olan YPG-ni silahlandıracaqlarını deyirdi, bu bəyanatı necə qiymətləndirirsiniz?
– ABŞ ilk dəfə deyil ki, hansısa qruplaşmanı düşmənlərinə qarşı silahlandırır. Bunu kifayət qədər səhv addım kimi qiymətləndirirəm. Çünki bu silahlar və döyüş təcrübəsi sonradan nəzarətdən çıxır və bu gün qarşılaşdığımız bir çox terror qruplaşmaları formalaşır. ABŞ-ın verdiyi silahlar və dəstək müəyyən müddət sonra terrorçu qruplar formasında elə ABŞ-ın özü və müttəfiqlərinə qarşı çevrilir.