Bəxtiyar Hacıyev: “Bir aya yaxın vaxt keçir, şikayətlərimin nəticəsi yoxdur”

Bəxtiyar Hacıyevin şəxsi arxivindən

İctimai fəala deyilib ki, ərizəsi elə şikayət etdiyi quruma göndərilib

İctimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov və bu qurumun digər əməkdaşlarının qeyri-insani rəftara görə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. O, Baş prokuror Kamran Əliyev, eləcə də Səbail və Xətai rayon prokurorluqlarına bu tələblə ərizələr göndərib.

İctimai fəal ərizələrində martın 9-da Daxili İşlər Nazirliyinin qarşısında keçirdiyi etiraz aksiyası zamanı ona qarşı zor tətbiq edən, avtomobilinin şüşəsini sındıran, daha sonra Bakı Şəhər Baş Polis İdarəsində fiziki və psixoloji zorakılığa məruz qalmasında rolu olan hər kəsin müəyyənləşdirilib cəzalandırılmasını tələb edir.

Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, şikayətlərin göndərilməsindən 1 aya yaxın vaxt keçir. Amma hələ ki, ortada konkret nəticə yoxdur:

“Hadisədən dərhal sonra – martın 10-da həm Baş Prokurorluğa, həm Səbail Rayon Prokurorluğuna, həm də Xətai Rayon Prokurorluğuna şikayət etmişəm. Mənə qarşı qanunsuzluq həm Daxili İşlər Nazirliyinin qarşısında, həm də Bakı Şəhər Baş Polis İdarəsində baş verib. Ona görə də ərazi aidiyyəti üzrə hər iki rayonun prokurorluqlarına şikayət vermişəm. Hələ ki, nəticə yoxdur. İki gün əvvəl Xətai Rayon Prokurorluğundan nəticə ilə maraqlananda mənə bildirildi ki, şikayətimi araşdırmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndəriblər. Halbuki, mən özüm elə bu qurumda baş verən qanunsuzluqların araşdırılması, günahkarların cəzalandırılmasını istəyirəm. Bu məntiqi anlaya bilmirəm. Səbail Rayon Prokurorluğundan isə dedilər ki, şikayətim icraatdadır…”

Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, qanunvericilikdə bu cür hallarla bağlı maksimum 1 aylıq müddət müəyyənləşdirilib. Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsində yazılıb ki, əgər ekspert rəyinin alınması zərurəti varsa, bu halda, uzağı 30 gün ərzində ilkin yoxlama aparılmalıdır. Yoxlamanın nəticəsindən asılı olaraq, cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edilməlidir.

Bəxtiyar Hacıyev şikayətlərində göstərib ki, Daxili İşlər Nazirliyi onun şikayətlərini araşdırmır və buna görə martın 9-da nazirliyin qarşısında aksiya keçirib. Etiraz üsulu isə avtomobilinin pəncərəsinə “Vilayət Eyvazov, cinayətkarları himayə etməyin!” şüarını yapışdırmaqdan ibarət olub. O vurğulayıb ki, dinc etiraz aksiyası haqda əvvəlcədən nazirliyin rəsmilərinə də məlumat vermişdi:

“Daxili İşlər Nazirliyinin binası qarşısına çatanda artıq orada Post-Patrul Xidmətinin avtomobili və əməkdaşları var idi. Onlar sorğu-sual etmədən maşınımı təpikləməyə başladılar, yan şüşələrdə içəri tərəfdən bərkidilmiş kağız şüarları cırmaq üçün avtomobilimin şüşəsini sındırdılar”.

Baş verənləri öz telefonuyla lentə aldığını və əlində sübut olduğunu vurğulayan ictimai fəalın sözlərinə görə, daha sonra avtomobilinin qapısını açan PPX əməkdaşları onu döyüb, üzü üstə yerə yıxaraq, qollarını arxadan qandallayıblar.

“Özünü Anar Cabbarov kimi təqdim edən polis əməkdaşı yumruqla qulağımdan bir neçə dəfə vurdu, təpiklə ayaqlarımdan zərbələr endirdi. Döyə-döyə avtomobilə mindirdilər. Ratsiyada əmr verildi ki, məni təcili Bakı Şəhər Baş Polis İdarəsinə aparsınlar. Orada düşürəndə isə vura-vura, qollarım qandallı, boynumu yerə əyərək aparsınlar, prosesi də telefona çəkib, rəhbərliyə göndərsinlər”, – Bəxtiyar Hacıyevin fikirləridir.

Onun sözlərinə görə, idarəyə çatanda elə bu cür davranıblar. Daha sonra onu idarənin rəis müavini Vüqar Ələkbərovun, ardınca isə rəis Əkbər İsmayılovun kabinetinə aparıblar:

“Əkbər İsmayılov dərhal məni təhqir etməyə, əxlaqsız ifadələrlə danışmağa başladı. Dedi ki, “sən kimsən, etiraz edirsən, polisdən nəsə tələb edirsən?” Həmin vaxt mən başım yerə əyilmiş formada, qollarım qandallı saxlanmışdım. Bundan sonra məni qəbul otağında itələyərək, dizlərim üstə gözləməyə məcbur etdilər. Təxminən bir saat bu vəziyyətdə saxlanılandan sonra İstintaq və Təhqiqat İdarəsinin rəisi İsmayıl Əliyevin kabinetinə apardılar. Oradan da təhqiqatçılardan birinin iş otağına aparıldım”.

İctimai fəal vurğulayıb ki, ona su və tualet ehtiyacı üçün otaqdan çıxmağa imkan verməyiblər. Yalnız vəkili Aqil Layıc idarəyə gələndən sonra özünü 9-cu polis bölməsinin təhqiqatçısı kimi təqdim edən şəxs ondan izahat alıb. Sənəddə raportun 9-cu polis bölməsində tərtib olunduğu yazılıb:

“Guya məni 9-cu bölməyə dəvət ediblər. Halbuki, mən 9-cu bölmədə olmamışam. Məni dəvət də etməyiblər. Əksinə, zorla, qollarım qandallı, yumruqlanaraq, təpiklənərək və başımı aşağı əyərək Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininin, sonra isə rəisinin qəbul otağına aparıblar. Təxminən 5 saatlıq qeyri-insani rəftardan sonra məndən izahat alınıb, nazirliyi tənqid etməməyim üçün hədə-qorxu gəlinib”.

Bəxtiyar Hacıyev əlavə edib ki, axşam saat 20 radələrində idarədən buraxılanda əşyaları qaytarılsa da, pulqabında olan dollar əskinasları yerində olmayıb.

Raportda adı olan və onu təsdiqləyən üç serjantın – Namiq Məmmədov, Murad Bağırov və Elmar Mirzəliyevin də cəzalandırılmasını tələb edən Bəxtiyar Hacıyev eyni zamanda, ona qarşı işgəncəni sifariş edənlərin də müəyyənləşdirilib, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. O, ərizələrində vurğulayıb ki, prokurorluq 9-cu polis bölməsinin kamera görüntülərini əldə edib araşdırsa, həmin gün onun ora aparmadığı, raportun isə saxta olduğu aydınlaşar.

Daxili İşlər Nazirliyi isə Bəxtiyar Hacıyevin döyülməsi, hədələnməsi haqda iddiaları təkzib edib.

“Vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək, 9 mart saat 14:30-da özünə məxsus avtomobillə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısına gəlib. Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”, – nazirliyin mətbuat xidmətindən bildirilib.

Əlavə edilib ki, Bəxtiyar Hacıyev etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev: “Bir aya yaxın vaxt keçir, şikayətlərimin nəticəsi yoxdur”