Bəxtiyar Hacıyev 100 manat cərimə olundu

O, apellyasiya şikayəti verəcəyini gizlətməyib

Source:
Bəxtiyar Hacıyev


O, apellyasiya şikayəti verəcəyini gizlətməyib

“100 AZN cərimə edildim. Yasamal Rayon Məhkəməsi YPX-nin və 27-ci polis bölməsinin bir neçə sutkalıq cəza istəməyini qəbul etməsə də, onların hazırladıqları yalançı şahidlərin ifadələri əsasında cərimə haqqında qərar qəbul etdi”.

Bu açıqlamanı Harvard məzunu Bəxtiyar Hacıyev “facebook” səhifəsində paylaşıb.

B.Hacıyev apellyasiya şikayəti verəcəyini gizlətməyib: “Hadisə yerində olanlardan kimsə mobil telefonla çəkiliş edibsə, mənə göndərməyini xahiş edirəm. Apellyasiya və digər məsələlər üçün lazım ola bilər”.

O, bildirib ki, DYP ilə qalmaqalın arxasında özü tərəfindən xüsusi qərəz, məqsəd axtarmaq lazım deyil: “Sadəcə olaraq, bu qurum və YPX əməkdaşları həm sürücüləri, həm piyadaları xüsusi canfəşanlıqla cərimələmək, onlarla kobud rəftar etmək, özlərini qeyri-insani aparmaqla bir çox köhnə SSRİ və geridəqalmış ölkələrin praktikasını yaşadırlar. Bizim yeganə istəyimiz bu təcrübələrin aradan qaldırılması, inkişaf etmiş ölkələrin praktikasının tətbiq edilməsi və əsas məsələ – vətəndaşın rahatlığı istiqamətində dəyişikliklərin edilməsidir. Təsəvvür edin, yol ayrıcından 5 metr yox, 4 metr kənarda park etməyə görə 20 AZN cərimə edilir, ödəniş hərhansı bir səbəbə görə gecikdiyinə görə üzərinə faiz gəlir (dəbbə) və günün birində xəbərdarlıqsız filansız gecənin ortasında sürücü ailəsi, yoldaşı, uşaqları ilə birlikdə gedərkən onun şəxsi mülkiyyəti olan avtomobil məhkəmə qərarı olmadan “cərimə duracağına aparılmalıdır” deyilir və aparılır, sonra da təxliyyə (evakuator) və cərimə duracağında dayanmasına görə pul alınır. Faktiki olaraq 20 AZN cərimə 2 ay sonra heç bir məhkəmə qərarı, xəbərdarlıq olmadan bir icra orqanı tərəfindən 50-60 AZNlik pul cəriməsinə, vətəndaşa kifayət qədər mənəvi ziyana səbəb olur. Bunların vətəndaşın xeyrinə başqa mexanizmi yoxdurmu? Var. Sadəcə, tətbiq etmək istəsələr, hazırlayaq, göndərək”.

B.Hacıyev bir neçə gün əvvəl yol polisi ilə insident yaşayıb. Dövlət yol polisinin əməkdaşı B.Hacıyev barəsində raport yazıb. Bəxtiyar Hacıyev də polisdən şikayət edərək onu təhqir etdiyini və fiziki güc tədbiq etdiyini deyib. Faktla bağlı Bəxtiyar Hacıyevə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ittiham edilib.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev 100 manat cərimə olundu