Liderlər arasında bənzərliklər və fərqlər
Hər bir xalqa qalib gəlmiş rəhbər onu itaətdə saxlamaq üçün bu xalqın məğlubiyyətini, alçaldılmasını və sərvətinin yağmalanmasını gizlətmək məqsədilə ona hiylə və məkrlə yoğrulmuş rəvayətlər horrası yedizdirir.
Bu horranın adətən iki tərkib hissəsi olur. Birincisi odur ki, hakimiyyəti məngirləmiş rəhbər xalqa yad deyil, onun doğmasıdır və hətta sevimlisidir. İkincisi isə odur, bu məxluq elə yüksək məziyyətlərin sahibidir ki, xalq belə rəhbərin onu mindiyini özü üçün şərəf və xoşbəxtrlik saymalıdır.
Bu horranın hər iki hissəsini xalqa yedizdirmək üçün qələm və söz əhli növbəyə düzülüb müvafiq ənam və xələt müqabilində bu hiylə və riyanı məzlum və məlul xalqa gecə-gündüz sırıyır.
Başqa xalqlarla işim yoxdur, hər bir xalqın öz Kefli İskəndəri var, azından, olmalıdır, yoxdursa, bu da “onların öz problemidir”. Mən isə bizim xalqdan, bizim xalqa yedizdirilən horraların ikisindən açıq yazmaq istəyirəm.
Gəlin bu iki horranı nəzərdən keçirək. Birinci horra “Rəsulzadə – Elçibəy yolu” horrasıdır. Qısa məzmunu belədir ki, bu iki tarixi şəxsiyyət nəinki yanaşı qoyulur, hətta eyniləşdirilir və ikincisi birincinin təbii davamçısı və tayı elan edilir.
Bənzərlik vardır və bunu danmaq insafsızlıqdır. Hər ikisi Azərbaycan təzəcə müstəqilliyə qovuşanda, birincisi XX əsrin əvvəlində, ikincisi XX əsrin sonunda, ona rəhbərlik ediblər. İndiki uydurma nağılların müəllifləri iddia edirlər ki, Rəsulzadə də, Əbülfəz Əliyev də müstəqilliyin baniləridir.
Lakin tarixi həqiqət ondan ibarətdir ki, bu iki şəxs müstəqilik qazanmış Azərbaycana rəhbərlik etsə də, bu müstəqilliyin xidmətinin şir payı şəxsən onların deyil, həmin dövrdə yaranmış tarixi şəraitin üzərinə düşür.
Məmmədəmin Rəsulzadənin 1918-ci ilin may ayının 26-na kimi rəsmi siyasi amalı Rusiya çərçivəsində Azərbaycanın federal qurum statusu əldə etməsi olub. Belə amal əsla qəribə və dayaz görünməməlidir, əksinə, onu o zaman üçün kifayət qədər inqilabi və cəsarətli saymaq lazımdır. Dünyanın ən qüdrətli imperiyalarından birinin tezliklə dağılacağı ehtimalı siyasi səhnədə yalnız sosial-demokrat romantiklərin xəyalına yerləşirdi, Rəsulzadə isə praqmatik düşüncəli, özü də məzlum Şərqə mənsub siyasi xadim idi. Rusiya qüdrətli və əzəmətli, qonşu Şərq dövlətləri zəif və aciz sayılırdı, xalq isə siyasətdən uzaq, cahil və naşı tanınırdı. Müstəqilliyin söykənəcəyi heç bir möhkəm dayaq gözə dəymirdi, buna görə belə bir ictimai-siyasi dayağın yaranması və təşəkkülü üçün Rəsulzadə və onun məslək dostları məhz ağlabatan federalizm yolunu seçmişdilər. Yəni federal subyekt statusu qazanmış Azərbaycan Rusiya çərçivəsində müəyyən təkamül yolu keçərək həm müasir idarəçilik bilik və vərdişləri qazana bilərdi, həm də öz cahil əhalisinə çağdaş siyasi bilikləri çatdıra bilərdi.
Fəqət dünya imperializminin yırtıcı dövlətləri cahan müharibəsinə girişdilər və bu savaş nəticəsində bir çox böyük dövlət, o cümlədən Rusiya imperiyası dağıldı. Rusiyanın ucqar vilayəti olan Zaqafqaziyada yerli üç kiçik xalqın nümayəndələrinin birgə əyləşdikləri Seym adlı qurum bu bölgənin vahid siyasi varlıq kimi qalmasına çalışırdı. Lakin Qafqaza girişən Osmanlı dövlətinə nisbətən böyük və vahid Qafqazla deyil, cırtdan və zəif dövlətciklərlə danışmaq daha xeyirli idi.
Məhz osmanlıların təkidi nəticəsində mayın 26-da gürcü menşevikləri Gürcüstanın müstəqilliyini elan etdilər. Zaqafqaziya birliyi ideyası puça çıxdı. Bundan iki gün sonra Azərbaycan və Ermənistan vəkilləri də öz dövlətlərinin müstəqilliyini elan etməli oldular.
Dünənə qədər federal subyekt olmaq arzusu ilə yaşayan bir çox siyasi lider, o cümlədən gürcü, erməni və azərbaycanlı siyasətçilər çar-naçar müstəqillik yoluna qədəm qoydular. Burada nə bir qəhrəmanlıq dastanı, nə də utanmalı bir əhvalat var, sadəcə tarix öz hökmünü belə verdi, kiçik və zəif xalqların nümayəndələri bu hökmə tabe oldular.
Müstəqillik Finlandiya və Polşada həmin vaxt alındı, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycanda alınmadı. Zəhmətkeşlərin azad və ədalətli cəmiyyətini qurmaq məqsədini elan etmiş bolşeviklər bu ölünü dirildən iksirin gücü ilə Rusiyanı dirçəltdilər və əlləri çatan sabiq əraziləri özlərinə qaytardılar.
Məmmədəmin Rəsulzadə və onun məslək dostları nə bu tektonik və qlobal proseslərin qarşısını ala, nə də hadisələrin məcrasını dəyişə bilərdi. Ona, zəif və məzlum Azərbaycanın vətənpərvər ziyalısına və siyasi xadiminə yalnız hadisələrin axarında xalqı üçün nicat axtarmaq qisməti nəsib oldu. Və o, bu qismətdən vargücü ilə bəhrələnməyə çalışdı. Məhz çarəsizlikdən, başqa seçimlərin yoxluğundan o, Birinci cahan müharibəsində məğlub olmuş Osmanlı dövlətinə söykənməli oldu, sonra isə bolşevik Rusiyasının zəfər kərənayları üfürüləndə, 1943-cü ildə, artıq halvası çalınmış Almaniyada hansısa müstəqillik imkanları aramağa cəhd etdi.
Alınmadı, ömrünün sonuna qədər Türkiyədə vətən həsrəti ilə yaşadı və özündən sonra dəyərli bir fikir dünyası tərk edib qürbətdə dünyadan köçdü.
Onun əsərləri, gec də olsa, xalqa, onun oxumaq və öyrənmək istəyən hissəsinə çatdırılır. Kişi düşünürmüş, mütaliə, təhlil və müqayisə edirmiş, arzularını tarixin labüd gedişində gerçəklənəcək dəyişikliklərə uyğunlaşdırırmış. Onun Azərbaycanın müqəddəratı üçün böyük rus, türk və fars dövlətlərinin əhəmiyyəti barəsində fikirləri hələ də öz önəmini itirməyib. Onun siyasi idealı əfsanəvi Səyavuş idi. Əbülfəz Əliyevin siyasi idealı Alparslan Türkeş və Heydər Əliyev…
Rəsulzadənin fikir və tale dostlarının adları belə onun şəxsiyyətinin miqyasını dəqiq göstərir: Əlimərdan bəy Topçubaşı, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli…
Əbülfəz Əliyevin silahdaşlarının hamısını xalq yaxşı tanıyır və onların kimliyini gözəl bilir. Bəziləri Milli Məclisdə fədailik edir, bəziləri müxalifətçiliklə baş girləyir, bəziləri xariclərdə qəhrəmancasına uzaq vətəndə demokratiyanı müdafiə edir.
Qan qaraldıb ad çəkmək istəmirəm.
İndi oğru və zalım hakimiyyətin pul kisəsindən aylıq alan ənənəvi siyasi müxalifət liderləri bu məzlum taleni yaşamış, dünya tərəfindən tanınılmamış, daima işğalçı qoşunların nəzarətində olmuş Azərbaycan Cumhuriyyətinin liderini Əbülfəz Əliyevə tay tuturlar. Mən onlara tam yad olan həyadan danışmaq istəmirəm, sadəcə bütün məxluqat üçün vacib olan məntiqi yada salmaq istəyirəm.
Rəsulzadədən zəngin irs qalıb. Əbülfəz Əliyevdən hansı ideoloji miras qalıb? Bir dəyərli kitabının adını çəkə bilərsinizmi? Mitinqlərdə və görüşlərdə avam xalqa danışdığı “Baykal gölündən Aralıq dənizinə qədər uzanacaq böyük türk imperiyası” barədə şirin nağılı yada salmayın, ayıbdır. Camaatın səviyyəsi yüksəlib, dəxi belə səfeh nağıllara inanmaz, əksinə, lağa qoyar.
Əbülfəz Əliyev AXC sədrliyinə saxtakarlıqla seçilmişdi. Rəsulzadə paklıq və ləyaqət rəmzi idi, Əbülfəz Əliyev eyş-işrət aludəçisi. Rəsulzadə zahid kimi yaşamışdı, Əbülfəz Əliyevin qəbul etdiyi bütün siyasi qərarlar nəinki səhv idi, xeyr, əksinə, onlar xalqın azadlığının qənimləri üçün iblisanə-şahanə hədiyyə idi.
Əbülfəz Əliyev tək öz Cəbhə dostlarını deyil, bütün xalqı aldadıb prezident vəzifəsinə qədəm qoyduğu an içdiyi andına rəğmən səngərindən xəlvəti fərarilik etmişdi, Rəsulzadə öz mücadiləsini mərdü-mərdanə və açıq aparmışdı.
Bu iki tarixi şəxsiyyətin fərqləri barədə çox yazmaq olar, bircə o kifayətdir ki, indiki siyasi faciəmizin, milli-azadlıq mübarizəsi kimi təqdim edilən siyasi prosesin nəticəsində xalqın Qarabağsız və azadlıqsız qalmasınin əsas baiskarı kimi ilk növbədə Əbülfəz Əliyevin adı çəkilir. “Xalqa türkçülük nağılı danışıb boğazına qalın kəndir doladı, sıxdı, ucunu DTK generalına verib aradan çıxdı…”
Şəxsən mənim üçün, elmi işini müqayisəli və sistemli araşdırma üsulu əsasında aparmış bir adam üçün Məmmədəmin Rəsulzadənin və Əbülfəz Əliyevin bu bayağı və əsassız müqayisəsi nəinki qeyri-elmi görünür, həm də Rəsulzadə kimi böyük və saf bir milli xadimin xatirəsinə hörmətsizlik, xalqımızın həqiqi milli dəyərlərinə sui-qəsd kimi qiymətləndirilir.
Xalqa yedizdirilən ikinci horra Heydər Əliyevin və Mustafa Kamal Atatürkün yanaşı qoyulmasıdır.
Oxşarlıq var, hər ikisi general rütbəsində olub. Oxşarlıq bununla qurtarır.
Atatürk döyüşən ordunun generalıydı, Heydər Əliyev xalqı pusan-əzən xüsusi xidmət orqanının generalı olub. Atatürk öz məğlubiyyətə uğramış və çökən vətənində Türkiyə adlı dövləti qurub və qoruyub, Heydər Əliyev müstəqilliyi dünya tərəfindən tanınmış, BMT-yə üzv qəbul edilmiş Azərbaycan adlı dövləti öz əlaltılarının əli ilə silkələyib və sarsıdıb, sonra isə düşmənlərlə sövdələşib və torpağı hakimiyyətə dəyişərək ailəsini və tayfasını ağlasığmaz sərvət sahibi edib.
Heç vaxt unutmaram, hakimiyyətini möhkəmləndirəndən sonra “Qarabağ” fəryadı ilə onun zəhləsini tökən xalqdan açıq soruşmuşdu: “Mən sizə Qarabağı qaytarmağa söz vermişdim?”
Düz də soruşmuşdu. Heydər Əliyev heç vaxt “Qarabağı Azərbaycana qaytaracağam” vədini verməmişdi. Qarabağ müşkülündən kütləni tovlamaq, onun hissiyyatı ilə oynamaq üçün istifadə etmişdi, lakin heç vaxt sayıqlığı əldən verib “Qarabağı qaytaracağam” kəlmələrini dilinə gətirməmişdi, zira Yerevanda və Moskvada verdiyi vədləri, götürdüyü öhdəlikləri daima hafizəsində möhkəm saxlamışdı.
Varisinə isə bu vədi verməyi, lakin heç vaxt yerinə yetirməməyi vəsiyyət etmişdi. Varis vəsiyyətə sadiqdir.
Rəsmi bayağı təbliğatımız Atatürk ilə H.Ə-ni elə-hey eyniləşdirir. Bu müqayisənin əsəbiləşdirməli olduğu tərəf türklərdir, lakin onlar müstəsna təmkin və səbr nümayiş etdirirlər. İki səbəb var: neft amili və indiki dinçi hakimiyyətin Atatürkə və onun şəninə biganəliyi. Bu iki səbəbdən türklər öz münasibətini açıq bildirmirlər. Hərçənd ki, onlar da bu müqayisənin Atatürk üçün nə qədər insafsız olduğunu gözəl dərk edirlər.
Xalqın xamlanmasına yönəli xeyli başqa rəvayətlər və uydurmalar var, danışmaqla hamısı qurtarmaz, mən sadəcə bu iki ən məntiqsiz müqayisəni sizin diqqətinizə çatdırdım.
Qalanlar barədə özünüz düşünün.
Bilirəm ki, aşağıda və yuxarıda əyləşmiş bütpərəstlər nə qədər qəzəblənəcəklər, ünvanıma təhqir və lənət yağdıracaqlar, lakin mənim məqsədim də elə budur.
Bəlkə xalq bir balaca oyandı…