Berlində 1 May yürüşündə “İşçi Masası”nın üzvlərinə azadlıq tələb olunub

Foto: Meydan TV

“Biz dünya üzrə həmkarlar ittifaqlarını və yoldaşları bizimlə həmrəy olmağa çağırırıq”

Berlində Azad İşçilərin Həmkarlar Təşkilatı (FAU Berlin), İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyası, Feminist Sülh Kollektivinin təşəbbüsü ilə 1 May “Zəhmətkeşlər günü”nə həsr olunmuş yürüşdə Azərbaycanda həbs olunmuş “İşçi Masası”nın 4 üzvü və digər siyasi məhbuslara həmrəylik nümayiş etdirilib.

Aksiyada “İşçi Masası”nın fəalı və jurnalist Elməddin Şamilzadə çıxış edib.

O, çıxışında həbsdə olan yoldaşları adından bu müraciəti etdiyini söyləyib.

“Azərbaycanda avtoritar Əliyev rejiminə qarşı səsini qaldırmağa cəsarət edən hər kəs sistematik şəkildə hədəfə alınır və həbs olunur. Müharibəyə qarşı çıxan işçilər həbs edilir; onların bədənləri və əməkləri istismar olunur. Queer və feminist fəallar isə sadəcə ədalətsizliyə qarşı danışdıqları üçün həbsxanaya atılır”.

“Yoldaşlarımız Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov işçi haqlarını qorumaq uğrunda göstərdikləri qorxmaz mübarizəyə görə haqsız yerə həbs olunublar. Biz dünya üzrə həmkarlar ittifaqlarını və yoldaşları bizimlə həmrəy olmağa çağırırıq. Tələblərimiz açıq və təcildir: yoldaşlarımızın dərhal azadlığa buraxılsın və onların məhkəmələri zamanı baş verən prosessual pozuntular şəffaf araşdırılsın”, – Elməddin Şamilzadə belə deyib.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü –  Konfederasiyanın sədri Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Ana səhifəSiyasətBerlində 1 May yürüşündə “İşçi Masası”nın üzvlərinə azadlıq tələb olunub