Berlin terror qurbanlarını yad edir

Berlin əhalisi dekabrın 19-da Milad Bazarında dünyasını dəyişənləri yad edir

“Biz multikultural cəmiyyətdə yaşayırıq və bu çətin anlarda bir yerdə olmalıyıq” – terror qurbanlarını yad etməyə gələn Berlin sakini Meydan TV-yə deyir.

“Biz müsəlmanıq və ya belə qəbul edilirik. Çoxumuz heç dindar deyilik, amma fərqli görünüşümüzdən dolayı belə qarşılanırıq. Bu da bizi məyus edir ki, baş verənlərə yas tutmaq əvəzinə ortaya mövqe qoymalıyıq. Bizdən bu cəmiyyətdə yer seçmək gözlənilir. Əslində bizim üçün daha normal olardı ki, şəhərimizdə baş verən faciəyə kədərlənək” – anım mərasiminə gələn müsəlman xanım söyləyir.

Başqa bir xanım isə bu dəhşətli hadisədən qorxduğunu dilə gətirir:

“Hamımız bu hadisənin qurbanı ola bilərdik. İlk fikirləşdiyim hadisədə zərərçəkənlər oldu. Hadisədən sonra bütün dostlarıma zəng etdim, onlarla hal-əhval tutdum və xəbərlərə baxdım. Daha sonra diskussiyaların hansı istiqamətdə davam edəcəyini düşündüm. Əlbəttə, bunlar sonrakı məsələlərdir. Dediyim kimi, biz çoxuq, biz bir yerdəyik və mən özümü tək hiss etmirəm”.

“Salam. Mənim adım Aleksdir və mənim bu gün burada olmağımın səbəbi cəmiyyətin açıq fikirli, rəngarəng, azad olduğunu göstərməkdir. Sağ radikal qruplara birliyimizi göstərməkdir” – anıma gələn gənc deyir.

Başqa bir tədbir iştirakçısı da öz fikirlərini bölüşür:

“Məncə, Berlin əhalisi çox açıq şəkildə iki gün öncə baş verən faciəni pislədi. Biz bunları deməliyik, amma Berlində gəlmələr və qaçqınlara ən azından başqa münasibət göstərilməyəcəyini düşünürəm. Hamı bir az təşviş içərisindədir. Dəqiq nə baş verdiyini çox insan bilmir. Əsas sual plüralist cəmiyyət olaraq bundan sonra qlobal konfliktlərin həll yolunu necə tapacağımızdır. Miqrasiya heç də asan məsələ deyil. Biz bu suallara dəqiq cavablar tapmalıyıq. İnsanların Almaniyaya gəlməsinin qarşısını almaq sadəlövh və çox səhv yol olardı. Məncə, bu, bizim insanlığımıza yaraşmaz”.

Delabrın 19-da gecə saatlarında Almaniyanın paytaxtı Berlində Milad Bazarına girən TIR yük maşını adamların çox olduğu yerə doğru hərəkət edib. Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb.

Terror aktını İŞİD terror qruplaşması üzərinə götürüb.

Ana səhifəVideoBerlin terror qurbanlarını yad edir