Bərdə sakini pay torpağının saxta yolla mənimsənildiyini deyir

Bərdə. Foto: “edu.az”

“İcra başçısı dedi ki, sənədlərə əsasən sənin torpağın yoxdur”

Mənə islahat dövründə kənddə pay torpağı verilmişdi. Həmin vaxtlar uşaqlarım körpə olduğundan torpaqla maraqlanmağa vaxtım olmamışdı. Kəndin bütün sakinləri kimi mən də torpaq sahəmi icarəyə vermişdim. O vaxtlar icarə pulu mənə hava, su kimi lazım idi. Ailə vəziyyətimlə əlaqədar maddi sıxıntılarım vardı”.

Bunu Meydan TV-yə Bərdənin Birinci Qazaxlar kənd sakini Lətafət Qara qızı Qasımova deyir.

O iddia edir ki, ona aid pay torpağını qanunsuz olaraq mənimsəyiblər:

Torpaq sahəmi Nemət adlı şəxsə icarəyə vermişdim. Bir müddət sonra Nemət yoxa çıxdı, onu kənddə tapa bilmədim ki, pulumu alım. Sonradan öyrəndim ki, Nemət anamı aldadaraq torpağın sənədini alıb. Mənə və övladlarımın adına olan torpaq sahəsini öz adına keçirib. Mülkiyyətçi mənəmsə, deməli, bu torpağı mənim imzam olmadan saxta yolla mənimsəyib”.

Şikayətçi bildirir ki, məsələ ilə əlaqədar dövlət qurumlarına etdiyi müraciətlər nəticəsiz qalıb:

“Prezident Adminstrasiyasında məni qəbul edib şikayətimi dinlədilər. Sonra Bərdənin icra başçısı Vidadi İsayevə zəng edib, məsələmi həll etməyi tapşırdılar. Vidadi İsayevin qəbuluna getdim. Məni qəbul etdi, sənədlərimə göz gəzdirdi. Son nəticədə mənə bildirdi ki, sənin torpağın yoxdur. Stolunun üzərində olan kağızları göstərərək dedi ki, bütün bu sənədlərdə də açıq aşkar yazılıb ki, sənin torpağın yoxdur. İki dəfə Vidadi İsayevin qəbuluna oldum, ikisində də mənim torpağım olmadığını dedi”.

Həqiqətən də, sənədlərdə torpağımın olmadığı qeyd olunmuşdu. Necə kökündən həll ediblərsə, heç bir sübut qalmayıb. Həmin torpaq başqa bir şəxsin adında göstərilir. Amma o torpaq illərlə mənim olub”, – deyə o bildirib.

Bərdə Rayon İcra Hakimiyyəti. Mənbə: Wikimedia

Lətafət Qasımova deyir ki, torpağın ona aid olduğunu kənd camaatı təsdiq edə bilər:

Prezidentə müraciət edirəm. Haqsızlıq baş alıb gedir. Bütün kənd camaatı təsdiq edə bilər ki, hər kəs kimi mənim də torpağım var idi. Necə ola bilər ki, bütün kəndə pay torpağı paylana, amma mənə verilməyə? Bu, mümkün deyil”.

Bərdə rayon icra başçısının köməkçisi Səbuhi Qasımov Meydan TV-yə bildirib ki, vətəndaşın iddia etdiyi pay torpağı sahəsinə məxsus ilkin heç bir sənəd təqdim edilməyib:

Vətəndaş sadəcə, iddia edir. Onun məsələsi mülki mübahisəli predmet olduğundan dəfələrlə məsləhət görmüşük ki, məhkəməyə müraciət etsin. Buna baxmayaraq, hər dəfə israr edir ki, torpağını ona qaytarmağa köməklik göstərək”.

Məhkəməyə, vəkilə ödəniş etməyə imkanım yoxdur”, – Lətafət Qasımova deyir:

Mən əminliklə bilirəm ki, Nemət anamı aldadaraq mənim torpağımı mənimsəyib. Nemət vəfat edib. Haqqımı harada, kimdən tələb edəcəyimi bilmirəm. Kasıb, əlil qadınam, xahiş edirəm, mənim torpağımı qaytarın”.

Meydan TV-nin məsələ ilə əlaqədar sorğusunu Əmlak Məsələləri Dövlət Komitəsi cavablandırmayıb.

Adəm Məmmədov və Ramil Qasımzadə. Fotolar: sosial şəbəkədən götürülüb.

Vəkil Adəm Məmmədov Meydan TV-yə deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz:

Biz işin halını bilmirik. Bəlkə, vətəndaş könüllü olaraq sənədə imza atıb. Bəzən də insanlar özləri notariusa gedib, nə sənəd gəldi, qol çəkirlər. Sonra da altından çıxa bilmirlər. Əgər vətəndaşın əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, xüsusi mülkiyyət vətəndaşdan heç bir yolla alına bilməz:

Yalnız icarə hüququ ilə götürülən topraq sahəsi geri alına bilər. Amma xüsusi mülkiyyətdə olan torpaq sahəsi, mülkiyyətiçinin əlindən heç bir halda alına bilməz. Vətəndaş özü torpağını bağışlaya, ya da alqı-satqı edə bilər”.

Ana səhifəBölgəBərdə sakini pay torpağının saxta yolla mənimsənildiyini deyir