Belqradda 13 yaşlı yeniyetmə 8 şagirdi və 1 mühafizəçini öldürüb

Kosta Kecmanovic saxlanılan zaman. Foto: Reuters

6 şagird və 1 müəllimin yaralandığı bildirilir

Belqrad məktəblərinin birində 13 yaşlı yeniyetmə oğlan 8 şagirdi və mühafizəçini öldürüb.

Yeniyetmə insanları odlu silahdan atəş açmaqla qətl edib.

Özü də həmin məktəbin şagirdi olan şəxs barəsində polisin ilk təəssüratı onun aylar öncəsindən bu hücumu planlaşdırmasıdır.

Yeniyetmənin açdığı atəş nəticəsində daha altı şagird və bir müəllim yaralanıb.

Polis atəş açan şəxsin Kosta Kecmanovic olduğunu və onun 2019-cu ildən Serbiya paytaxtının mərkəzindəki həmin məktəbdə təhsil aldığını açıqlayıb.

Bildirilir ki, o, atasının iki silahından istifadə edib, hücumu isə azı bir aya planlayıb.

Belqrad polisinin rəhbəri Veselin Miliç bildirib ki, yeniyetmədə həmçinin iki benzin bombası da olub.

Onda əvvəlcədən öldürülməsini planlaşdırdığı uşaqların və siniflərin siyahısı da varmış.

Miliç ölən şagirdlərin 2009-2011-ci illər arasında doğulmuş yeddi qız və bir oğlan olduğunu bildirib.

Olay hansısa bir video oyunundan və ya qorxu filmindən olan ssenariyə bənzəyir. Kimlərin öldürüləcəyinin siniflər üzrə planlaşdırılması bunu deməyə əsas verir“, – deyə Veselin Miliç söyləyib.

Hadisəni törətdiyini etiraf edən yeniyetmə məktəbin uşaq meydançasında həbs edilib, başı örtülmüş şəkildə polis avtomobilinə mindirilib.

Onun əvvəlcə mühafizəçiyə, sonra dəhlizdə olan üç qıza atəş açdığı deyilir.

Daha sonra bir sinifin tarix dərsinə girərək müəllimi və beş şagirdi güllələyib.

Belqrad prokurorluğu açıqlayıb ki, hadisəni törədən şəxsin yaşı 14-dən az olduğu üçün o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, psixiatriya müəssisəsinə yerləşdiriləcək. Lakin şagirdin hər iki valideyni həbs edilib.

Serbiyanın daxili işlər naziri Bratislav Qasiç bildirib ki, əslində uşağın atası silahları qapalı seyfdə saxlayırmış.

Sadəcə, uşaq həmin seyfin kodunu bilirmiş. O, həmin seyfdən 2 tapança və hər biri 15 güllə tutan üç maqazini götürüb.

Təhsil naziri Branko Ruziç hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edildiyini açıqlayıb.

Səhiyyə naziri, neyrocərrah Danica Grujicik isə bu hadisəni “həkim və insan olaraq yaşadığım ən dəhşətli təcrübədir” deyərək təsvir edib.

Bildirib ki, həkimlər yaralıların həyatını xilas etmək üçün əlindən gələni edirlər.

Ana səhifəDünyaBelqradda 13 yaşlı yeniyetmə 8 şagirdi və 1 mühafizəçini öldürüb