Həbs

Mənbə: Meydan TV

Başlıq: Həbs

Bələdiyyə sədrləri həbs olunub

Məqalə yeniləndi:  19 Aprel 2021

Göyçay və İsmayıllıda bələdiyyə sədrləri rüşvət almaqda şübhəli bilinirlər

Göyçayın Qarabaqqal kənd bələdiyyəsinin sədri Ramin Nəbiyev, İsmayıllının isə Keyvəndi bələdiyyəsinin sədri Akif Dəmirov həbs olunub. Onlar ayrı-ayrı cinayət işləri üzrə ittiham olunsalar da, hər ikisinin işinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baxılır. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Ramin Nəbiyevin təqsirləndirildiyi cinayət işi üzrə onunla yanaşı, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı regional idarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyev də həbs edilib. Onlar dağlıq ərazidə yerləşən və bələdiyyənin mülkiyyətində olan torpağın üst münbit qatının daşınmasına icazə verməkdə və buna görə 9 min manat rüşvət almaqda təqsirləndirilir. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

İsmayıllı rayonunun Keyvəndi bələdiyyəsinin sədri Akif Dəmirov isə meşə ərazisində torpağın daşınmasına köməklik adıyla pul alıb aldatmaqda günahlandırılır. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik) maddələri ilə ittiham verilib.

Bələdiyyə sədrləri və onlarla birlikdə həbs olunan şəxslərin özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  19 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/miuk5x

Ən çox baxılan