İtkin düşən operatorun qardaşı: ”Bizə bu vaxta qədər heç bir məlumat verməyiblər”
“Bizə bu vaxta qədər heç bir məlumat verməyiblər. Ancaq deyirlər ki, axtarırıq, tapan kimi sizə məlumat veriləcək”.
15 dekabrda Xəzər dənizində estakadada baş verən qəzada itkin düşən Samir Əsədovun qardaşı Cəfər Əsədov Meydan TV-yə danışıb.
O deyib ki, qardaşı 3 gündür işə çıxıb. Yoldaşı ilə danışaraq iki-üç günə işdən qayıdacağını deyib: “Belə küləkli havalarda işə çıxa bilmirdilər. Bir-birlərinin yerinə qalıb işləyirdilər, sonra həmin adam onun yerinə qalırdı”.
C.Əsədov həmin məntəqədə qəzaların olduğunu deyir. Amma qardaşının iş şəraiti ilə bağlı heç vaxt danışmadığını vurğulayır: “Dəmir kimi oğlan idi. Onun barmağın kəssən deməzdi ki, barmağım qanayır. Elə bir oğlan idi”.
C. Əsədov qardaşının 1997-ci ildən neft sahəsində işlədiyini deyir.
Samir Əsədov 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır.
15 dekabrda səhər saat 5 radələrində N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakada uçub. Estakadanın üzərindəki yaşayış köşkü də dağılıb. İlkin məlumata görə, 9 nəfər itkin düşüb, bir nəfər həlak olub.