Qubad İbadoğlu

Mənbə: Foto: Meydan tv

Başlıq: Qubad İbadoğlu

“Belə büdcə müzakirəsinə yalnız avtoritar ölkələrdə rast gəlmək mümkündür”

Qubad İbadoğlu: “Büdcə gəlirlərinin formalaşmasında Neft Fondunun transfertləri hələ də əsas mənbə olaraq qalır”

Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə qəbul edilib. Builki büdcə müzakirələri parlament və ictimaiyyət tərəfdən o qədər də geniş diqqət çəkmədi.

İqtisadçı ekspert Qubad İbadoğlu 2020-ci ilin büdcə layihəsi ilə bağlı təhlillərini Meydan Tv ilə bölüşüb.

- Qubad bəy, büdcə müzakirələri başladı və bitdi. Yəni büdcə layihəsi qəbul olundu. Sanki bu dəfə çox müzakirəyə etməyə, eləcə də büdcə haqqında ictimaiyyəti çox məlumatlandırmağa ehtiyac görmədilər. Sizin 2020-ci ilin büdcəsi ilə bağlı məlumatlarınız nədən ibarətdir?

- Doğrudur, belə ildırım sürəti ilə büdcə müzakirəsinə dünyanın yalnız avtoritar və parlament demokratiyası olmayan ölkələrində rast gəlmək mümkündür. Bəzən biz Azərbaycan qanunvericiliyində büdcənin parlament müzakirəsi üçün az müddətin ayrıldığından şikayətlənirik, amma faktiki olaraq, Milli Məclis ona ayrılan vaxtdan da tam şəkildə istifadə etmir. Əslində parlamentdə büdcə prosesi oktyabrın 15-dən dekabrın 20-dək davam etməlidir. Eyni zamanda bu dövrdə büdcə məlumatları detallarına qədər açıqlanmalı, büdcə dinləmələri keçirilməlidir. Amma ölkədə nə hökumət və nə də parlament ictimaiyyət üçün açıq olan büdcə dinləməsi keçirir, eyni zamanda şəhərsalma və tikinti xərcləri, müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının saxlanması xərcləri, eləcə də əsas bölməyə aid edilməyən sair xərclər, ehtiyat fondlarının təsnifatı olmadan parlamentdən “keçir”, hətta deputatlar da bilmirlər ki, həmin istiqamətlər üzrə büdcə hara, necə və kim tərəfindən xərclənir, amma onlar yekdilliklə büdcəyə səs verirlər. Məsələn, növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə “Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutulub. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin “Sair xərclər” və “İstehlakyönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait “Sair xərclər” və “İstehlakyönümlü xərclər” adı ilə qapalı saxlanılır. Eyni zamanda Hesablama Palatasının hesablamalarına görə 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub ki, bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50,0 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1 faiz təşkil edir. Qeyd olunmalıdır ki, ümumilikdə 2020-ci ilin dövlət büdcəsində 21 istiqamət üzrə kənd təsərrüfatı istisna olmaqla bütün bölmələrdə birdəfəlik təyinatlı xərclər nəzərdə tutulub. Funksional təsnifatın bəzi bölmələri üzrə birdəfəlik təyinatlı xərclərin xüsusi çəkisi ümumi dövlət büdcəsində nəzərdə tutulan birdəfəlik təyinatlı xərclərdə daha yüksək olub. Belə ki, nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin 35,2 faizi “Müdafiə”, 23 faizi “Səhiyyə”, 21,1 faizi “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölmələrinin payına düşür. Məlumatların təhlili göstərir ki, funksional təsnifatın bəzi bölmələri üzrə birdəfəlik təyinatlı xərclərin proqnoz göstərici 2019-cu ilin gözlənilən icra göstəricisi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə fərqlənir. Qanunvericilikdə birdəfəlik təyinatlı xərclərin anlayışı, istifadə istiqamətləri barədə məlumatlar dəqiq təsbit edilməyib. Hesablama Palatasının rəyində qanunvericilikdə birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsini təklif edilib. Birdəfəlik xərclərin çox olması o deməkdir ki, həmin xərc maddələri üzrə son təyinatı icra hakimiyyəti verir ki, bu da büdcə şəffaflığına və hesabatlılığına xələl gətirir. Qənaətim budur ki, 2020-ci ildə də 26,9 milyard manatlıq dövlət büdcəsinin xəclərinin yarıya qədəri icra hakimiyyətinin maraqları çərçivəsində korrupsiya hallarına yol verilməklə, qeyri-şəffaf və hesabatsız xərclənəcək.

- Bu büdcənin ötən ilki büdcədən fərqi nədir? Hansı sahələrə daha çox vəsait ayrılacaq və ya kəsiləcək?

- Bu büdcənin ötən ilkindən ən böyük fərqi xərclərin strukturu ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə 17,3 mlrd. manat və ya dövlət büdcəsi xərclərinin 64,2 faizi, əsaslı xərclərə 7,8 mlrd. manat və ya büdcə xərclərinin 29,0 faizi, dövlət borcuna xidmətlə bağlı xərclərə 1,8 mlrd. manat və ya cəmi xərclərin 6,8 faizi səviyyəsində vəsait nəzərdə tutulub. 2020-ci ildə cari xərclərin artım tempi qeyri-neft sektoru üzrə artımı nəzərəçarpacaq dərəcədə üstələyəcək və cari illə müqayisədə artım templəri arasında fərq daha da böyüyəcək. Gələn ilin dövlət büdcəsinin layihəsində cari xərclərin əhəmiyyətli artımla proqnozlaşdırılması, onun cəmi xərclərin 64,2 faizni təşkil etməsi büdcə tarazlığı və dayanıqlığı üçün riskləri artırıb. Belə ki, növbəti il büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini 3 dəfədən çox üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərcləri 17275,9 milyon manat proqnozlaşdırılıb. Beləliklə də, gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox olacaq. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə, bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir. Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir. İkincisi, gələn il dövlət büdcənin kəsiri böhran həddini keçəcək. Çünki 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir. Burda narahatlıq yaradan başqa səbəb artım tendensiyasının yüksək olmasıdır. Belə ki, gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan kəsiri ötən ilə nisbətən 12,5 dəfə çox olacaq.

Növbəti ili əvvəlki illərdən fərqləndirən bir sıra məqamlara da diqqəti cəlb etmək istərdim. 2020-ci ilin büdcəsində təmsilçilik və təşviqat xərcləri 231,5 milyon manat təşkil edəcək ki, onun da 221,5 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 10 milyon manatı isə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının təşviqat fəaliyyətinə yönəldiləcək. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə xərclər bu illə müqayisədə (65 milyon manat) 3 dəfədən çox artırılıb ki, bu da ölkə üzrə 1 illik elm xərclərindən 28 milyon manat çoxdur.

İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmasına baxmayaraq, büdcə məlumatlarına istinadən demək olar ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir. Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində 827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən bu məqsədlə xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb. Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir.

2019-cu ildən etibarən işsiz şəxslərin sosial müdafiəsi və müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən ictimai işlərin təşkili və maliyyələşdirilməsinə 159,8 milyon manatın ayrılması nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə təxminən 2 dəfə və ya 79,8 milyon manat çoxdur.

Növbəti ilin büdcəsində kəskin artıma məruz qalan xərc maddələrindən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir.

Gələn il üçün nəzərdə tutulan bu xərc maddəsi ötən illə müqayisədə bütövlükdə 655 milyon 331 min 737 manat və ya 49,7 faiz artacaq. Bu artımın 448 milyon 726 min 224 manatı və ya 68,5 faizi hüquq mühafizə orqanlarının payına düşəcək. Müqayisə olunan dövrdə hüquq-mühafizə orqanlarının saxlanması xərci də 448 milyon 726 min 224 manat və ya 43,7 faiz artacaq. Növbəti il üçün məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 1 milyard 973 milyon 67 min 124 manat təşkil edəcək ki, bu həmin il üçün nəzərdə tutulan ümumtəhsil xərclərindən 267 milyon 714 min 321 manat çoxdur.

Növbəti ildə dövlət büdcəsinin gəlirlərinin 96,7 faizii mərkəzləşdirilmiş gəlirlərin, 3,3 faizi yerli gəlirlərin payına düşəcək. Yerli gəlirlərin bu səviyyədə proqnozlaşdırılması regionların iqtisadi və maliyyə potensialının aşağı olması ilə izah edilə bilər. Məsələn, 2020-ci ilin büdcə proqnozu göstərir ki, gələn il Naxçıvan Muxtar Respublikasının yerli gəlirləri onun büdcə gəlirlərinin 22 faizini təşkil edəcək. Odur ki, muxtar respublikaya ayrılacaq dotasiya ötən illə müqayisədə 105 milyon 990 min manat və ya 37,6 faiz artacaq. Belə ki, gələn il üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 387 milyon 890 min manat proqnozlaşdırılıb. Məlumat üçün qeyd edim ki, bu il üçün gözlənilən dotasiyanın məbləği 300 milyon 360 min manatdır.

Yekunda bu suala cavabımı ümumiləşdirərək onu bildirmək istərdim ki, məhz idarəetmə xərclərinin, birdəfəlik təyinatlı xərclərin eləcə də əvvəlcədən bölüşdürülmədən ehtiyat vəsait kimi nəzərdə tutulan xərclərin lüzumsuz artırılması hesabına 2020-ci il üçün Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri -14 milyard 339 milyon 200 min manat olacaq. Bu o deməkdir ki, neft-qaz gəlirləri olmadan cəmi xərclərimizin bu qədəri ödənilməmiş qalır. Bu məbləğ dövlət büdcəsinin xərclərinin 53,2 faizini təşkil edir.

- Adətən bu vaxta qədər büdcə müzakirə olunarkən onu ləyaqətli büdcə adlandırırdılar. Bu dəfə isə daha çox sosialyönümlü büdcə deyirlər. Bu büdcənin sosialyönümlü olması özünü nədə göstərir və ya göstərəcək?

- Doğrudur, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10,4 mlrd. manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 2605,8 mln. manat və ya 33,5 faiz çoxdur. Sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2019-cu illə müqayisədə 7,7 faiz bənd çox olmaqla 38,5 faiz təşkil edəcək. Sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclər üçün 2020-ci ilin büdcə layihəsində 8402,2 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2019-cu ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 2210,8 mln. manat və ya 35,7 faiz çoxdur. Artım sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin funksional təsnifat üzrə strukturunda bütün bölmələrdə müşahidə edilir. Ən böyük artımın 912,8 mln. manat olmaqla təhsil bölməsi üzrə olacağı proqnozlaşdırılır. Sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin ÜDM-ə nisbəti 10,1 faiz, dövlət büdcəsinin nəzərdə tutulan cəmi xərclərində xüsusi çəkisi isə 31,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu istiqamətdə nəzərdə tutulan xərclərdə “sosial müdafiə və sosial təminat” və “təhsil” bölmələri müvafiq olaraq 38,6 faiz və 37,6 faizlə ən böyük xüsusi çəkiyə malikdir.

“Sosial ödənişlər” bölməsində cəmi büdcə xərclərinin 11,9 faizə bərabər olmaqla 3192,4 mln. manat məbləğində vəsait proqnozlaşdırılmışdır. Ümumilikdə həmin vəsaitin 47,6 faizi pensiyalar, müavinətlər və yardımların maliyyələşdirilməsi məqsədilə “Sosial sığorta” köməkçi bölməsinin, 52,0 faizi imtiyazlı təbəqələri əhatə edən sosial yardımların və 0,4 faizi isə dövlət qulluqçularına müavinətlərin, kommunal və digər xidmətlərə görə təzminatların payına düşür. Sosial sığorta ilə bağlı nəzərdə tutulmuş 1518,2 mln. manat məbləğində vəsaitin 94,0 faizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə icra ediləcəkdir. Bu vəsait Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədi daşıyır.

Sosial yardımlar üçün nəzərdə tutulmuş 1659,6 mln. manat məbləğində vəsaitin 13,2 faizi ünvanlı dövlət sosial yardımlarının, 0,7 faizi aztəminatlı ailələrə verilən uşaq müavinətlərinin, 36,9 faizi yaşa, əlilliyə və ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud 16 yaşadək uşaqlara verilən müavinətlərin və digər dövlət sosial yardımlarının, 28,8 faizi Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin, 20,1 faizi məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara verilən aylıq müavinətlərin, 0,2 faizi sosial yardım üzrə digər ödənişlərin və 0,02 faizi kommunal güzəştlərin ödənilməsinə proqnozlaşdırılıb. Qeyd edək ki, müvafiq istiqamətlər üzrə cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə artım Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı fərmanlarla aidiyyəti artım templərinə uyğundur. Odur ki, 2020-ci ilin büdcə layihəsində əməyin ödənişi ilə bağlı xərclərə növbəti ildə 6721,3 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu, cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 43,5 faiz çoxdur. Əməyin ödənişi ilə bağlı xərclərin 81,4 faizi əməkhaqqı və 18,6 faizi əməkhaqqına görə ayırmalarla bağlı proqnozlaşdırılmış, bu iki köməkçi bölmənin ümumi bölmə üçün nəzərdə tutulmuş artımda payı müvafiq olaraq 78,6 faiz və 21,4 faiz təşkil edir. Qeyd edək ki, əməyin ödənişi ilə bağlı xərclər növbəti il üçün cəmi xərclərin 25,0 faizə bərabər olmaqla proqnozlaşdırılmışdır ki, bu da 2018-ci ilin icra və 2019-cu ilin gözlənilən icra göstəricisi ilə müqayisədə müvafiq olaraq 5,6 və 6,1 faiz bəndi çoxdur. Gələn ilin büdcəsindən əməkhaqqına görə ayrılmalara 1249,5 mln. manat məbləğində və ya 2019-cu ilin sonuna gözlənilən məbləğlə müqayisədə 53,8 faiz çox vəsait nəzərdə tutulub.

- Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfert nəzərdə tutulur. Bu, onu deməyə əsas verir ki, bu il də dövlət büdcəsi yenə daha çox neft gəlirləri hesabına formalaşacaq?

- Təəssüf ki, elədir və ən pisi odur ki, yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə ciddi məhdudiyyət qoymur. Belə ki, 29 iyul 2018-ci il tarixdə ““Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 11-1.2. maddəsində ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunub. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilib. Fiskal qaydalara görə, hər il xərclənə bilən neft gəlirləri proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə hesablanır. 2020-ci ilin büdcə layihəsinin ilkin təqdimatı göstərir ki, qeyri-resurs sektoru hesabına xərclərin artımının təmin edilməsi mümkün olduğu tədqirdə, Azərbaycan hökuməti fiscal qaydaların mövcudluğu şəraitində də neft gəlirlərinin dövlət büdcəsinə transfertini yüksək səviyyədə saxlayır. Belə ki, gələn ARDNF-dən dövlət büdcəsinə transferlər 11,35 milyard manat və ya büdcə gəlirlərinin 47 faizini təşkil edəcək. Hesablamalara görə, büdcə gəlirlərinin 43 faizi qeyri-neft sektorunun, 56,1 faizi neft sektorunun payına düşəcək. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin hazırladığı orta müddətli dövrdə (2020-2023-cü illərdə) ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz proqnozlaşdırılıb. İqtisadiyyatın maliyyə potensialından zəif istifadəni keçmiş SSRİ-nin neft və qazla zəngin olan ölkələri ilə müqayisədə də aydın görmək olar. Belə ki, 2020-ci ildə Rusiyanın büdcə gəlirləri 293,2 mlrd. dollar və hər adama 2027 dollar, Qazaxıstanın büdcə gəlirləri 30,3 mlrd. dollar və hər adama 1666 dollar olduğu halda, Azərbaycan büdcə gəlirləri 14,2 mlrd. dollar və hər adama 1377 dollar proqnozlaşdırılıb. Bu da ondan irəli gəlir ki, büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun (DNF) transfertləri hələ də əsas mənbə olaraq qalır.

- Bu büdcəyə ötən il vergilər sistemində aparılan dəyişikliklərin payı və ya təsiri varmı?

- Növbəti il üçün qeyri-neft büdcə gəlirlərinin qeyri-neft ÜDM-nə faiz nisbəti 19,4 faiz təşkil edəcək. Bütövlükdə 2020-ci ildə qeyri-neft büdcə gəlirlərinin məbləği 10604,5 milyon manat proqnozlaşdırılıb ki, onun da 5695,0 milyon manatı və ya 53,7 faizi keçmiş Vergilər Nazirliyi tərəfindən yığılacaq. Hazırda Vergilər Nazirliyinin funksiyanı həyata keçiriəcək İqtisadiyyat Nazirliyi proqnozunun əvvəlki ilə nisbətən artım tempi 113,9 faiz olacaq. Göründüyü kimi qeyri-neft büdcə gəlirləri üzrə artımın əsas mənbəyi keçmiş Vergilər Nazirliyi (13,9%) və Dövlət Gömrük Komitəsi (8,0%) tərəfindən ödənilən daxilolmalar, eyni zamanda, büdcə təşkilatlarının ödənişli xidmətlər üzrə daxilolmalarının əhəmiyyətli (34,0%) artımı təşkil edəcəkdir.

Mütləq rəqəmlərlə ifadə etsək görərik ki, növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin növbəti il üçün təklif olunan proqnozları keçmiş Vergilər Nazirliyi üzrə 7875,0 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 4000,0 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin icra və 2019-cu ilin gözlənilən icra göstəricilərindən, nazirlik üzrə, müvafiq olaraq 459,5 mln. manat və ya 6,2 faiz və 559,0 mln. manat və ya 7,6 faiz, komitə üzrə isə, müvafiq olaraq 565,9 mln. manat və ya 16,5 faiz və 298,0 mln. manat və ya 8,0 faiz çoxdur.

Beləliklə də, 2020-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 47 faizi Dövlət Neft Fondundan daxilolmaların, 32,6 faizi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 16,6 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 3,8 faizi isə digər mənbələrin payına düşür.

- Növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir. Qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilib ki, bu, 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur. Bunu qapatmaq mümkün olacaqmı?

- Büdcə kəsirinə gəlincə, həqiqətən də növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2779,2 mln. manat məbləğində müəyyən edilib ki, bu, 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2556,5 mln. manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 mln. manat və ya 37,4 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4 faiz proqnozlaşdırılıb, ilin sonuna 0,3 faiz təşkil edib. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6 faiz olacağı gözlənilir. Növbəti il il üçün bu nisbət cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3 faiz təşkil edəcəyi nəzərdə tutulub. Sözsüz ki, kəsir nə qədər böyük olarsa, bir o qədər də onun örtülməsi üçün mənbələrin təmin edilməsi ağır olur. Eyni zamanda onu da qeyd edək ki, büdcə kəsirinin artması və onun maliyyələşdirilməsi üçün daha çox borc alətlərindən istifadə olunması orta və uzun müddətdə büdcə dayanıqlığı, habelə makroiqtisadi sabitlik üçün təhlükəlidir. Onun maliyyələşməsinə gəlincə, növbəti il üçün mənbələri dəyişdirilməmiş, büdcə kəsirinin əsasən vahid xəzinə hesabının qalığı vasitəsiə bağlanılması nəzərdə tutulub. Maliyyə Nazirliyi iddia edir ki, növbəti ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün vahid xəzinə hesabında toplanmış, əsasən dövlət büdcəsinin əvvəlki illərdən toplanan ehtiyatlarından, o cümlədən cari ildə vergi və gömrük daxilolmaları üzrə proqnozla nəzərdə tutulmuş məbləğdən əlavə yığılan vəsaitdən istifadə olunacaqdır. Qeyd olunan mənbə hesabına büdcə kəsirinin 60 faizi örtüləcəkdir. Göründüyü kimi, hətta ən optimist ssenaridə kəsirin 40 faizinin hansı mənbələr hesabına maliyyələşdiriləcəyi sual doğurur.

Bununla yanaşı, icmal büdcənin neftdən asılılığını ölçmək üçün istifadə edilən daha bir fiskal dayanıqlılıq göstəricisi qeyri-neft büdcə kəsiridir. Gələn il üçün hesablanan qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-nə faiz nisbətinin 34,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Maliyyə Nazirliyi qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, 2020, 2021, və 2022-ci illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda xüsusi çəkisi üzrə hədəf göstəriciləri müvafiq olaraq 30.1, 29.1 və 28.1 faiz olaraq müəyyən edilib. Əslində dövlət büdcəsində gəlirlər neft və qeyri-neft basasında təsnifləşdirilməli deyil. Çünki normal dünya praktikasında bu gəlirlər resurs və qeyri-resurs gəlirlər adı ilə təsnif olunur. Azərbaycanda qaz gəlirlərinin və digər mədən hasilat sənayesi məhsullarının (qızıl, gümüş və sair) artdığını nəzərə alsaq, onda qeyri-resurs baza kəsirinin qeyri-resurs ümumi daxili məhsulda xüsusi çəkisi 35 faizdən çox təşkil edəcəkdir.

Qeyri-resurs baza kəsirinin qeyri-resurs ümumi daxili məhsulda səviyyəsinin yüksək olması onu da göstərir ki, büdcənin tarazlığı ciddi risk altındadır və onun ildə orta hesabla 1 faiz azaldılması ilə razılaşmaq mümkün deyildir. Həqiqətənmi hələ bundan sonra 25 il də lazımdır ki, qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda xüsusi çəkisi normal səviyyəyə endirilsin?

Daha bir mühüm göstərici DNF-nin transfertinin DNF-nin gəlirlərinə nisbətidir. Proqnozlaşdırılan dövr üzrə bu rəqəm 91,6 faiz nisbətindədir. Bu, kifayət qədər böyük rəqəm hesab edilə bilər. Bu nisbətin davamlı artımı Fondun qarşıdakı illərdə yığım imkanlarını məhdudlaşdıracaqdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zp8jf0

Ən çox baxılan