Belçika Nümayəndələr Palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

İyulun 17-də Brüsseldə Belçika Nümayəndələr Palatası Azərbaycana qarşı qətnamə qəbul edib.

Qətnamədə Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqi və hazırda Bakıda saxlanılan erməni əsilli şəxslərin azad olunması tələb olunur.

Sənəddə Azərbaycanın “Qarabağ və onun erməni əhalisinə qarşı hərəkətlərinin” beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olduğu qeyd edilir. 

Həmçinin, rəsmi Bakının irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası pislənir və bu təşəbbüsün bölgədə sabit sülhə təhdid olduğu vurğulanır.

Azərbaycan tərəfi bu konsepsiyanı humanitar və hüquqi məsələ kimi təqdim edir və bildirir ki, bu, Ermənistan ərazisindən 1988–1991-ci illərdə köçürülmüş azərbaycanlıların dədə-baba torpaqlarına sülh yolu ilə qayıdışını hədəfləyir. 

Rəsmi Bakı bu təşəbbüsün heç bir ərazi iddiası daşımadığını bildirir.

Qətnamədə həmçinin hazırda Bakıda məhkəməsi davam edən Qarabağ separatçılarına ədalətli məhkəmə təmin olunmasına çağırış yer alıb. 

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi lokal əməliyyatı nəticəsində separatçı rejimin rəhbərləri – Arayik Harutyunyan, Bako Sahakyan, Arkadi Qukasyan, Davit Babayan, Davit İşxanyan və digər yüksək vəzifəli şəxslər saxlanılaraq Bakıya gətirilib. 

Onlara qarşı müharibə cinayətləri, soyqırım, deportasiya, qəsdən adam öldürmə və digər ağır ittihamlar irəli sürülüb. 

2024-cü ilin yanvarında onların Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi başlayıb

Belçika qanunvericiləri vurğulayır ki, Cənubi Qafqazda uzunmüddətli və sabit sülh yalnız Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında mümkündür. 

Qətnamədə Avropa İttifaqına çağırış olunur ki, əgər Bakı sülh prosesinə ciddi yanaşmasa, Azərbaycanla münasibətlər yenidən gözdən keçirilsin.

Azərbaycan rəsmilərindən qətnaməyə hələ ki, münasibət bildirilməyib. 

Ana səhifəSiyasətBelçika Nümayəndələr Palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib