BDU tələbəsi: Mənim oxumaq arzumu ürəyimdə qoymayın

Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Səbumə Yusifli təhsil haqqını ödəyə bilmədiyi üçün imtahanlara buraxılmaya bilər.

Foto:: Meydan TV

Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Səbumə Yusifli təhsil haqqını ödəyə bilmədiyi üçün imtahanlara buraxılmaya bilər. Bu, təkcə onu yox, bütün qrup yoldaşlarının narahatlığına səbəb olub.

Meydan TV-yə müraciət edən tələbələr deyirlər ki, Səbumə Yusifli iki kursdur ödəniş edə bilmir, onun borcu 4200 manata çatıb. Bu səbəbdən də universitetdən xaric olunma təhlükəsi ilə üz-üzədir.

Səbumə Yusiflinin özü də videomüraciət yayıb. 2002-ci ildə BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan xanım deyir ki, təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini məcburi dondurub. 2017-ci ildə isə yenidən bərpa olunub:

“Çünki heç bir zaman içimdə oxumaq eşqi bitmədi. Həmişə oxumaq istəmişəm. Hazırda 4-cü kursda oxuyuram. İndiyə kimi təhsil haqqını ödəyə bilirdim. İndi ödəyə bilmirəm, çünki atam açıq ürək əməliyyatı keçirib, maddi sıxıntım çoxdu. Özüm bir uşaq anasıyam. Uşağımı rayonda qoyub oxumağa gəlmişəm. İndi eşitdim ki, məni imtahana buraxmayacaqlar. Çünki mən təhsil haqqını 2 ildir ödəyə bilmirəm. Sizdən çox xahiş edirəm, əgər mümkündürsə, təhsil haqqımı ödəməkdə mənə kömək edin. Mənim oxumaq arzumu ürəyimdə qoymayasız”.

Səbumə Yusifliyə yardım məqsədilə “Kapital bank”da hesab da açılıb. Ona yardım etmək istəyənlər istənilən milliön terminalından “4169741388480392” hesab nömrəsi vasitəsilə Səbumə Yusifliyə yardım edə bilər.

BDU-nun mətbuat xidmətindən Meydan TV-yə məsələni araşdıracaqlarını bildiriblər.

Ana səhifəSosialBDU tələbəsi: Mənim oxumaq arzumu ürəyimdə qoymayın