80 yaşlı jurnalistin ağciyər xərçəngindən əziyyət çəkdiyi deyilirdi
Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.
Bu barədə məlumatı BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Facebook” səhifəsində paylaşıb.
80 yaşlı Nəsir Əhmədlinin ağciyər xərçəngindən əziyyət çəkdiyi deyilirdi.
V.Zifəroğlu Nəsir Əhmədlinin doğulduğu Tovuz rayonunda dəfn olunacağını bildirib.
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında işləyib.
2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışan N.Əhmədli “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib.
Nəsir Əhmədli 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.
Eyni zamanda, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.