BDU-da zəhərlənmə, tələbələr arasında ölən var (yenilənib)

“Hələlik hadisənin baş vermə səbəbi məlum deyil”.

Source:
“Təcili yardım tələbələri gecə xəstəxanaya aparsaydı, ölən olmayacaqdı”

***


16.25.


Tələbələrin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğu məlumat yayıb. Bildirilir ki, polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Oradan qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.


Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə ekspertizalar təyin edilib.


Məlumatda o da bildirilir ki, hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Onların müalicəsi stasionar şəraitdə davam etdirilir.


“İş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

***


İki tələbənin vəziyyətinin kritik olduğu bildirilir

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub.

Təcili Tibbi Yardım həkimləri yataqxana otağında huşsuz 3 tələbə qız tapıblar. Onlar kimya fakültəsinin tələbəsi – 1998-ci il təvəllüdlü Həmidə İbadova, kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva və 1999-cu il təvəllüdlü Şəkər Hasmətovadır.


APA

yazır ki, qızlardan ikisinin vəziyyəti ağırdır. Biri isə tapılanda ölübmüş. Ölən tələbənin Şəkər Hastəmova olduğu bildirilir.

Hadisə barədə Təcili Tibbi Yardıma 12.35-də məlumat verilib. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlibmiş:

“Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir”.

Baş toksikoloq Azər Maqsudov da hadisə ilə bağlı araşdırma aparıldığını söyləyib: “Hələlik hadisənin baş vermə səbəbi məlum deyil”.

Ana səhifəSosialBDU-da zəhərlənmə, tələbələr arasında ölən var (yenilənib)