BDU-da döyülən gənc həbs oluna bilər

Bakı Dövlət Universitetinə keçmək istəyən bütün tələbələrin vəsiqələri yoxlanılır. Bu ciddi rejim, tələbələrin yenidən aksiyası keçirmək niyyəti ilə bağlıdır.

Ağızlarına yapışqan vurub kəsr imtahanlarının pullu edilməsinə etiraz edəcəyini deyən tələbələr, fevralın 24-dəki aksiyalarını təxirə salmalı olublar. Universitetin tarix fakültəsinin tələbəsi Araz Bağırov, jurnalistlərin universitetə buraxılmamasına görə aksiyanı təxirə saldıqlarını bildirir. Onlar polis işçilərinin zorakılıq edəcəyindən çəkiniblər:

Universitetin giriş-çıxışlarına mülki geyimli polislər də nəzarət edirdilər.  Onlar özlərini təqdim etməkdən yayındılar. Əraziyə Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsgərov da gəldi.

İKİ TƏLƏBƏ POLİSƏ ÇAĞIRILIB

Bakı Dövlət Universitetinin iki tələbəsi aksiyadan öncə Nəsimi rayon Polis İdarəsinə çağırılıb.  Ofeliya Abdullayeva jurnalistlərə danışmasa da  tələbə Hüseyn Novruzov universitetinin mühafizəçisinin şikayəti ilə idarəyə çağırıldığını deyib. Universitetin təsərrüfat üzrə prorektoru Nəbi Ramazanlı polis idarəsində bildirib ki, Hüseyn Novruzov mühafizəçi Ruslan Rüstəmovu döyüb.

Tələbə Hüseyn Novruzov da bir neçə gün öncə universitetin mühafizəçisi Ruslan Rüstəmovun onu döyməsi ilə bağlı polisə şikayət edibmiş. Amma o, öz ərizəsi ilə bağlı polis idarəsində hansı işlərin aparılmasından xəbərsizdir.

“TƏLƏBƏLƏR HEÇ KIMI YEMIRLƏR”

Tələbə Araz Bağırov deyir ki, rektor Abel Məhərrəmov ötən müsahibələrində heç kimə təzyiq göstərilmədiyini bildirsə də, bu həqiqətə uyğun gəlmir:

“Biz bu gün səhər uşaqların polisə aparılmasından görürük ki, buna əməl olunmur. Universitet tələbələrindir, bizimdir. Burda bizimlə yad adam kimi davranmasınlar. Universitetdə hər yerdə polis qaynayır. Bakı Dövlət Universiteti Baki Polis Universitetinə çevrilib. Yəni bu qədər abartmaq, tələbələrdən belə qorxmaq lazım deyil. Tələbələr heç kimi yemirlər. Heç kimin üzərində silah yoxdu”.

Araz Bağırov aksiyaçıların bəyanatını açıqlayıb. Onlar Nazirlər Kabinetinin qərarına yenidən baxılmasını, əlavə kreditlərə görə pul ödənilməsinin dayandırılmasını, Tələbə Həmkarlar İttifaqının aksiya iştirakçılarına zor tətbiq edən əməkdaşlarının cəzalandırılmasını, Həmkarlar İttifaqının sədrliyi üçün şəffaf seçkilərin keçirilməsini istəyirlər.

Universitetin müəlliməsi Aidə Qəmbər də hesab edir ki, tələbələrin istəkləri nəzərə alınmalıdır:

“Mənim fikrim odur ki, bu problemi kökündən həll edilməlidir. Yəni tələbələri dinləmək və onların bütün iddialarını, təkliflərini, tələblərini araşdırmaq, bu məsələni çözmək lazımdır. Burda oxuyanların hamısı vəziyyətin nə yerdə olduğunu bilir. Şəffaflıq olmalıdır, tələbə bilməlidir ki, burda nə üçün təhsil alır. Müəllimlər də bilsin ki, bu maaşa vicdanla, ürəklə işləməlidirlər, universitetdə dəsr deməlidirlər”.

Sevinc Vaqifqızı

Meydan TV

Ana səhifəVideoBDU-da döyülən gənc həbs oluna bilər