İqtisadçı: “Mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi üçün yoxlamalar aparılmalıdır”.
“Koronavirus Azərbaycanda yayılmadan öncə, hardasa, yanvar-fevral aylarında 50 kiloluq unu 25 manat 50 qəpiyə alırdıq. 6 nəfərlik ailəyik, 2 günə 10 çörək bişiririk. İlkin karantin dövrü elan edildikdən sonra unun qiyməti qalxıb oldu 28 manat 50 qəpik”.
Sulutəpə sakini 58 yaşlı Ədibə Hacıyeva belə deyir. Bildirir ki, un evlərində ən tez bitən ərzaqdır. İkinci çox aldıqları və evlərində sevilən ərzaq makaron və düyüdür:
“Onların qiymətində hələlik, kəskin artım yoxdur. Ancaq un çox qalxıb. 5 gün əvvəl bir kisə də un aldıq. Kisəsinə 30 manat verdik (50 kilo). Ancaq 32 manatdan təklif edilən unlar da var idi. Hansı ki, həmişə işlətdiyimiz unun kisəsi 26 manata çatmırdı. Qara un isə ümumiyyətlə, tapılmır. Əvvəl 45 kiloluğunu 27 manata alırdıq. Yerli istehsal buğda unudur. İndi həmişə aldığımız yerdən dedilər ki, 1 aydır bir kisə də gəlməyib”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da deyir ki, bazarda həm un qıtlığı yaranıb, həm də qiyməti sürətlə bahalaşır:
“50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə, topdansatış müəssisələrinin çoxu satışı dayandırıb. Qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq. Odur ki, mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin bahalaşmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır”.
Eyni zamanda, iqtisadçı deyir ki, Kənd Təsərrüfatı Nazirliyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ni götürüb baxmalıdırlar ki, 2020-ci ilədək orada qeyd edilənlərdən hansına nail olublar.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:
● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;
● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;
● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması;
● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
● paytaxtda və iri şəhərlərdə 5 “yaşıl market”in və 50 “fermer mağazası”nın qurulması;
● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;
● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.
Qubad İbadoğlu deyir ki, Qida Təhlükəsizliyi Agentliyi xalqa hesabat verməlidir. Nə qədər taxıl və un ehtiyatı qaldığını, tələbatın indiki səviyyəsi ilə onun nə vaxta qədər bəs edəcəyini açıqlamalıdır.
Meydan TV Qida Təhlükəsizliyi Agentliyindən məsələyə münasibət öyrənə bilməyib.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 70 minə yaxın şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.
Eyni zamanda, bir çox dünya ölkələrində marketlərin boş qalan rəflərinin fotoları yayılıb. İnsanlar virusa görə uzun müddət evdə oturmaq üçün ərzaq tədarükü görürlər. Azərbaycan rəsmiləri isə tez-tez açıqlamalarında ölkədə qıtlıq probleminin olmayacağını, marketlərin, qida anbarlarının dolu olduğunu söyləyirlər.
Aprelin 5-dən
Azərbaycanda da karantin rejimi gücləndirilib. Yeni qərara əsasən, aprelin 20-dək sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər: Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.