Satıcılar yemin bahalaşdığını, bu səbəbdən sərfəli olmadığını deyirlər
Bakı bazarlarında toyuq əti bahalaşıb. Bölgələrdən gətirilən diri toyuğun qiyməti də 1.50-2 manat arası artıb. Satıcılar Meydan TV-yə bildiriblər ki, az qala hər ay qiymət 5-10 qəpik artır, nəticədə bir neçə ay ərzində ciddi artım hiss edilir.
“Bu mövsümdə diri toyuq az olur, amma qiymət ötən ilə nisbətən artıb. İndi çəkisindən asılı olmayaraq 15 manatdan aşağı diri toyuq yoxdur. Çünki yem bahalaşıb, sərfəli deyil”,-satıcılardan Vüqar Məmmədov deyib.
Toyuq əti 4.5 manatdan 5.9 manata, file 8 manatadək bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda inflyasiya 1.7 faiz təşkil edib. Ayrı-ayrılıqda qida məhsullarından düyünün, qoyun və toyuq ətinin, təzə balıq, yumurtanın qiymətində artım olub.
Lənkəranda quşçuluq təsərrüfatı ilə məşğul olan Cavad Axundov isə bildirib ki, toyuğun maya dəyərinin 70 faizini yem təşkil edir. Yem və dərmanlar bahalaşıb.
“Yemin tərkibinə qatılanlar da bahalaşıb, digər xərclər də nəzərə alınsa, indiki qiymətlər xərci ödəməyə güclə yetir”,-fermer bildirib.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası hələlik məsələyə münasibət bildirməyib.