Bayram və Qiyas

Bu yazını ona görə yazıram ki, sabah heç kim, heç kimin haqqını yeməsin

Source:
Bayram və Qiyas
Bayram və Qiyas
Emin Aslan
Emin Aslan


Bu yazını ona görə yazıram ki, sabah heç kim, heç kimin haqqını yeməsin

Bugünlərdə Vaslav Havelin “Qəsrə doğru və keçmişə” adlı kitabını bitirdim. Kitabda Havel prezidentliyi dövründə gündəlik həyatda yaşadıqlarını, prezidentlikdən sonrakı xatirələrini və bir jurnalistin ona keçmişilə bağlı verdiyi suallara cavablarını toplayaraq kitab halına gətirib. Keçmiş, indiki və gələcək zaman qəribə formada bu kitabda birləşib. Kitab Havelin, onun yoldaşlarının keçdiyi yola, yaşadıqları çətinliklərə, üzləşdikləri problemlərə işıq tutur, bizi Çexiyanın kommunist və post-kommunist dövrü ilə tanış edir.

Kitabda diqqətimi çəkən məqamlardan biri Havelin Çexiyada kommunist hakimiyyətinin çökməsinə yalnız tarixi determinizm müstəvisində baxan insanlara etirazı idi. Havel bu çöküşdə dissidentlərin, mübariz fərdlərin rolunu azaldan baxışa, anlayışa etiraz edir, yalnız çex xalqının etirazının əsas müəyyənedici qüvvə olması fikrini qəbul etmir. Havel konformizmə, ləyaqətsiz yaşayışa, yalana yuvarlanmış çex xalqının kommunist hakimiyyətinin devrilməsində yeganə oyunçu olması düşüncəsini qəti yaxın buraxmır. O, bu baxışı dissidentlərin əməyinin heçə endirilməsi kimi qiymətləndirir. Havel acıqlı formada bir zamanlar onun mübarizəsinə rişxənd edən çoxluğu tənqid edir, ona dəli-divanə kimi yanaşdıqlarını yazır: “Onlar məni başını divara vuran insan hesab edirdilər, amma mən o divarı aşırda bildim”.

Başını divara vuran insan, tanış anlayışdır, deyilmi?

Bayram və Qiyas bizim çirkə bulaşmışlar cəmiyyətində təmiz qalmış nadir nümunələrdir. Bayram və Qiyas insanın yalnız yemək, yatmaq, törətmək və ölmək üçün bu dünyaya gəlmədiyini başa salmağa çalışır. Onlar kor olmuşlar arasında görən göz, lal olmuşlar arasında danışan dil, əli-qolu bağlanmışlar arasında azad vücuddurlar. Onlar şərə qarşı çıxıblar. Ölümü, həbsi gözə alıblar. Onları fərqləndirən də elə budur.

Sabah, biri gün, daha biri gün, olmasın beş il, on il sonra bu insani üzünü itirmiş hakimiyyət çoxluğun gücü ilə yox, qaranlığın göz çıxardığı mühitə işıq tutan Bayramla Qiyas kimi tək-tük azad fərdlərin mübarizəsinə görə diz çökəcək, məğlub olacaq. Belə fərdlərin indiki əməyini, cəsarətini “tarixi proses” kontekstinə salacaq, sanki məchul qüvvə tərəfindən idarə olunan o “obyektiv şərtlər” işığında qiymətləndirəcək bütün gələcək baxışları indidən rədd etdiyimi deyirəm! Əsl qəhrəmanlar belələridir, çoxluğun hərəkətlənməsini fürsət gözləyənlər yox.

Haqqı haqq edən almalıdır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBayram və Qiyas