Vəkilin vəsatətləri təmin olunmayıb
Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotik ittihamı ilə həbs cəzası alan “N!DA” üzvü Bayram Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda Bayram Məmmədovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. O, B.Məmmədovun barəsində olan cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, həbs olunduğu ilk günlərdə alınan ifadələrin sübutlar siyahısından çıxarılması haqda vəsatətlər verib.
E.Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsində Bayram Məmmədovun işinə baxılarkən onun son söz demək hüququnun məhdudlaşdırıldığını, onun cibindən və evindən tapıldığı iddia olunan narkotikin üzərində B.Məmmədovun əl izlərinin olub-olmadığının müəyyənləşdirilməsindən ötrü ekspertizanın keçirilmədiyini deyib.
Vəkil narkotik vasitə ilə bağlı da vəsatət verib. O, həmin narkotikin məhkəməyə gətirilərək yandırılmasını istəyib:
“Bayram həmin narkotiklə başqalarının da şərlənməsini istəmir”.
Məhkəmə vəsatətləri təmin etməyib.
Proses fevralın 3-də davam edəcək.
Bayram Məmmədov mayın 10-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.
Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.
Məhkəmə prosesində Bayram Məmmədov ona verilmiş ittihamlarla razılaşmadığını, heykələ şüar yazdığına görə cəzalandırıldığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.