Bayram Məmmədov barəsindəki hökm qüvvədə saxlanıldı

Vəkil: ”Avropa İnsan Hüquqları Məhkəməsinə qədər şikayət edəcəyik”

Source:


Vəkil: ”Avropa İnsan Hüquqları Məhkəməsinə qədər şikayət edəcəyik”

Febralın 10-da Bakı Apelyasiya Məhkəməsində narkotik ittihamı ilə həbs cəzası alan NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda Bayram Məmmədovun vəkili Elçin Sadıqov çıxış edib. O bildirib ki, B.Məmmədov saxlanılan zaman müdafiə hüququ, həmçinin Avropa Konvensiyasının bir neçə bəndi pozulub. Vəkilin sözlərinə görə B.Məmmədovun üzərinə baxış keçirən hal şahidləri də istintaq orqanı ilə əməkdaşlıq edən şəxslər olub. Hakim isə vəkilin narkotik ittihamına münasibət bildirməməsinin səbəbini soruşub. E. Sadıqov isə deyib ki, həmin ittiham saxta olduğu üçün onun haqqında nəsə danışmağa ehtiyac bilmir. O, B.Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim B.Məmmədovdan vəkili ilə razı olub-olmadığını soruşub. O, vəkili ilə razı olduğunu deyib. Hakim ondan “Sən də hesab edirsən ki, narkotik ittihamə saxtadır?” – deyə soruşub. B.Məmmədov isə ona “mən hesab etmirəm, əminəm ki, bu ittiham saxtadır” – deyib.

Prokuror isə apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Müşavirədən sonra hökm elan edilib. Məhkəmə B.Məmmədov haqqında olan hökmü qüvvəsində saxlayıb.

E. Sadıqov jurnalistlərə açıqlamasında Avropa İnsa  Hüquqları Məhkəməsinə qədər şikayət edəcəklərini deyib.

Bayram Məmmədov ötən il mayın 10-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.

Məhkəmə prosesində Bayram Məmmədov ona verilmiş ittihamlarla razılaşmadığını, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə cəzalandırıldığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərBayram Məmmədov barəsindəki hökm qüvvədə saxlanıldı