Bayıl yamacında yaşayan sakinlər ev ilə məktəbin arasında qalıblar. Sürüşmə təhlükəsinə görə məktəbdə gecələyib, gün boyu da evlərinə baş çəkib qayıdırlar.
19 fevralda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərin yerləşdirildiyi 163 nömrəli məktəbə gələrək sabah 67 ailəyə kirayə haqqı ödəniləcəyini çatdırıb. Kirayə haqqı ailə tərkibindən asılı olaraq minimum 260 manat olacaq. Sürüşmə nəticəsində dağılan 4 evə veriləcək kompensasiyanı Nazirlər Kabineti müəyyənləşdirir. O bildirib ki, ərazi ilə bağlı mütəxəssislərin rəyi hələ hazır deyil. Görüşdən çıxan Emin Nağıyev aqibətlərinin necə olacağı ilə bağlı hələ dəqiq cavab verilmədiyini deyir.
Sürüşmə ərazisinin kənarında yaşayan sakinlər də əziyyət çəkirlər. Onlar deyirlər ki, bir aya yaxındır suyu pulla alırlar.
Bayıl yamacında sürüşmə noyabrdan başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov mətbuata deyib ki, Bayıl yamacının 6,9 hektar ərazisində sürüşmə gedir. Bu ərazidə olan 106 evin hamısına təhlükə var.