”Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur”


İcra başçısı: “Sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür”

Fevralın 10-da Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb.

Hadisə yerinə gələn Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: “Hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək”.

Onun sözlərinə görə, sakinlər birillik kirayə pulu ilə təmin olunacaq.

E.Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı: “Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.

A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir. FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə işləyir, məsələni aydınlaşdırır.

Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr, ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır. “Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər”.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.

Ana səhifəVideo”Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur”