Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb

Rusiya-Ukrayna, Foto: Tomas Ragina/shutterstock

Mariya Zaxarova: “ABŞ səfirini “ağır söhbət” gözləyir”

ABŞ Prezidenti Co Bayden seçkilərə müdaxilədə və Amerika dövlət qurumlarının IT-sisteminə kiber hücumlarda şübhəli bilinən Rusiya şirkətlərinin fiziki və hüquqi şəxslərinə sanksiya tətbiq edib.

Ağ Evin yaydığı məlumata görə, ABŞ Prezidenti bununla bağlı fərman imzalayıb.

Bildirilir ki, sanksiya siyahısına Rusiyanın 6 texnoloji şirkəti və təşkilatı daxil edilib.

Rəsmi Vaşinqtonun məlumatına görə, onların 2020-ci ilin dekabrındakı haker hücumları ilə əlaqəsi ola bilər.

Onların arasında “ERA” hərbi innovasiya texnopolisi, “Pasit” şirkəti, «Neobit», AST, Positive Technologies və ixtisaslaşmış müdafiə və avtomatika hesablama qurğuları Elmi Tədqiqat İnstitutu var.

Bundan əlavə, prezident seçkilərinə müdaxilə etməkdə əlaqəsi ola biləcək 32 hüquqi və fiziki şəxsə qarşı da məhdudiyyətlər tətbiq olunacaq. 

Daha 8 şirkət və fiziki şəxs Rusiyanın Krımda iştirakı ilə bağlı sanksiyalar siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyi şirkətlərə Rusiya Maliyyə Nazirliyi, Milli Rifah Fondu və ya Mərkəzi Bank tərəfindən iyunun 14-dən sonra buraxılmış borc öhdəliklərini birbaşa əldə etməyi qadağan edir.

 Vaşinqton həmçinin Rusiya diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır.

«Heyətin tərkibinə Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri daxildir», – deyə qərarı Ağ Evdə izah ediblər.

Sanksiyalarla bağlı xəbərlər fonunda Rusiya rublu ucuzlaşmağa başlayıb.

Ağ Evin məlumatından sonra dollar 1,23 rubla, avro  isə 1,33 rubla qədər bahlaşıb.

Daha sonra Rusiya valyutasının dəyəri bir qədər sabitləşsə də, tədricən ucuzlaşmaqda davam edir.

Baydenin fərmanının dərcindən sonra Avropa İttifaqı ABŞ-la həmrəylik ifadə edib.

NATO-dakı müttəfiqləri də Moskvanın “sabitliyi pozan fəaliyyətinə cavab olaraq” sanksiyaların tətbiqi ilə bağlı ABŞ liderinə dəstəklərini nümayiş etdiriblər.

Eyni zamanda, ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb.

XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, səfiri “ağır söhbət” gözləyir.

Ana səhifəXəbərlərBayden Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb