ABŞ Prezidenti 690 milyon dollar ayıracağını dedi
ABŞ Prezidenti Co Bayden 2024-cü ildə bütün dünyada demokratik proqramların aktivləşməsi üçün 690 milyon dollar ayrılacağını vəd edib.
Co Bayden martın 29-da İkinci Demokratiya Sammitinin açılışında bu barədə danışıb.
O, əminliklə bildirib ki, vəziyyət dəyişəcək:
“Vəziyyəti dəyişdirəcəyik. Bu gün qürurla deyə bilərik ki, dünyada demokratiyaları zəifləmir, güclənir… Avtokratiyalar isə zəifləyir, güclənmir. Bu, bizim səylərimizin birbaşa nəticəsidir“.
“Tez-tez dediyimiz kimi, tarixin dönüş nöqtəsindəyik, bu gün qəbul edilən qərarlar, şübhəsiz ki, növbəti bir neçə onillikdə dünyadakı hadisələrin gedişatına təsir edəcək”, – o əlavə edib.
Məlumatı “Turan” yayıb.
Co Bayden vurğulayıb ki, demokratiyada avtomatik heç nə yoxdur:
“Biz bunu II Dünya müharibəsi zamanı Yunanıstan və Birləşmiş Ştatlar faşizmlə mübarizə apararkən gördük. Bunu “soyuq müharibə” dövründə xalqımızın kommunizmə qalib gəlmək üçün bir araya gəldiyində gördük. Baxın, uzun illər əvvəl Yunanıstan və Amerika vətənpərvərlərinin uğrunda mübarizə apardığı eyni dəyərlər: azadlıq, ləyaqət, demokratiya uğrunda bu gün də Ukraynanın cəsur xalqı mübarizə aparır və xalqlarımız bu mübarizəni dəstəkləmək üçün birləşir”.
Bayden əlavə edib ki, Vaşinqton texnologiyanın demokratiyaya qarşı yox, onun üçün işləməsini istəyir.
Ağ Ev sahibi ABŞ-ın kibertəhlükəsizlik və infrastruktur təhlükəsizliyi agentliyinin 9 ölkə ilə əməkdaşlıq etmək planlarını elan edib:
“ABŞ Böyük Britaniya, Avstraliya, Kanada, Danimarka, Estoniya, Fransa, Yaponiya, Yeni Zelandiya və Norveçlə birlikdə layihənin rəhbərlərindən biridir”.
Bayden Administrasiyası 120 dünya liderinə keçiriləcək Demokratiya Sammitinə dəvətnamə göndərib.
Dəvətlilər arasında Azərbaycan yoxdur.
Birinci Demokratiya Sammiti Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenin təşəbbüsü ilə 2021-ci ildə keçirilib.
İlk sammitə də Azərbaycan dəvət olunmayıb.