Başqan müavini Ziyafət Əsgərova cavab verdi

Elman Fəttah: “Yazıq adamlar əhəmiyyətsiz və heç bir nüfuzu olmayan hansısa uydurulmuş oyunlar üçün 8 milyarddan artıq vəsaiti havaya uçuranlardır”

Source:


Elman Fəttah: “Yazıq adamlar əhəmiyyətsiz və heç bir nüfuzu olmayan hansısa uydurulmuş oyunlar üçün 8 milyarddan artıq vəsaiti havaya uçuranlardır”

“Elə zəmanədə yaşayırıq ki, istəsək də, istəməsək də dünyada gedən proseslərlə bağlı siyasi və iqtisadi baxımdan müəyyən çağırışlar var. Bunu etiraf etmək lazımdır. Dövlətin də gücü ondadır ki, belə çağırışlara hazır olsun”.

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Z. Əsgərov hesab edir ki, Azərbaycan bu çağırışlara hazırdır: “Ola bilər ki, gələcəkdə bu çağırışların sayı artsın. Çünki bu gün dünyada iqtisadi cəhətdən tənəzzülə uğrayan dövlətlər var. Hətta Avropa İttifaqının özünün tərkibində iqtisadi tənəzzülə uğrayan dövlətlər mövcuddur. Digər tərəfdən, bir çox yerdə müharibə gedir, bir çox yerdə dövlətlərin özlərinin daxilində təlatümlər var. Azərbaycan da dünya birliyinin üzvüdür və ətrafımızda nə baş verdiyini də başa düşür, bilirik. Sözsüz ki, öz işimizi də görürük. Çalışırıq ki, Azərbaycan belə çağırışlara həmişə hazır olsun”.

Azərbaycanın bu vaxta qədər yürütdüyü balanslı xarici siyasətdə korrektəyə ehtiyac olub-olmamasına gəlincə, Z. Əsgərovun fikrincə, prezident İlham Əliyevin bu günə qədər apardığı siyasətin tamamilə doğru olduğu təsdiqini tapıb: “Bu siyasət xalqa arxalanır, bu siyasətin arxasında xalqın dəstəyi var”.

Ziyafət Əsgərov bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının I Avropa Oyunlarını boykot etməyə yönəlik çağırışlarına da toxunub. O, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağıran bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarına, insanlara sözün həqiqi mənasında yazığı gəldiyini vurğulayıb: “Çünki boykot çağırışları, qarayaxmalar, guya Azərbaycanı gözdən salmağa yönəlmiş çağırışların dövrü artıq keçib. Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də həmin qurumlar, insanlar belə gedişlər ediblər. Nəticəsi nə oldu? Heç bir nəticə olmadı, ola da bilməz. Çünki görünən dağa nə bələdçi? Ortada iş, inkişaf, Azərbaycanın həm siyasi, həm humanitar göstəriciləri, xalqımızın həyat şəraiti və xalqla iqtidarın birliyi var. Belə olan halda bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, bəzi dövlətlərdəki müəyyən qruplar və sapı özümüzdən olan baltalar bu mənasız işə baş qoşublar. “Eurovision” Mahnı Müsabiqəsində olduğu kimi, budəfəki cəhdlər də iflasa məhkumdur”.

Ötən ilin yanvarında Müsavat Partiyasının Məclisi siyasi məhbus problemi həll olunmayacağı təqdirdə Bakı-2015 Olimpiya Oyunlarının iştirakçılarına boykot çağırışı bəyanatı vermişdi.

Ziyafət Əsgərovun fikirlərinı münasibət bildirən Müsavat başqanının müavini Elman Fəttah Meydan TV-yə deyib ki, ən yazıq adamlar əhəmiyyətsiz və heç bir nüfuzu olmayan hansısa uydurulmuş oyunlar üçün ölkənin ağır durumda qoyub, 8 milyarddan artıq vəsaiti havaya uçuranlardır: “Əslində, həmin vəsaitlər məmur oliqarxiyasının oyunbazlığı üçün ayrılıb və özlərinin korrupsiya imkanlarının da onun içinə qataraq, mənimsəməklə məşğuldurlar”.

Elman Fəttah təmsil olunduğu partiyanın boykot qərarı olmadığını, amma bəyanat verdiklərini xatırlatdı: “Ölkədə 100-dən çox siyasi məhbusun olduğu zamanda imicin düzəldilməsi üçün belə tədbirin keçirilməsindənsə, milyardlarla vəsaiti daxili iqtisadiyyata yatırmaq və vicdan məhbuslarını azad etmək lazım idi. Bu qədər vicdan və siyasi məhbusun olduğu bir ölkədə hansısa oyunlar keçirmək eşqinə düşənlər çox yazıq insanlardır”.

Müsavat funksioneri hesab etmir ki, Azərbaycan hökumətinin siyasətinin arxasında xalqın dəstəyi dayanır. “Hakimiyyət dəstəyi mafiyalaşmış siyasətdən alır. Xalq heç bir halda 8 milyarddan artıq vəsaitin havaya sovrulmasını dəstəkləyə bilməz. Sadəcə, öz korrupsiya məqsədlərini xalqın adına yazmaq gülüncdür” – deyə Elman Fəttah fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərBaşqan müavini Ziyafət Əsgərova cavab verdi