”Baş verənlər söz və ifadə azadlığına növbəti təhdiddir”

Müsavat Partiyası bəyanat yaydı

Source:
Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli


Müsavat Partiyası bəyanat yaydı

Müsavat Partiyası “bastainfo.com” saytı ilə bağlı başlamış cinayət işini əsassız hesab edir. Partiyanın yaydığı bəyanatda deyilir ki, iyulun 7-də Baş prokurorluq “bastainfo.com” saytında dərc edilmiş məqalələrlə bağlı heç bir qanuni əsas olmadan CM 313-cü (bilərəkdən yalan məlumat yaymaq, vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi qaldırıb:

“İyulun 9-da “bastainfo.com” saytının baş redaktoru Mustafa Hacılı polis tərəfindən Bakı Şəhər Prokurorluğuna aparılıb və o, şahid qismində istintaqa cəlb edilib. Heç bir məhkəmə qərarı olmadan iyulun 10-dan Baş Prokurorluğun təqdimatına əsasən “bastainfo.com” saytına Azərbaycandan giriş bloklanıb.

Mustafa Hacılı 5 gün ərzində prokurorluqda şahid qismində dindirilib, istintaqın ikinci günü fasiləsiz olaraq 11 saat ərzində prokurorluqda saxlanılıb və bununla onun azadlığı faktiki olaraq məhdudlaşdırılıb”.

Bəyanatda daha sonra deyilir ki, iyulun 13-də və 14-də prokurorluq “bastainfo.com” saytı ilə əməkdaşlıq edən Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, Müsavat Partiyasının Məclis üzvləri Rüfət Baxışbəyli, Könül Alı, “bastainfo.com” saytının informasiya fəaliyyəti ilə heç bir əlaqəsi olmayan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Tural Hacıbəyli də prokurorluq tərəfindən istintaqa cəlb edilərək şahid qismində dindiriliblər.

“Müsavat Partiyası baş verənləri Azərbaycanda söz və ifadə azadlığına qarşı növbəti təhdid kimi qiymətləndirir. Müsavat Partiyası hesab edir ki, hakimiyyətin “bastainfo.com” saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi bu qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi daha da artırılmasına gətirib çıxarır.

Müsavat Partiyası siyasi hakimiyyətdən insanların fundafental hüquqlarına hörmətlə yanaşmağı, “bastainfo.com” saytına girişə qoyulan məhdudlaşmanın aradan qaldırılmasını Müsavat Partiyasının üzvlərinə və “bastainfo.com” saytının əməkdaşlarına qarşı təzyiqlərə son qoyulmasını tələb edir,”- bəyanatda vurğulanır.

İyulun 14-də yalan məlumat yaymaqda günahlandırılan daha iki saytın vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb. Bunlar “gununsesi.info” və “teref.info” saytlarıdır.

İyulun 9-da Baş Prokurorluq

məlumat

 yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Ana səhifəXəbərlər”Baş verənlər söz və ifadə azadlığına növbəti təhdiddir”