”Mətbuat Şurası qeyri-hökumət təşkilatı olduğundan bu məsələ qurumun səlahiyyətinə daxil deyil”
Qaynar.info saytının baş redaktoru Zahir Əzəmət Respublika Prokurorluğuna çağrılıb və birinci müavin Rüstəm Usubovla görüşüb.
O, bu barədə Meydan TV-yə bildirib ki, rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu qeyd edilmişdi: “Mənə deyildi ki, Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğum “Qaynar.info” internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Təəccüblüdür ki, monitorinqlə bağlı nə redaksiyamızda, nə də ki, qurumun rəsmi saytında hər hansı bir məlumat yoxdur. Məni Rüstəm Usubov qəbul etdi, danışıqdan anladım ki, çağırış bölgələrdəki etiraz aksiyalarının Qaynar.info saytında dərc olunması ilə bağlıdır. Guya, yaydığımız xəbərlər əsassızdır, hətta dərc olunan fotolar, videolar da real deyil, köhnə foto və video materiallar yaymışıq. Mətbuat Şurası heç bir aksiyanın olmadığını iddia edir. Halbuki, xəbərlər, foto və videiolar əksər qəzetlərdə, saytlarda, portallarda dərc olunsa da, bir neçə saytın fəaliyyətinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa şikayət olunub. Mənə məlum oldu ki, bizdən başqa basta.info, arqument.az saytlarından da şikayət olunub”.
Zahir Əzəmət hesab edir ki, Mətbuat Şurası qeyri-hökumət təşkilatı olduğundan bu məsələ qurumun səlahiyyətinə daxil deyil: “Əgər xəbərlər əsassız idisə, bizimlə əlaqə saxlayardılar, fotoları, videoları təqdim edərdik. İkinci, rəhbərlik etdiyim sayt bu cür xəbərləri yayarkən korrekt olub, zərərli tendensiyalara yol verilməsin deyə müəyyən video materialların dərcinə yol verməyib. Mətbuat Şurasının son 2 ayda bizdən Respublika Prokurorluğuna şikayət etməsi qərəzin və sifarişin olduğunun göstəricisidir. Çünki 10 illik fəaliyyətimizdə müstəqilliyimizi qorumuşuq, siyasi proseslərdə tərəf olmamışıq. Görünür, kimlərsə bizi tərəf olmağa təhrik edir. Cənab Usubov xəbərlərin çağrışçı olduğunu deyəndə, mən heç bir çağırışçılıqdan söhbət olmadığını söylədim. Təəssüf ki, Rüstəm müəllim bizi sona qədər dinləmədi. Amma qeyd etdim ki, tez-tez çağrılmağımız işimizi pozmağa yönəlib və aydın deyil”.