Baş redaktor həbs təhlükəsilə üzləşdiyini deyir

Mustafa Hacıbəyliyə xəbərdarıq olunub

Source: Архив


Mustafa Hacıbəyliyə xəbərdarıq olunub

“Basta.info” saytının baş redaktoru Mustafa Hacıbəyli həbs təhlükəsilə üzləşdiyini deyir. Onun sözlərinə görə, mayın 13-də Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə çağırılaraq, orada bu haqda xəbərdar edilib.

M.Hacıbəyli rəhbərlik etdiyi saytda 2018-ci ilin iyulunda Gəncədə icra başçısının güllələnməsi və ondan sonrakı olaylar, Mingəçevir Su Elektrik Stansiyasında partlayış nəticəsində bütün ölkənin işıqsız qalması haqda yazılara görə 2019-cu ilin yanvarında məhkum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 5 il 6 ay şərti cəza verilib. M.Hacıbəyli deyir ki, sözügedən yazıların linqvistik ekspertizasına görə xərclər də onun üzərinə qoyulub. 322 manatlıq ekspertiza xərcinin ödənilməsi də hökmdə əksini tapıb.

M.Hacıbəyli haqqındakı hökmlə razılaşmır, onun siyasi sifariş əsasında çıxarıldığını deyir. Hökmdən yuxarı instansiya məhkəmələrinə apelyasiya və kassasiya şikayətləri versə də, nəticə dəyişməyib.

“İcra və Probasiya şöbəsində də dedim ki, həmin hökm qanunsuzdur, bu, siyasi işdir. Ödəməyə pulum da yoxdur. Xəbərdarlıq etdilər ki, 5 gün ərzində ödənilməsə, inzibati qaydada həbs oluna bilərəm”, – deyə M.Hacıbəyli bildirib.

Azərbaycan qanunvericiliyinə görə, məhkəmə qərarlarının icra olunmamasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

2018-ci ilin iyulunda Gəncə hadisələrindən sonra Baş Prokurorluq bu mövzuda məlumatlar paylaşan bir sıra informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü açıqladı. Ardınca bir sıra saytların rəhbərləri, o cümlədən M.Hacıbəyli cinayət məsuliyyətinə cəlb edildi.

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu.

Amma o, ittihamları rədd edir, bildirirdi ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

Ana səhifəXəbərlərBaş redaktor həbs təhlükəsilə üzləşdiyini deyir