Baş Prokurorluqda mənzil satılır?

MTK-nın ünvanı prokurorluğun ünvanı ilə eyni göstərilir

Source: Report

Prokurorla qonşu olmaq istəyirsiniz? Problem yoxdur. Prokurorlar üçün dövlət hesabına tikilən binada münasib qiymətə ev ala bilərsiz. Kimdən? Respublika Prokurorluğundan. Təki pul olsun!

Əhmədli qəsəbəsində yerləşən İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 17 mərtəbəli bina ucaldılır. Yerli sakinlərin sözlərinə görə, bina 5-6 ildir ki, tikilir. Hələ təhvil verilməyən binanın adı da var: “Prokurorlar binası”.

“Bizim binanın arxasındakı bina prokurorluq işçiləri üçün tikilib. Çox gözəl binadı. Qəşəng tikiblər. Bu binanı 2010-cu ildən başladılar tikməyə, indi tikintisi dayanıb. Adi adamlara da satırlar, amma baha verirlər. Pəncərəsi dənizə baxanların kvadratmetri 1000 manat, dənizə baxmayanlarınkı isə 700 manatdı. Çox gec tikirlər. İndi iş getmir. Keçən payızdan dayanıblar” – qonşular belə deyir.

İndi iş dayanıb, pulları yoxdu

Qonşuların da tikinti layihəsinə öz iradı var. Prokurorluq binası onların dəniz mənzərəsinin qarşısını kəsib.

Binanın dövrəsində dörd dolanırıq. İnşaatı hansı şirkətin aparmasına dair heç bir bildirişə və elana rast gəlmirik. Tikinti sahəsinə daxil oluruq, binada iş getmir, bircə fəhlə də görünmür. Gözümüzə bir nəfər dəyir.  Bu səbəbdən ona yaxınlaşırıq. O, binanı “İnter İnşaat Servis” MMC-nin tikdiyini deyir:

“İşə yaxın günlərdə başlanılacaq. İndi iş dayanıb, pulları yoxdu. Satılıq evlər də var. Buranın sahə müvəkkilinin nömrəsini verim, onunla danışın. Bütün suallarınıza cavab verəcək. Prokurorluq üçün olsa da, adi adamlara satırlar”.

 Prokurorluq işçilərinin gözünü yolda qoyan bina prezident İlham Əliyevin imzaladığı fərmandan sonra gündəmə gəlib. Dəqiq desək, 2008-ci ildə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, mülki işçilərin maddi təminatının yaxşılaşdırılmasına dair fərman imzalanır. Həmin fərmana görə, 2009-2011-ci illərdə prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan məqsədlərdən olub. Fərman və prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illəri əhatə edən dövlət proqramı baş prokurorluğun rəsmi elektron səhifəsində də dərc olunub. Proqram qəbul olunduqdan sonra Milli Məclisdə müzakirə edilib. Deputatlar prokurorluq işçilərinin sosial şəraitlərinin yaxşılaşdırılması barədə də danışıblar.

Təsisçi Eldar Sultanovdur

Xətai rayonunda,  Sadıqcan küçəsi ilə İlqar Zülfüqarov küçəsinin kəsişməsində tikinti üçün yer də ayrılıb. Bundan sonra prokurorluq işçilərini Baş Prokurorluğa yığıb, dekabrın 4-ü 2009-cu ildə "Qayğı" Mənzil Tikinti Kooperativi (MTK) yaradılıb. Püşkatma yolu ilə MTK-ya sədr Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov seçilib. Vergilər Nazirliyinin saytında kooperativin həm hüquqi təmsilçisinin, həm də təsisçilərindən birinin Eldar Sultanov olduğu göstərilib.

Hüquqi ünvan isə hazırda Bərdə rayon prokuroru olan Fəxrəddin Məmmədovun Bakı şəhərində qeydiyyatda olduğu ünvandı – Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan küçəsi, ev 5, mənzil 121. “Qayğı” MTK-nın təsisçiləri – Mübariz Əhmədov (baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri), Mahir Tağıyev (Hüquq üzrə fəlsəfə doktoru, dosent), Rəşad Mansurov, Qəzənfər Bayramlı (İdarə rəisinin müavini, ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, baş ədliyyə müşaviri), Maarif Hüseynov (Cəbrayıl rayon prokuroru), Fəxrəddin Məmmədov (Bərdə rayon prokuroru).

get_img.jpg
Vergilər Nazirliyində ”Qayğı MTK”nın Eldar Sultanova aid olması.

Mətbuatda bu haqda gedən yazıların birində belə bir hissə var. “Qayğı” MTK-nın Beynəlxalq Bankda hesabı açılıb və evsiz prokurorluq işçiləri hər kvadratmetrə görə 450-470 manat həmin hesaba aybaay pul ödəyirlər. Üstəlik, mənzilə görə ödənilməli olan ümumi məbləğin 30 faizinin də əvvəlcədən köçürülməsi tələbi qoyulub: “Məcbur qalıb həmin pulu da ödədik. Aylıq ev pulunu 2009-cu ildən bu yana ödəyirik. Amma bugünə kimi ev ala bilməmişik. Pulumuzu geri də istəyə bilmirik. İstəyənlər “qara siyahı”ya salınır", – adının çəkilməsi təhlükəsizlik baxımından  mümkün olmayan prokurorluq əməkdaşlarından biri

belə deyir

”.

get_img (1).jpg
”Qayğı MTK”nın inşa etdiyi 3-otaqlı yeni tikili, Xətai ray., 136 m².

Əlaqə saxladığımız keçmiş prokurorluq işçisinin həyat yoldaşı (adının açıqlanmasını istəmir) alacaqları mənzilə aybay pul ödədiklərini bildirdi. Mənzil sahibi olmaq istəyən xanım sonuncu dəfə 4000 manata yaxın vəsaiti prokurorluğa apardığını dedi.

Binanın hələ hazır olmadan satışını elə “Qayğı” MTK reallaşdırmağa başlayıb. Belə ki, satış bir neçə il bundan əvvəl planlaşdırılıb. Həmin binada sahəsi 136 kvadratlıq olan mənzil 95 000 manat civarında qiymətləndirilib. Bu haqda isə top.az saytında pulsuz elanlar bölməsində yazılıb. Mənzillərin hər kvadrat metri isə 650-700 manat civarında dəyərləndirilib.

Qeydiyyat Respublika Prokurorluğunda aparılır

Binanın satışında alıcılara kömək edən sahə müvəkkili Seyfulla bəyin sözlərinə görə, dəniz mənzərəli üçotaqlılar artıq satılıb:

“Üçotaqlılar yoxdur, dənizə baxan tərəf, şəhərə baxan tərəf var. İkiotaqlılar “skvoznoydur” hər iki tərəfə baxır. İkiotaqlılar 117 kvadratdır, üçotaqlılar 137 kvadrat. 700 manatdır kvadratı. 160 mənzildir, 110-nu prokurorlar özlərinə götürüblər, 50 mənzili bizə veriblər – tikinti şirkətinə. Qeydiyyat üçün Respublika Prokurorluğuna gedirsən. Orada şöbə var, qeydiyyatdan keçirsən, pulunu ödəyirsən onlara, sənədini alırsan əlinə. Burada elə bir problem yoxdur. 10-12 mənzil qalıb”.

Şahin adlı şəxsin telefon nömrəsini verib “müdirimizdir, Şahin Qafarov. O, sizi Respublika Prokurorluğuna aparar. Binanı “İnterstroyservis” tikir. Bina göz qabağındadır, gəlib baxa bilərsiniz. İlin axırına təhvil verməliyik, ola bilsin, bir-iki ay yubanma olsun” – deyir.

“İnter İnşaat Servis”, yoxsa “İnterStroyServis”?

İnternetdə qarşımıza bir məhkəmə sənədi çıxdı. Məhkəmə Vergilər Nazirliyinin “İnter İnşaat Servis” MMC-yə qarşı iddia ərizəsinə əsasən baş tutub. İddia ərizsəində hər iki MMC-nin adı yer alıb. “İnter İnşaat Servis” MMC-nin həyətində “İnter Story Servis” MMC-nin obyekti fəaliyyət göstərir. Ünvan isə eynidi: Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişdiyi 2942 A saylı məhəllədəki obyekt – prokurorlar binasının özü.

Vergilər Nazirliyinin hüquqi şəxslər üzrə olan reyestr bilgilərinə görə, “İnter Story Servis” MMC 4 dekabr 2006-cı ildə qeydiyyatdan keçib. Hazırda hüquqi nümayəndəsi İmaməli Eldar oğlu Musayevdi (Keçmiş hüquqi nümayəndəsi Məzahir Zöhrab oğlu Mütəllimov olub- müəllif). Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi 136, mənzil 10 olduğu bildirilir. Reyestrdə olan iki informasiyanın axtarışının nəticəsi – İmaməli Musayevin vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulub, şirkətin hüquqi ünvanı isə mövcud deyil. Daha doğrusu, nə zamansa mövcud olmuş hüquqi ünvan uzun illər öncə sökülüb və küçənin sonuncu sırası 134-dü. Bunu Nərimanov Rayon İcra Hakimiyyətinin 1643 saylı “qaynar xətt”i də təsdiq etdi. “Qaynar xətt”in əməkdaşı bildirdi ki, Məsud Əlizadə küçəsi 32 saylı MİS-in nəzdindədir və həmin küçənin 136-cı sayı və orada olan mənzil artıq yoxdu. Nə vaxtsa olub və sökülüb. Şirkətin telefonları da yoxdu. Onun adına qeydiyyatdan keçən telefonlar sıradan vətəndaşların mənzilləridir.

“İnter Story Servis” MMC Baş Prokurorluqdan öncə dövlət satınalma layihələrində də iştirak edib. Əsasən Meliorasiya və Su Təsərrüfatı İdarəsinin və Metropolitenin sifarişlərini gerçəkləşdirib.

Özümüz tikib, özümüz satırıq

Bina tikintisi Dövlət Proqramında da əks olunub, 250 mənzilli binanın tikintisindən danışılır. Baş Prokurorluğun 2009-cu ildə verdiyi tender elanında isə 160 mənzilli binanın tikintisindən söz açılır. Mətbuatda bina ilə bağlı gedən yazılara Baş Prokurorluq reaksiya verib. Həmin reaksiyada qeyd olunur ki, prokurorluq işçiləri üçün Bakı şəhəri ərazisində İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 17 mərtəbəli 208 mənzilli yaşayış binalarının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti 0,59 ha torpaq

sahəsi ayırıb

.

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Meydan TV-yə deyir ki, bina investisiya ilə deyil, prokurorluq işçilərinin şəxsi vəsaitləri hesabına tikilir:

“Dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb. Bina şəxsi vəsaitimiz hesabına tikilir və bizim daxili işimizdi. Burda araşdırılmalı nə var? ”

E.Sultanov binanı “İnter Story Servis” MMC-nin tikdiyini təsdiqləyib:

“Bu, sirr deyil. “İnter Story Servis” adlı şirkət tikir. Prokurorluq işçiləri kooperativ yaratdılar. Mənzillərin hər kvadratmetrinin dəyəri müəyyənləşdi, kooperativə üzv qəbul olunan kooperativ işçiləri aldıqları mənzil üçün aldıqları əmək haqqından vəsait köçürürlər və bununla da bina tikilir. Bir kvadrat metri 480 manatdan qiymətləndirilib”.

Prokurorluq əməkdaşı deyir ki,  satışda qiymət fərqlidi.

Qanun qadağan etmir

Hüquqşünas Xalid Bağırov deyir ki, əslində MTK üzvlərinin öz binalarındakı mənzilləri satışa çıxarması qanunla qadağan edilmir: «MTK hüquqi şəxsdir, o da mülki münasibətlərin iştirakçı ola, sata, ala, xidmət göstərə və sifariş verə bilər. Lakin MTK digər hüquqi şəxslərdən fərqli olaraq, üzvlərini müəyyən məqsəd üçün birləşdirən təşkilat olduğu üçün mülki münasibətlərə də yalnız üzvlərin razılığı ilə girir. Nəzərə alsaq ki, MTK-lar üzvlərini yaşayış mənzillərinin yerləşdiyi binaların öz hesabına tikintisi üçün yaradılır, belə birliklər həmin binaları inşa etmək üçün podratçı şirkətlə müqavilə bağlaya bilər. Bu xidmətə görə həmin şirkətə haqq ödənməlidir. Ola bilsin, bir çox MTK üzvünə sərf etsin ki, onlar tikiləcək binanın layihəsində üzvlərə lazım olandan artıq mənzil nəzərdə tutmaqla, podratçı şirkətlə naturada hesablaşsın. Bunda hüquqi problem yoxdur. Amma o da mümkündür ki, bu hüquqa uyğun prosedur altında koorupsiya əməliyyatı gizlənmiş olsun. Bəzi MTK-lar, dövlət qurumlarının dəstəyi ilə yaradıldığından, onların yaradılmasında və podratçı şirkətlərin seçimində şəffaflıq olmadığından bəzi vəzifəli şəxslər müəyyən məbləğdə pulun yuyulması və ya mənimsənilməsi imkanından yararlana bilərlər».

Eldar Sultanov isə deyir ki, mənzillər prokurorluq işçiləri tərəfindən alınmadığına görə bu addımı atıblar:  “Biz 160 mənzildən 50 mənzili kooperativin ümumi yığıncağının qərarı ilə verdik tikinti şirkətinə. Müəyyən şərtlər daxilində, təbii ki. Mən hələ şərtləri açıqlamamışam. Evlər hədiyyə verilməyib. Orada hər hansı qanun pozuntusu yoxdu. Torpaq – binanın tikintisinə ayrılan sahə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən Baş Prokuroluğun daimi istifadəsinə verilib”.

Satışın Baş Prokurorluqda gerçəkləşdirilməsinə gəlincə, qurum sözçüsü prosedurun prokurorluqda deyil, “Qayğı” MTK-da həyata keçirildiyini söylədi.

MTK-nın ünvanı isə Prokurorluğun yaydığı tender elanında Nigar Rəfibəyli küçəsi 7 göstərilib. Ünvan prokurorluğun ünvanı ilə eynidi.

Hüquqşünas Xalid Bağırov
Hüquqşünas Xalid Bağırov

Yüzlərlə şirkətin borcu var

Hüquqşünas Xalid Bağırovun fikrincə, belə MTK-ları təsis edən qurumların həmkarlar təşkilatları bu məsələlərlə məşğul olmalıdır: “Onların rolu da MTK-ların yaradılmasına maddi-texniki yardım etməkdən ibarət olur. Təsis edilib qeydiyyatdan keçdikdən sonra MTK-lar hüquq münasibətlərin müstəqil subyektləri olur. Onların fəaliyyətinə yaradılmasına yardım etmiş qurumlar müdaxilə edə bilməzlər. Əgər MTK tikiləcək binadakı bəzi mənzilləri tikinti işlərinin xidmət haqqı olaraq podratçı şirkətə verməklə bağlı razılaşıbsa, onda həmin mənzillər barədə sərəncam vermək hüququ da podratçı şirkətə aiddir”.

“Qayğı” MTK-nın həmtəsisçisi E.Sultanova “İnter Story Servis” MMC-nin vergi borcu olduğunu söylədikdə, o, hazırda yüzlərlə şirkətin borclu olduğunu dedi: “İmaməli Musayevi, ümumiyyətlə, tanımıram. Qalan sualları şirkətə verin”.

“İnter Story Servis” MMC-nin dövlətə olan borcu 59 min 206 manat olub.  Vergilər Nazirliyinin son amnistiya qərarı ilə isə həm “İnterStroyServis”in (14 min 3 manat), həm də “İnter İnşaat Servis” MMC-nin (91 min 795 manat) borcu silinib.

«Adətən hər kəs vergi borcu olan və ya maliyyə vəziyyəti stabil olmayan kommersiya qurumları ilə əməkdaşlıqdan yayınır. Belə şirkətlər birgə iş qurmaq üçün etibarlı tərəfdaş hesab olunmurlar. Kommersiya fəaliyyəti sübyektlərin öz riski ilə hərəkət etdiyi fəaliyyət növüdür. Belə münasibətlərin seçiminə qanun müdaxilə etmir. Kriminal baş verməyincə, hər kəs kommersiya əməkdaşlığının seçimində sərbəstdir. Ola bilsin ki, pis maliyyə durumuna düşmüş bir şirkətlə əməkdaşlığı gözə alıb, həmin şirkətin maliyyə vəziyyətini düzəltməyə şərait yaratmaq istəsin» – deyən hüquqşünas bildirir ki, bu halda belə suallar yaranır:

«Nəzərə alsaq ki, podratçı şirkəti tapan və onunla rəsmi sazişi imzalayan MTK-dır, bu, MTK üzvlərinin ümumi yığıncağının rəsmi qərarı ilə baş verir. Ola bilsin, üzvlər podratçı barədə, ümumiyyətlə, lazımi qədər məlumatlandırılmasın və ya podratçının seçimində MTK üzvlərinin iştirakı formallıq səviyyəsinə endirilsin».

X.Bağırov deyir ki, əgər iddia edildiyi kimi, həmin mənzillər prokurorluqda satılırsa, o zaman koorupsiya sxemi barədə danışmaq olar: “Yəni podratçı şirkətlə MTK-nın yaradılmasına kömək etmiş dövlət orqanı arasında hansısa əlaqələr mövcuddur”.



Müəllif: Müstəqil jurnalist Aytən Fərhadova

Ana səhifəAraşdırmaBaş Prokurorluqda mənzil satılır?