Baş Prokurorluq kimləri beynəlxalq axtarışa verib: “Siyahı açıqlanmalıdır”

Kamran Əliyev. Foto: Azərtac

Deputat: “İstintaq sirri vaxtı çatmadan açıqlanmır”

Oktyabrın 12-də Baş prokuror Kamran Əliyev 2020-ci ildə Gəncənin raket atəşinə tutulmasını əmr edənlərin və icraçıların müəyyən edildiyini bildirib.

Kamran Əliyev həmin adamların axtarışa verildiyini söyləsə də, fikrini konkretləşdirməyib:

“Gəncə terroru ilə bağlı 3 cinayət işi başlanılıb, bu hərbi-siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub. Həmin şəxslər beynəlxalq axtarışa verilib”.

“Biz onları hər yerdə, harada olduqlarından asılı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”,-Kamran Əliyev belə deyib.

Deputat Elman Məmmədov Meydan TV-yə deyib ki, Gəncəyə raket atılması əmrini Ermənistanın hərbi-siyasi rəhbərliyi verib.

Ancaq deputat ad çəkə bilməyəcəyini əlavə edib:

“Yəqin, istintaqa məlumdur. Elə məsələlər var ki, istintaq sirri olduğundan vaxtı çatmadan açıqlanmır”.

Deputat Elman Məmmədov
Elman Məmmədov. Foto: “Report”

“Araik Arutunyan siyahıda varmı?” sualına deputatın cavabı belə olub: “Araik Arutunyan birmənalı olaraq Azərbaycan xalqına və dövlətinə qarşı terrorçuluq və separatçılıq törədənlərin siyahısında var. Amma prokurorluğun siyahısında olub-olmadığını deyə bilmərəm”.

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov isə deyir ki, Kamran Əliyevin açıqlamasına dəqiq izah vermək çətindir:

“Kamran Əliyevin dediklərindən belə başa düşülür ki, axtarışa verilənlər siyasi göstəriş verən və hərbi tapşırığı icra edənlərdir. İlk baxışdan ağıla gələn odur ki, Kamran Əliyev separatçıların rəhbərini nəzərdə tutur. Amma həmin dövrdə raketlərin Dağlıq Qarabağdan yox, Ermənistandan atıldığı haqda rəsmilər tərəfindən iddialar səslənmişdi. Bütün hallarda prokurorluq bu cür müəmmalı açıqlamalarla cəmiyyəti ötüşdürməməlidir. Əgər beynəlxalq axtarışa verilibsə, istənilən tərəf “İnterpol”a müraciət edib, məlumatı əldə edə bilər”.

“Biz yalnız gümanlarımızı səsləndirə bilərik. Gümanlara görə, Arutunyan başda olmaqla o zaman Ermənistanın müdafiə naziri Tonoyan və başqaları da axtarışa verilə bilər. Deməli, istintaq yekunlaşıb ki, axtarış elan olunub. Əgər Baş prokuror da bu barədə danışırsa, o zaman siyahını da açıqlamalıdırlar”, – deyə Akif Qurbanov bildirib.

O, əvvəlki təcrübələri nəzərə alaraq şübhə edir ki, bu dəfə də real addımlar atılmayacaq:

“İstər Neft Akademiyasında, yaxud başqa terror aktları ilə bağlı çoxsaylı şübhəli və qondarma axtarışlar elan olunub, amma ardı gəlməyib. Hətta məhkəmə araşdırmaları da olsa belə, məhz sifarişçinin və icraçının dəqiq həmin şəxslər olmasına dair cəmiyyətdə xeyli etimadsızlıq formalaşdı. Bir növ hökumət bu cür işləri nəyinsə üzərinə qoymaq, hansısa vasitələrlə etiraf etdirmək üzərindən sürdürməyə çalışdı. İndi eyni halın olacağı şübhəsi ortalıqdadır. Əgər prokurorluq şübhələrin olmamasını istəyirsə, konkret hansı cinayət işlərinin açıldığını və kimlərin təsirli bilindiyini ortalığa qoymalıdır. Çünki prokurorluq və digər güc orqanlarının apardığı istintaqlarda hökumətə lazım olanda, ictimaiyyətə dərhal məlumat verilir. Hətta təqsirsizlik prezumpiyası pozulsa, yaxud istintaq sirri olsa belə, adlar açıqlanıb”.

Akif Qurbanov
Akif Qurbanov, Foto: Akif Qurbanovun şəxsi arxivindən

Onun fikrincə, hökumət real addımlar atmaq istəmir, əks təqdirdə, başqa problemlərə gətirib çıxaracaq:

“Hökumətə daxili auditoriyanı ötüşdürmək daha rahatdır, nəinki başqa tərəflərlə münasbətləri tənzimləmək… Çünki daxili auditoriya nəzarətində olduğundan istədiyi kimi yola verir”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəsmisi Kənan Zeynalov Meydan TV-nin mövzu ilə bağlı şifahi suallarını cavablandırmayıb.

O bildirib ki, suallar yazılı şəkildə təqdim edilməlidir. Lakin suallar yazılı şəkildə təqdim ediləsə də, qurum cavab verməyib.

2020-ci ilin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri Gəncə şəhərində əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub.

Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Ana səhifəSiyasətBaş Prokurorluq kimləri beynəlxalq axtarışa verib: “Siyahı açıqlanmalıdır”