Baş Prokurorluq “Kanal 13”ə xəbərdarlıq edib

Foto: Əziz Orucovun şəxsi arxivindən

“Xəbərdarlığa əsas olan materiallar kanaldan yığışdırılıb”

“Kanal 13″ internet televiziyasının rəhbəri Əziz Orucova Baş Prokurorluqda xəbərdarlıq olunub. Bu barədə Meydan TV-yə Əziz Orucov özü məlumat verib.

O bildirib ki, sentyabrın 22-də kanalın fəaliyyətilə əlaqədar Baş Prokurorluğa çağırılıb, orada izahat verib.

İddia olunub ki, “Kanal 13″də Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucov isə bu iddia ilə razılaşmır. O bildirib ki, “Kanal 13″ün fəaliyyətində məqsəd cəmiyyəti informasiya ilə təmin etməkdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında qanunun tələbinə əsaslanaraq, Əziz Orucova xəbərdarlıq olunub.

Baş Prokurorluq
Foto: Azərtac

Baş Prokurorluqdan onu da bildiriblər ki, xəbərdarlığa əsas olan materiallar kanaldan yığışdırılıb.

Əziz Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı. Bu cəza bitdiyi gün – iyunun 1-də onun barəsində cinayət işi başlanmış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılıb.

Əziz Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.

Ana səhifəSiyasətBaş Prokurorluq “Kanal 13”ə xəbərdarlıq edib