Vəkil: ”Aytac Əhmədovanın hüquqlarının müdafiəsinə Avropa Məhkəməsində nail olacağıq”
“Jurnalist Aytac Əhmədovanın Meydan TV ilə əməkdaşlığına görə 16 sentyabr 2015-ci il tarixdə BMCMİ tərəfindən saxlanılması, qanunsuz axtarış və kompüterinin götürülməsi, BMCMİ-də saxlanılan zaman işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalması barədə baş prokurora etdiyimiz şikayət üzrə cinayət işinin başlanılması rədd edilib”.
Bu barədə məlumatı jurnalistin vəkili Zibeydə Sadıqova öz Facebook səhifəsində yayıb.
Onun sözlərinə görə, həmin qərar qanunsuz və əsassız olduğundan məhkəməyə şikayət veriləcək: “Şikayətimiz təmin olunmadığı təqdirdə Aytac Əhmədovanın hüquqlarının müdafiəsinə Avropa Məhkəməsində nail olacağıq. Həmin qərarda göstərilir ki, Aytac Əhmədovadan götürülmüş kompüter avadanlığı AR Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəzifə səlahiyyətlərindən sui-istifadə olunaraq külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirilib dövlətin qanunla qorunan manafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması faktına dair Meydan TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 192.2.2., 213.2.2., 308.2-ci maddələri ilə ibtidai istintaqı aparılan 152006048 nömrəli cinayət işi üzrə araşdırılır”.