Vəkillər istintaq sirrini yaymaqda və siyasiləşməkdə günahlandırılırlar
Baş prokurorun birinci müavini Rüstəm Usubov 4 vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib. Müraciətdə Nemət Kərimli, Əsabəli Mustafayev, Aqil Layiç və Fəxrəddin Mehdiyevin adı var.
Bu barədə Meydan TV-yə vəkillərin özləri məlumat veriblər.
Nemət Kərimlinin sözlərinə görə, R.Usubov şikayətində bildirib ki, vəkillər “ictimaiyyəti çaşdıran” məlumatlar yayır:
“Mənimlə bağlı şikayət həbsdəki jurnalist Əfqan Muxtarlının və Müsavat Partiyası başqanının müşaviri Tofiq Yaqublunun cinayət işi ilə bağlıdır. Söhbət adları çəkilən şəxslərin işləri ilə bağlı açıqlamalardan gedir. Amma Rüstəm Usubovun təqdimatında fakt yoxdur. Mən noyabrın 16-da Vəkillər Kollegiyasının İntizam Komissiyasında oldum, izahat istədilər. Bildirdim ki, sübut təqdim edilmədiyi üçün bu məsələyə münasibət bildirməyi artıq hesab edirəm”.
Əsabəli Mustafayev isə AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili olduğunu və bu səbəbdən də şikayət edildiyini bildirib:
“Guya vəkil kimi siyasiləşmişik və istintaq sirrini yayırıq. Bununla bağlı Vəkillər Kollegiyasında izahat vermişik, belə bir hal olmadığını qeyd etmişik”.
Vəkil Aqil Layiç isə deyir ki, onun və Fəxrəddin Mehdiyevin adı Cahangir Hacıyevin işi ilə bağlı hallandırılır:
“Təəssüf ki, Respublika Prokurorluğu səmimi deyilən fikirlərə əhəmiyyət vermir. Mən prokurorluqda oldum və onlara həqiqəti söylədim. Guya “Ovqat.az” saytının redaktoru Heydər Oğuza istintaqla bağlı məlumat vermişəm. Halbuki onun yazısından xəbərsiz olmuşam, heç bir məlumat verməmişəm. Jurnalist səhv məlumat verib. Əgər məlumatı kimdən aldığını yazıda verməyibsə, onun hüququdur ki, bunu açıqlamasın. Bu, Azərbaycanın qoşulduğu Avropa Konvensiyasında və yerli qanunvericilikdə təsbit olunub. Təəssüf ki, nəinki mənbə açıqlanıb, üstəlik səhv məlumat verilib. Digər bir məsələ də odur ki, Cahangir Hacıyevlə bağlı məhkəmə qərarı var və burada hansısa istintaq sirrindən söhbət gedə bilməz”.
Vəkil də Vəkillər Kollegiyasında izahat verdiyini bildirir.
Vəkillərdən şikayət əsasən onların Vəkillər Kollegiyasından uzaqlaşması ilə nəticələnir. Qanunvericiliyə əsasən, belə müraciətlərə görə vəkil rəsmi xəbərdar oluna, habelə Kollegiyadan kənarlaşdırıla bilər.
Bir müddət əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkil Yalçın İmanovdan, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi isə vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət etmişdi. Y.İmanov «Nardaran məhbusu» Abbas Hüseyninin işgəncə şikayətini ictimaiyyətə çatdırmışdı. Vəkildən şikayətdə isə iddia edilir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.
«O, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», – deyə şikayətdə yazılırdı.
Hakim R.Hüseynov isə bildirib ki, vəkil E.Sadıqov jurnalist Elçin İsmayıllının məhkəməsində süni olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusu görüntüsü yaratmaqla, prosesinin gedişatına mane olmağa cəhd edib.
Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili – Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.