Zakir Qaralov: “İctimaiyyət əmin olmalıdır ki, istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək”
“Leyla Yunusovanın cinayət işi ilə bağlı mütəmadi məlumatlar veririk. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, bu istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək”.
“Trend İA”-in məlumatına görə, bu barədə jurnalistlərə Baş prokuror Zakir Qaralov danışıb.
Z.Qaralov bildirib ki, istinqatın ilk günündən bu şəxslər onların özlərinin tələb etdiyi vəkillə təmin olunub: “Vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, hüquq və azadlıqları təmin olunur”.
Baş prokuror Leyla Yunusovaya qarşı zorakılıq törədilməsi məsələsinə də aydınlıq gətirib: “Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır. Dərhal ekspertiza keçirilib, heç kəsə xəsarət yetirilməyib”.
Baş prokuror jurnalistlərə açıqlamasında həm də NİDA-çıların prezidentə müraciəti haqqında suala cavab verib: “Həbsdə olan “NİDA”çıların əfvi prezidentin səlahiyyətində olan məsələdir. Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq”.