Hüquq müdafiəçisi Leyla Yunus, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və Milli Şuranın sədri Cəmil Həsənli həbsdə olan jurnalist Rauf Mirqədirovun atasının vəfatı ilə bağlı ailəsinin yanında olmasına icazə verilməsi üçün baş prokurorla görüş istəyib. Görüşdən imtina olunsa da jurnalist 7 günlük evinə buraxılıb.
Mayin 24-də saat 14-də Hüquq müdafiəçisi Leyla Yunus, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və Milli Şuranın sədri Cəmil Həsənli baş prokuror Zakir Qaralovla görüşmək üçün İdarənin qarşısına gəliblər. Onlar “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun atasının vəfatı ilə bağlı ailə üzvlərinin yanında ola bilməsinə imkan verilməsini istəyiblər. Lakin Prokurorluqdan bildirilib ki, Zakir Qaralov onlarla yalnız cədvəl üzrə müəyyən edilmiş qəbul günlərində görüşə bilər.
Leyla Yunus baş prokurora ünvanladığı müraciətində Rauf Mirqədirovun istintaq müddətində həbs qətimkan tədbirinin ləğv edilməsi və ya ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
Rauf Mirqədirovun 7 günlük evə buraxılmasına icazə verildiyi bildirilir. Jurnalistin atası Həbibulla Mirqədirovun dəfni saat 17-də olacaq və onun dəfn mərasiminədək gətiriləcəyi gözlənilir.
84 yaşlı Həbibulla Miqədirov mayın 23-də təxminən 7-8 nəfər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdaqəsinin əməkdaşlarının və onların gətirdiyi hal şahidlərinin qəfil onların mənzilinə gələrək axtarış aparmasından sonra səhhəti pisləşib. O, mayın 24-də səhər saatlarında vəfat edib.