Baş nazirin müavini də OCCRP-nin araşdırmalarından danışdı

”Azərbaycana qarşı böhtan atmağa o dərəcədə aludə olublar ki, Avropanın çox nüfuzlu qurumlarını çirkaba buladıqlarının belə fərqinə varmayıblar”

Source:


”Azərbaycana qarşı böhtan atmağa o dərəcədə aludə olublar ki, Avropanın çox nüfuzlu qurumlarını çirkaba buladıqlarının belə fərqinə varmayıblar”

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) tərəfindən hazırlanmış və Böyük Britaniyanın “Guardian” qəzetində dərc olunmuş

araşdırmalar

barədə AZƏRTAC-a danışıb.

Əli Əhmədov bildirib ki, Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının “sevimli” məşğuliyyətinə çevrildiyi heç kimə sirr deyil:

“Bu “məşğuliyyətin” müxtəlif yollarla və formalarda Azərbaycana çatdırılan “məhsulların” dinamikası onu deməyə əsas verir ki, burada böyük “fayda” var. Ona görə də “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin və “Guardian” qəzetinin fantaziyasının məhsulu olan və yenə də Azərbaycana və onun rəhbərinə böhtan atması ilə diqqəti cəlb etməyə çalışan yazıda son illərin məlum trendi baxımından qeyri-adi heç nə yoxdur: kiçik fərqlə eyni sifariş, eyni sifarişçi, eyni icraçılar (personallar dəyişsə də mahiyyət dəyişməyib). Lakin diqqəti cəlb etmək üçün “məhsula” yeni inqridiyentlər qatılması gərəkdir və bu zaman həqiqətən bütün çərçivələr aşılıb. Doğrudan da məntiq tükənən yerdə böhtan başlayır. Bu dəfə icraçılar (bəlkə sifarişçilər də) Azərbaycana qarşı böhtan atmağa o dərəcədə aludə olublar ki, Avropanın çox nüfuzlu qurumlarını çirkaba buladıqlarının belə fərqinə varmayıblar. Azərbaycana qarşı hazırlanan hesabatdan və yazıdan belə məlum olur ki, Avropa Şurası Parlament Assambleyası çox ciddi siyasi qərarlarını, yumşaq desək, hədiyyələr əsasında qəbul edir. Bu, həqiqətən AŞPA üçün çox ciddi ittihamdır və qurum onu həzm etməyə hazırdırmı? Lakin əsas məsələ bu ritorik sualda deyil. Əgər doğrudan da sözügedən hesabatda iddia olunduğu kimi, AŞPA 2013-cü ildə Azərbaycana qarşı qərəzli tənqidi hesabatı deputatlara verilən hədiyyələrə görə rədd edibsə, demək bu qurum Azərbaycana qarşı dəfələrlə qəbul etdiyi qərəzli və qeyri-obyektiv qətnamələri də maraqlı tərəfin verdiyi hədiyyələrə görə qəbul edib. Sağlam təfəkkürlə bu məntiqə qarşı çıxmaq, düşünürəm ki, mümkün deyil. Belə olan halda AŞPA-nın hansı qətnaməsinin ədalətli, əsaslı, obyektiv, hansının isə sifarişli olduğunu təyin etmək, sadəcə, qeyri-mümkündür. Hesabatın məntiqindən belə çıxır ki, Avropanın mötəbər qurumu bütünlüklə korrupsiyalaşıb”.

Baş nazirin müavininin qənaətincə, hesabatın və yazının müəlliflərinin əsas hədəfi Azərbaycan və onun gündən-günə müsbətə doğru dəyişən imicidir:

“Onların və onlar kimilərin bütün cəhdlərinə baxmayaraq bu və ya digər beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan beynəlxalq qurumların nümayəndələri ölkəmiz haqqında onlarda məqsədli şəkildə formalaşdırılmış stereotiplərdən xilas olmağa məcburdurlar. Son illərdə Azərbaycanda yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərin sayının artması sözügedən stereotiplərdən xilas olan beynəlxalq qurumların nümayəndələrinin sayının da hiss olunan dərəcədə artması ilə müşaiyət olunur və nəticədə Avropanın nüfuzlu təşkilatlarında ölkəmiz haqqında həqiqətləri bilən və açıq şəkildə onu dilə gətirən insanların sayı da çoxalır. Belə bir vəziyyət məlum dairələri ciddi şəkildə narahat edir və onlar çıxış yolunu bu cür insanları şantaj edərək həqiqətin yanında olmaqdan çəkindirməkdə görürlər. Bir neçə gün bundan əvvəl işıq üzü görmüş hesabatın və yazının əsl mahiyyəti və məqsədi məhz bundan ibarətdir: şantaj, qorxutmaq yolu ilə həqiqəti etiraf etmək istəyənləri susdurmaq və Avropa mətbuatında və ictimai rəyində Azərbaycan haqqında birtərəfli və qərəzli informasiyanın şəksiz hökmranlığını təmin etmək”.

O, iddia edir ki, yazı müəlliflərinin başqa bir və yenə də əsas sayıla biləcək məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycanın son zamanlar hiss olunan diplomatik, təbliğati və əsasən də hərbi üstünlüyü ələ almasından xoflanaraq ölkəmizə qarşı mahiyyət etibarilə ikinci cəbhə açmaqdır:

“Məqalənin ermənipərəstliyi şübhə doğurmayan müəlliflər tərəfindən hazırlanması və münaqişənin həll edilməsi istiqamətində Minsk qrupu həmsədrləri tərəfindən səsləndirilən optimist bəyanatlarla eyni vaxta düşməsi bu tezisin ciddi əsaslara söykəndiyini təsdiq edən dəlillərin yalnız bir qismidir. Yalan və böhtan heç bir mətbuat orqanına yaraşmır. Bunu illər boyu ad qazanmış “Guardian” qəzeti kimi mətbuat orqanı edirsə, bu, artıq böyük faciədir. Lakin görünür bu böyük faciənin arxasında həm də böyük maraqlar var. Özü də ciddi maddi dəyəri olan maraqlar”.

Prezidentin mətbuat katibi Azər Qasımov da “The Guardian” qəzetinin 2017-ci il 4 sentyabr tarixli nömrəsində “Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki” iddialarda adının çəkilməsinə münasibət bildirib.

Mətbuat katibi haqqında yazılanları absurd sayıb:

“Dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisini maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu tamamilə gülünc və qərəzli məlumatdır. Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar. Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır”.

Azər Qasımov

A.Qasımov hesab edib ki, bu cəhdlər nəticəsiz olacaq:

“Bütün bu səylər boş və mənasız məşğuliyyətdən başqa bir şey deyil. Fikrimcə, özünü ciddi mətbu orqan hesab edən istənilən kütləvi informasiya vasitəsi bu cür mənasız məlumatlara əsaslanan yazılar dərc etməməlidir”.

Ana səhifəXəbərlərBaş nazirin müavini də OCCRP-nin araşdırmalarından danışdı