Baş həkim: Gülalıyevin müalicəsinə təhkim olunan tibb bacılarına hər ay maaş verilir

O bildirib ki, həmin tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir

Foto: Meydan TV


"Onun normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün əlimizdən gələni edirik"

“Hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub. Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir”.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev Meydan TV-yə belə deyib.

O bildirib ki, həmin tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir: “Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir”.

Aprelin 26-da Oktay Gülaliyevin oğlu Təbriz Gülalıyev açıqlama verərək bildirib ki, atasına gündüz vaxtı baxan tibb bacılarına 3 aydır maaş

verilmir

.

Onlar mayın 1-dən Oktay Gülalıyevin müalicəsini davam etdirə bilməyəcəklərini bildiriblər.

Təbriz Gülaliyev bildirib ki, məsələ ilə bağlı tibb bacıları dəfələrlə TƏBİB-ə müraciət ediblər, ancaq müsbət cavab ala bilməyiblər. Buna görə də göstərilən müalicəni dayandırmaq məcburiyyətindədirlər: “Atama gecəboyu mən və əmim baxmalı oluruq. Əmim yaşlıdır və sağlamlığı ilə əlaqadar uzun müddət gecələr oyaq qaldığından çətinlik çəkir”.

Təbriz Gülalıyev deyirdi ki, atasının dərmanlarının alınması ilə bağlı da 5 aydır problem yaşayırlar, onlara heç bir dövlət qurumu yardım etmir: “Onsuz da atama lazım olan dərmanların alınmasında bəzi narahatlığımız var idi. Tibb bacılarının da bu şəkildə işdən getməsi vəziyyətimizi daha da ağırlaşdırır”.

Hüquq müdafiəçisi Oktay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub və o, başından ağır zədə alıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Oktay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.

O, oktyabrın 31-də "City Hospital"da əməliyyat edilib.

Gülalıyev noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Hüquq müdafiəçisi 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə isə onun Bakıya gətirildiyi açıqlanıb.

Oktay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib, ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşdıqlarını söyləyiblər.

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verib.

Sürücü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Ana səhifəSiyasətBaş həkim: Gülalıyevin müalicəsinə təhkim olunan tibb bacılarına hər ay maaş verilir