Bankların verdiyi kreditlərin 60 faizi istehlaka gedir

Foto: 13_Phunkod\shutterstock

Ölkədə kredit qoyuluşlarının təxminən 25 faizi dövlətə məxsus iki bankın – Azərbaycan Beynəlxalq Bankın və Azəri-Türk Bankının payına düşür.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il iqtisadiyyata yönəldilən ümumi kredit qoyuluşları 9,1 faiz artaraq 31,9 milyard manata çatıb. Artım tempinə görə dövlət banklarının kredit portfeli 10 faiz genişlənib. Belə ki, ötən il iki dövlət bankı tərəfindən verilən kreditlərin həcmi 7,8 milyard manat təşkil edib.

Lakin maliyyə təşkilatları arasında iqtisadiyyata ən çox vəsait özəl banklar tərəfindən yönəldilib. Özəl bankların kredit qoyuluşları 22,2 milyard manat olub ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 9,2 faiz artım deməkdir. Nəticədə özəl banklar kredit bazarının 69,5 faizinə sahibdir. Qeyri-bank kredit təşkilatlarının (QBKT) kredit qoyuluşları isə 1,8 milyard manat təşkil edib.

Mərkəzi Bankın məlumatlarına əsasən, vaxtı keçmiş kreditlərin həcmi 17 faiz artaraq 524,5 milyon manata yüksəlib.

Qeyd edək ki, bankların təqdim etdiyi kreditlərin orta faiz dərəcəsi 14 faiz olub. Milli valyutada verilən kreditlər üzrə orta faiz 15,4 faiz, xarici valyutada isə 5,8 faiz təşkil edib.

Ölkə üzrə ən aşağı orta faiz dərəcəsi paytaxt Bakı şəhərində qeydə alınıb – 12,7 faiz. Ən yüksək orta faiz dərəcəsi isə Dağlıq Şirvan iqtisadi rayonunda olub.

Ölkədə verilən kreditlərin təxminən 60 faizi istehlak xərclərinə yönəlib. Belə ki, ev təsərrüfatlarının kredit portfelindəki payı 2025-ci ildə təxminən 12 faiz artaraq 19 milyard manatı ötüb. İqtisadçıların fikrincə, kredit portfelinin böyük hissəsinin istehlaka yönəlməsi müəyyən risklər yaradır. Bu, əhalinin borclanma səviyyəsinin artmasına səbəb olur. Onların qənaətinə görə, iqtisadiyyatda kapital ehtiyacının investisiyalar hesabına deyil, borclanma yolu ilə ödənilməsi problemli kreditlərlə bağlı riskləri artırır.

Ticarət və xidmət sektoruna yönəldilən kreditlərin həcmi 4,4 milyard manat təşkil edib. 2024-cü illə müqayisədə ötən il bu sahədə 6,3 faiz artım qeydə alınıb. Nəqliyyat və rabitə sektoru üzrə verilən kreditlərin həcmi 18,2 faiz artaraq 2,2 milyard manata çatıb.Banklar tərəfindən inşaat və tikinti sektoruna 1,8 milyard manat, sənaye və istehsal sektoruna isə 1,7 milyard manat vəsait yönəldilib.

Mədənçıxarma və energetika (elektrik enerjisi, qaz və su) sektoruna ayrılan kreditlərin həcmi isə kəskin azalıb. Belə ki, 2024-cü illə müqayisədə bu sahəyə ayrılan vəsaitlər 11,7 faiz və ya 90,6 milyon manat azalaraq 684,1 milyon manat təşkil edib.

Ana səhifəXəbərlərBankların verdiyi kreditlərin 60 faizi istehlaka gedir