Milli Məclisdə növbəti ilin büdcə müzakirələri başladı
“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.
Bunu parlamentdə büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, Azərbaycanda əməkhaqlarının uçotu düzgün aparılmır.
Komitə sədri Azərbaycan banklarında faiz dərəcələrinin yüksək olduğunu da deyib:
“Dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var, onlardan biri də bizdədir. Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. Biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır. Yerli bankların təklif etdiyi kreditlərin illik faiz dərəcələrini azaltmaq üçün ümumi konsensusa ehtiyac var”.
Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki…
Spiker Oqtay Əsədov bildirib ki, 2018-ci ilin 9 ayı ərzində Azərbaycanın valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. O vurğulayıb ki, 2019-ci ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir:
“Büdcə xərclərinin 42 faizi bu proqramlar sayəsində xərclənəcək. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır. 2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq.
Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, yəni 32 faiz çoxdur”.
Büdcədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq.
Spikerin sölərinə görə, Vergi Məcəlləsində və digər qanunlarda prinsipial dəyişikliklər gözlənilir.
Samir Şərifov: “Proqnoz göstəricisi 2018-ci illə müqayisədə 768,5 milyon manat artıqdır”
Büdcə layihəsi ilə bağlı danışan maliyyə naziri Samir Şərifov deyib ki, “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 milyon manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub.
Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 milyon manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür:
“2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 milyon manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 milyon manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub”.
S. Şərifov qeyd edib ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 milyon manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 milyon manat proqnozlaşdırlır.
“Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 milyon manat məbləğində müəyyən edilib ki, bu, 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 milyon manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 milyon manat və ya 95,9% çoxdur.
Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib”.
Şahin Mustafayev “Tədiyyə 3,9 mlrd. dollar təşkil edəcəyi gözlənilir”
İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı və 3,9 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
Nazir bildirib ki, investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verir:
“İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə ümumilikdə 2,7 mlrd. manat investisiya yatırılması və 21 min yeni iş yerinin açılması planlaşdırılır”.
Nazir qeyd edib ki, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir.
“Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması gözlənilir”.
Güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır. O, 2019-cu ilin büdcə zərfində 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib.
Komitə sədri eyni zamanda qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir.
Deputat bildirib ki, Azərbaycanda turizm inkişaf edir.
“Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu baxımdan rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa, Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın”.
Əli Məsimli: “Elmə ayrılan vəsait iqisadi təhlükəsizlik sahəsinə ayrılmalı olan vəsaitdən 12 dəfə aşağıdır”
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli elm sahəsində çalışanların maaşlarının artrırılmasını təklif edib:
“Azərbaycan prezidenti səviyyəsində elmlə bağlı qəbul edilən xeyli sənədlər var. Həmin sənədlərdə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılmasının vacibdliyi vurğulanır. Azərbaycanda elmə ayrılan vəsait ÜDM-nin 0,16 faizini təşkil edir. Bu, iqtisadi təhlükəsizlik nöqteyi-nəzərdən həmin sahəyə ayrılan və ayrılmalı olan vəsaitdən 12 dəfə aşağıdır. Büdcədən isə cəmi 0,5 faiz elmə vasait ayrılır.
Əgər biz elmi inkişaf etdirmək istəyiriksə, elmin maliyyələşməsini sıfır trayektoriyasından çıxartmalıyıq. Nəzərə alsaq ki, təhsildə çalışanların əməkhaqları orta əməkhaqlarından 40 faiz, səhiyyədə çalışanların maaşları orta əməkhaqlarından 60 faiz, elmdə çalışanların da maaşları orta əməkhaqlarından xeyli aşağıdır.
Hesab edirəm ki, bu sahədə çalışanların əməkhaqları artırılmalıdır. Bu sahədə çalışanların maaşlarının orta əməkhaqqına çatdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var”.
Milli Məclisində 2019-cu ilin büdcə zərfinə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.
Müzakirələrdə Baş nazir Novruz Məmmədov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov və iqisadi bloka daxil olan digər hökumət üzvləri iştirak edir.
2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılacaq.
2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq. İndiyədək büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.