Bankların problemləri fonunda kölgədə qalan bank olmayan kredit təşkilatlarının vəziyyəti daha acınacaqlıdır
Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında ilk zərbəni bank sektoruna vurdu. Milli valyutanın 2015-ci ildə dollara nəzərən dəyərini 50% itirməsi bankların dayanıqlığını təhlükə altına aldı. Valyuta mövqeyinin düzgün idarə edilməməsinə görə banklar devalvasiyanın ilk günü milyonlarla itkiyə məruz qaldılar. Bu itki bankların kapitalını xeyli zədələdi və bankların bir çoxunda kapitala dair normativlər pozuldu. Bir-biri ilə əlaqəli olan əmanət və kredit bazarı son illərin əhəmiyyəti artımından sonra kiçilməyə başladı və hər ikisində neqativ tendensiya müşahidə edildi.
2014-cü ilin sonlarından başlayaraq cəmiyyətdə hakim olmuş devalvasiya qorxusu əhalini əmanət, bankları isə kredit siyasətində korrektələr etməyə sövq etdi. Əmanət bazarında bir tərəfdən sürətli dollarlaşma, digər tərəfdən əmanətlərin banklardan geri çəkilməsi tendensiyası kreditləşməni də dollarlaşma “virus”una yoluxdurdu. Bununla da təkcə əhalinin yox, həmçinin bankların sonrakı dövrlərdə başağrısına çevriləcək siyasətin əsası qoyuldu.
Devalvasiya qorxusu və əmanətlərin dollarlaşması bankları manat kreditlərini məhdudlaşdırmağa vadar etdi.
Elə bunun nəticəsi olaraq dollar kreditlərinin payı 2014-cü ilin sonlarındakı 27%-dən 50%-ə qədər yüksəldi. Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artdı və bu, onların ödənişinə mənfi təsir etdi, vaxtı keçmiş kreditləri stimullaşdırdı. Bankların da qara günləri elə bundan sonra başladı. Hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8,3%-dir ki, bu da son 12 ildən ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə – 1,5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir.
Bəzi banklara Mərkəzi Bank yardımlar etməklə onlara dəstək verməyə çalışır. Ancaq problemin dərinliyi hələ də qalmaqdadır. Dollarla götürülən kreditlərin qaytarılmasında ləngimələr bankların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. Bir tərəfdən kreditqoyuluşunun azalması, əmanətlərin geri çəkilməsi, digər tərəfdən də verilmiş kreditlərin geri qaytarılmaması bankların gəlirlərini azaltmaqla yanaşı, onları faktiki olaraq müflisləşmə həddinə gətirib.
Müstəqil ekspertlərin və iqtisadçıların, habelə bir sıra millət vəkillərinin müraciətinə rəğmən hökumət devalvasiya nəticəsində banklara və əhaliyə dəymiş zərəri hansısa formada kompensasiya etmək niyyətində deyil. Zaman ötür, yaranmış bank-müştəri qarşıdurması getdikcə daha da dərinləşir. Ölkənin maliyyə dayanıqlığı getdikcə risk altına düşür. Təkcə Beynəlxaq Bankın xilasına milyardlarla vəsait xərcləyən hökumət əhalinin (həm də bankların) problemini həll etmək üçün bir neçə yüz milyon manatı verməyə lüzum görmür. Yəqin ki Bank Standartın xilası üçün əlavə bir neçə yüz milyon tələb olunacaq. Ancaq proses bununla bitməyəcək. Digər banklar da çətin vəziyyətdədir. Bir sıra banklara qeyri-rəsmi olaraq kapitallarını artırmaq tələbinin qoyulması çıxış yolu deyil. Əmanətlərə 100% dövlət zəmanətinin verilməsi əmanət bazarını xilas edə bilmir. Əmanətlərin Sığortalanması Fondunda pul qalmayıb. Hansısa bank bağlansa əmanətçilərin pulunu dövlət verməli olacaq. Ya da əmanəti qaytarmamaq üçün Bank of Azerbaijan nümunəsində olduğu kimi bankları “ölü can”a çevirməli olacaqlar.
1. Maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması
– Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program – TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib.
Zərərli aktivlərin alınmasının mahiyyəti belədir ki, əvvəlcə, xüsusi dövlət şirkəti yaradılır. Sonra həmin şirkət tərəfindən alınacaq aktivlərin həcmi və proqrama cəlb ediləcək maliyyə təşkilatlarının siyahısı müəyyənləşdirilir. Prosesin əsas elementi alınacaq aktivlərin dəyərinin müəyyənləşdirilməsidir. Alış qiyməti balans dəyəri, bazar dəyəri və ya hər ikisinin orta səviyyəsi götürülə bilər. Alış əks hərrac (ən aşağı qiymətə alış) prinsipi ilə aparılır.
2. Rekapitalizasiya (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi)
– Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir. Rekapitalizasiya Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib.
sas antiböhran strategiyası qismində əksər ölkələr bankların səhmlərinin dövlət tərəfindən alınması siyasətinə üstünlük veriblər. Bu siyasət daha çox iri banklara, yəni bağlanması ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyini təhlükə altına ala biləcək maliyyə təşkilatlarına münasibətdə atılıb.
Rekapitalizasiya mexanizmi hər bir ölkədə özünəməxsus aparılıb. Məsələn, Böyük Britaniyada hökumət ən böyük banklara, Çində ən böyük bank olan Aqrar banka, Yaponiyada isə real sektoru maliyyələşdirən banklara dəstək göstərilib. Böyük Britaniyada dövlət tərəfindən dəstək kommersiya əsasında aparılıb və müvəqqəti xarakter daşıyıb.
3. Əmanətlərin sığortalanması.
Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb.
4. Digər öhdəliklərə zəmanət verilməsi (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası)
– Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararsı ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib.
dövlətin dəstəyi ilə bankın xarici investor tərəfindən alınması mexanizmi
də mövcuddur. Bundan başqa prudensial tənzimləmənin məhdudlaşdırıcı normalarını, aşağı likvidli istiqrazların daha liberal qiymətləndirmə formasını tətbiq etmək olar. Belə tədbirlər bir tərəfdən bankın kapitallaşmasını gəlirlər vasitəsilə artırmağa imkan versə də, digər tərəfdən bu, zəruri aktivlərin silinməsinin ləngiməsinə və əməliyyatların şəffaflığının azalmasına gətirib çıxara bilər.
Xarici ölkələrdə maliyyə sektorunda aparılan sağlamlaşdırma əməliyyatlarında əsas diqqəti cəlb edən məqamlardan biri zamandır.
Qlobal maliyyə böhranı baş verən andan bir neçə ay ərzində hökumətlər maliyyə sektorunu xilas etmək üçün xilasedici proqramlar hazırladılar. Azərbaycanda isə ilk devalvasiyanın vurduğu zərərdən ilyarım zaman ötsə də hökumət tərəfindən hələki hansısa kompleks tədbirləri özündə ehtiva edən xilas paketi yoxdur. Bir-iki bankı çıxsaq ümumilikdə kredit təşkilatlarının dəstəklənməsi addımları isə daha çox Mərkəzi Bank tərəfindən devalvasiyanın zərərlərini azaltmağa yönəlik epizodik təşəbbüslərdən ibarətdir. Bu təşəbbüslər təəssüf ki, bank aktivlərinin təsnifləşdirilməsi qaydalarının yumşaldılması, ehtiyat normalarının azaldılması ilə məhdudlaşır. Halbuki neft pullarının yaratdığı “parnik istiliyi”nə uyğunlaşmış banklarımız açıq hava şəraitində “donmağa” məhkumdurlar. Əvvəl Mərkəzi Bankın, sonrasa Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditləşməsinə dair qəbul etdikləri məhdudlaşdırıcı tədbirlər (məsələn, aylıq gəlirlərkə aylıq kredit ödənişi arasında asılılıq, istehlak kreditllərin faiz dərəcələrinə limit tətbiqi) və zamanında tətbiq edilməyən məhdudiyyətlər (məsələn, manatla gəliri olanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin qadağan edilməsi) bankların immunitetini daha da azaltdı.
Qeyd etməliyəm ki, bankların problemləri fonunda kölgədə qalan bank olmayan kredit təşkilatlarının vəziyyəti daha acınacaqlıdır.
Azərbaycanda bank sektoruna edilən dəstəyin narahatedici digər məqamı prosesdə şəffaflığın və açıqlığın olmamasıdır.
Beynəlxalq Banka dövlət büdcəsi hesabına edilən maliyyə yardımı qapalı şəraitdə aparılır. Bank Standartın sağlamlaşdırılması forması və mexanizmi hələ də cəmiyyətə məlum deyil. Mərkəzi Bank tərəfindən banklara verilən kredit dəstəyi haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. Bankların sağlamlaşdırılması prosesində Mərkəzi Bankla Palatanın səlahiyyət çərçivəsi tam aydın deyil.
Ümumilikdə Təcili Tədbirlər Paketi çərçivəsində bank sektorunun xilası üçün aşağıdakı addımların atılması məqsədəuyğun olardı.
-
Dövlətin iştirakı ilə Maliyyə Bazarlarında Sabitlik Fondu yaradılır və dövlət bankların səhmlərində müvəqqəti olaraq payçı qismində iştirak edir. Dövlət iştirakçılığı zamanla limitləşdirilməli, müəyyən müddətdən sonra (5-10 il) dövlət öz payını özəl sektoruna xeyrinə azaltmalıdır.
-
Bankların konsolidasiya prosedurlarının sadələşdirilməsi, konsolidasiya təşəbbüslərinin stimullaşdırılması üçün dövlət tərəfindən yardım və güzəşt paketinin təqdim edilməsi
-
Yerli bankların xarici maliyyə institutlarından cəlb etdikləri kreditlərə dövlət zəmanətlərin verilməsi
-
Banklarda hökumət depozitlərinin, o cümlədən Neft Fondunun vəsaitinin müəyyən hissəsinin depozit şəklində yerləşdirilməsi
-
Büdcə təşkilatlarının hesablarının banklar arasinda bölüşdürülməsi və onların uzunmüddətli və ucuz maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi
-
Milli valyutada cəlb edilmiş əmanətlərin sığortalanma faizlərinin 12%-dən 15%-ə yüksəldilməsi, belə əmanətləri devalvasiyadan qorumaq üçün indeksasiya sisteminin tətbiqi və əmanətlərin vaxtından əvvəl götürülməsinə bir müddət qadağa qoymaq
http://www.sei.az/news-1171.html