Banklar və bizimkilər

Zaminliklə şahidliyin fərqi

Source:

Bank kreditləri problemi bütün Gürcüstanı, xüsusilə də azərbaycanlıların sıx yaşadığı Marneulini xərçəng kimi bürüyüb. Burda insanlar rəsmən bankların əsrilərinə çevriliblər. Bu bölgədə problem ikqat ağırdır. Indi bunun səbəbini yazacağam.

Deməli, Marneuli demək olar ki, Gürcüstanda əhali başına ən çox bank fillialları və lonbardların oldugu rayondur. Hər kəsin qəbul elədiyi bir həqiqət var ki, Marneuli pullu, əhalisi varlı rayondur. Nəzərə alsaq ki, rayonun rəsmən əhalisinin 85% etnik Azerbaycanlılardır, o zaman məlum olur ki, bank kreditlərindən ən çox əziyyət çəkən də onlardır.

Problemin iki tərəfi var. Birincisi, əhalinin böyük qisminin sənəd işlərindən başı çıxmaması, gürcü dilini bilməməsi. İkinci də, bu bilgisizlikdən istifadə edərək, bankın insanları istismar etməsi. Üstəgəl, bunlara susan dövlət. Adını millət vəkili qoymuş amma xalqının haqqının tapdanmasına göz yuman deputatlar və yerli məmurlar.

Əhali o qədər sadəlövhdür ki, hər şey üçün kreditə girir. Qıza cehiz vermək üçün, qonşunun aldığı mebeldən almaq üçün, hamıda maşın var, onlarda niyə olmasın deyə hər şey üçün kreditə girirlər. Heç bir riski düşünmədən, evini, torpağını, mal-qarasını girov qoyur. Özündə olmayanda da qonşunun maşının, mal-qarasın göstərir. Bank məmurları deyirlər ki, biz çox vaxt belə adamların yalan dediyini bilirik, amma üstün vurmuruq. Onsuz da olan onlara olacaq, nəticədə onlar ödəyəcəklər krediti.

Daha pis olan şeylərdən biri də budur ki, insnalar çox vaxt qohum-qonşunu, dostu-tanışı özünə zamin göstərir. Bir-birilərinə deyirlər ki, mənə “şahid” dur. “Şahid” duran da anlamır ki, şahidliklə zamin durmağın arasında ciddi fərq var. Zamin duranda sən də məsuliyyət daşıyırsan, sabah o adam krediti ödəyə bilməsə, sən məcbur qalacaqsan ödəməyə. Bəzən belə də olur. Aylıq kredit verilməyəndə ya da gecikəndə, banklar düşür zamin duranın üstünə. Nəticədə də qonşu, qohum, tayfa davası başlayır.

Düzdür, bu da var ki, Azərbaycandakı kimi, kredit verilməyəndə, adam gətirib, kredit verməli olan adamı döydürmürlər.

Probemin daha bir ciddi tərəfi budur ki, əhalinin çoxu gürcü dilini bilmir. Buna görə də bankla aralarında olan anlaşmanı oxuya, şərtləri öyrənə bilmirlər. bilmirlər ki, faizi hansı şərtlərlə ödəyəcəklər: infilyasiyadan dolayı illik faiz, illik effektiv faiz yoxsa necə. Özləri dedikləri kimi, eləcənə imza atırlar və nəticədə bəəzn 3 faiz əvəzinə 25, bəzən də lap 40 faiz olur. Soruşanda da deyirlər ki, daha nə edək, imzalamışıq.

Nəticədə də bank qanlarını sorur. Hüquqi savadsızlıqdan dolayı bunu da bilmirlər ki, qanunla bankları məhkəməyə verə və anlamadıqları dildə imza atdıqları sənədin məhkəmə yolu ilə etibarsız sayılmasına nail ola bilərlər. Hətta təzminat da ala bilərlər. Banklar isə qanunsuz əməliyyata görə cəza ala bilərlər.

Maraqlı da budur ki, bankların vətəndaşın anlamadığı dildə onunla müqavilə bağlamasına dövlət göz yumur, Marneulinin yerli QHT-ləri bununla bağlı heç bir maarifləndirici tədbirlər keçirmir, insanları maarifləndirmirlər. Millət vəkilləri və məmurlar, xüsusilə də, etnik Azerbaycanlı məmurlar bu məsələni problem kimi qaldırmırlar. Həmişə sələmin günah olduğunu bağıran dini qurumlar da bu məsələyə laqeyddirlər.

Niyə? Bu məsələni gündəmə gətirməyin onlara xeyri yoxdur? Bəlkə icazə verilən sahələrdən kənara çıxmağa qorxurlar?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBanklar və bizimkilər